Modern.az

Vətən müharibəsinə görə diaspor üzvləri, media işçiləri mükafatlandırıla bilər

Vətən müharibəsinə görə diaspor üzvləri, media işçiləri mükafatlandırıla bilər

Diaspor

25 İyun 2021, 16:57

44 günlük Vətən müharibəsində hər kəsin bir arzusu var idi, torpaqlarımızın azad olunması. Hər bir azərbaycanlı qalibiyyət üçün öz sahəsi üzrə dayanmadan çalışırdı. Əsgərlərimiz ön cəbhədə, adi vətəndaşlar isə arxa cəbhədə...

Həm sevincli, həm də kədərli keçən həmin 44 gündə xaricdəki diaspor nümayəndələri də əllərindən gələni etdilər.

Azərbaycanın haqq səsini dünyaya çatdıran diaspor nümayəndələrinin də mükaftlandırılması mümkündürmü?

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov məsələ ilə bağlı fikirlərini Modern.az-la bölüşüb. O torpaqlarımızın geri qaytarılmasının diaspor nümayəndələri üçün əsl mükafat olduğunu qeyd edib:



“Qarabağımızın, Şuşanın, ata-baba torpaqlarımızın geri qaytarılmasından daha böyük mükafat ola bilməz. Bu mükafatı bizə müzəffər ordumuz verdi. Xaricdə yaşayan azərbaycanlılar torpaqlarımız azad olunana qədər utanc içərisində yaşayırdı, bu, heç kim üçün sirr deyil. Bu utancdan bizi azad edən ordumuzun qələbəsi hamımız üçün ən böyük mükafatdır.
Xaricdə yaşayan azərbaycanlılar diaspor cəbhəsində çox güclü mübarizə apardılar. Son illər ərzində Diasporla İş  Üzrə Dövlət Komitəsinin yaratmış olduğu koordinasiya mərkəzlərinin birgə hərəkəti xaricdə düşmənə qarşı mübarizə aparmağımız üçün yaxşı şərait yaratdı. Xaricdə Azərbaycana qarşı aparılan təxribat xarakterli informasiya müharibəsində də biz qalib gəldik. Çünki biz haqlı tərəf idik.

Xaricdə yaşayan azərbaycanlılar da Azərbaycan əsgərləridir. Diaspor üzvü  olaraq xarici ölkələrdə Azərbaycanı təmsil etmək bizim borcumuzdur, haqq mübarizəmizi hər zaman dəstəkləyəcəyik”.



Hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov da bu mövzuda fikirlərini bölüşüb:


“44 günlük Vətən müharibəsi zamanı hər kəsin öz vəzifəsi oldu. Əsgərlərimizin vəzifəsi döyüşdə iştirak etmək, arxa cəbhədə olanların vəzifəsi isə həqiqətləri dünyaya çatdırmaq idi. Vətən müharibəsi zamanı diasporun rolu əvəzsiz idi. Onlar da əllərindən gələni edirdilər. Müharibəni yalnız əsgərlər deyil, bütün xalq aparır. Bu səbəbdən diaspor üzvlərini də müharibənin iştirakçısı saymaq olar. Müharibə zamanı dəstəyini əsirgəməyən, əlindən gələni edən hər kəs mükafatlandırılmalıdır. Bu çox vacib bir amildir.

Xaricdə yaşayan gənclərimiz hətta ermənilərlə əlbəyaxa olub, həyatlarını təhlükəyə atırdılar. İndi də Azərbaycandan kənarda azərbaycançılığı yayırlar. Düşünürəm ki, bu cür hallar kənarda qalmamalıdır. Diaspor nümayəndələrini, gənclərimizi qiymətləndirmək çox vacibdir. Son olaraq media nümayəndələrimizin də bu sahədə etdiklərini unutmamalıyıq”. 


Mehri Qurban

Twitter
Sizə yeni tvit var
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar