Arxiv
26 İyun 2021, 16:47 | REPORTAJ
Bir şəklin tarixçəsi: BTR-i düşmənin BMP-si üstünə sürən gizir - Vətən müharibəsindən bir epizod

Bu il 26 İyun Silahlı Qüvvələr gününü Qəhrəman Ordumuzun sayəsində qələbə əhval-ruhiyyəsində qeyd edirik.


Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsini 10 noyabrda qələbə ilə yekunlaşdıraraq, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonlarını, Şuşa şəhərini, Tərtərin Suqovuşan və Talış qəsəbələrini, keçmiş Hadrut rayonunun bütün ərazisini, Xocavənd rayonunun böyük hissəsini Ermənistanın işğalından azad edib.

Modern.az saytının Bir şəklin tarixçəsi” rubrikasını bu dəfə 26 İyun Silahlı Qüvvələr gününə həsr edirik. Bu dəfə təqdim etdiyi fotoşəkil Vətən müharibəsinin gedişində lentə alınıb.

Zaman 2020-ci il sentyabrın 29-u... Məkan Tərtərin Talış kəndi istiqaməti..

Şəkildə gördüyünüz üstdəki BTR bizimkilərin, altdakı BMP-2 isə ermənilərindir.

Bu döyüş barədə Modern.az-a orada iştirak etmiş hərbçilərimiz danışıblar.

1353 adlanan yüksəklik Talış yaşayış məntəqəsinin əldə saxlanılması üçün böyük strateji əhəmiyyətə malik idi. Yüksəkliyi müdafiə etmək üçün polkovnik-leytenant Əfqan Abdurahmanovun (şəhid olub, Vətən Müharibəsi qəhrəmanı) rəhbərliyi ilə əsgərlərimiz müdafiə mövqeyi qurmuşdular, müxtəlif istiqamətlərdən yüksəkliyin mühafizəsi təşkil edilmişdi.


Sentyabrın 29-u günortaya yaxın düşmən qəfildən 1 tank, 1 BMP-2 və təxminən 30 nəfərdən artıq canlı qüvvə ilə hücuma keçir.


Kəhrilər (Kəhillər) xarabalığı yaxınlığında qanlı, əlbəyaxa döyüş başlayır. Düşmənin irəliləməsinə, zirehli texnikanın mövqeyimizə girməsinə imkan vermək olmazdı. İlk növbədə onlar sıradan çıxarılmalı, sonra canlı qüvvə məhv edilməli idi.

Əsgər Oruc İbişli yaxın məsafədən qumbaraatanla erməni tankını vurur. Xeyli irəli soxulmuş BMP-2 isə daha böyük təhlükə yaradırdı. Çıxılmaz vəziyyət  yaranmışdı. BMP-2-dən durmadan mövqelərimizə atəş açılırdı.


Zerehli texnika məhv edilməli idi, əks halda itkilərimiz çox olacaqdı. Bu ağır və təhlükəli vəziyyətdə müddətdən artıq xidmət edən hərbi qulluqçu, gizir Nəriman Atakişiyev böyük qərəmanlıq göstərdi. O, gözlənilmədən BTR-ə minərək, onu işə salıb tam sürətlə düşmənin zirehli döyüş texnikasına tərəf sürdü. Düşmənin BMP-2 maşınındakı heyət nəyin baş verəcəyini anlayana qədər gizirimiz idarə etdiyi BTR-i düşmənin döyüş texnikasının üstünə mindirdi və onun qülləsinin hərəkətini məhdudlaşdırdı. Bundan sonra hərbçilərimiz düşmən texnikasına doğru hər tərəfdən əl qumbaraları atdı. Qarışıqlıqdan istifadə edən polkovnik-leytenatlar Əfqan Əbdurahmanov, Soltan Məmmədov da mövqelərindən çıxaraq düşmən BMP-2-nə tərəf qaçıb "lyuk"dan içəri əl qumbaraları atdılar və beləcə içəridə olan düşmən əsgərləri məhv edildi. BMP-2-də ermənilərin 6 desantı, 1 sürücü, 1 tuşlayıcısı zərərsizləşdirildi.


Düşmən texnikasını sıradan çıxaran əsgər Nəriman Atakişiyev ağır yaralansa da, BTR-dən çıxıb xilas ola bildi. Daha sonra hərbi maşınların ikisi də partlayıb yandı.

Bu döyüşün ardından işğalçı ordunun əsgərləri geri çəkilməli oldu...

Azərbaycan Ordusu Vətən müharibəsindəki Zəfərlə 30 il öncəki məğlubiyyəti qələbəyə çevirdi. İndi hədəfdə üçrəngli bayrağımızı Xocalı, Ağdərə, Əsgəran, Xankəndidə dalğalandırmaqdır... Bu gün 103 il öncə Ordumuzu quran kişilərin arzu etdiyi güclü Silahlı Qüvvələrə sahibik. Bu ordu gec-tez növbəti hədəfinə də mütləq nail olacaq...



A.Qorxmaz

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv