Arxiv
27 İyun 2021, 13:30 | PARLAMENT
Unudulan deputatlar: Həyat yoldaşı və qızı qətlə yetirilən akademik - FOTOLAR

Modern.az saytı necə fəaliyyət göstərməsindən asılı olmayaraq, yaddan çıxan, unudulan keçmiş deputatları bir daha sizə xatırladır.

Bu məqsədlə də “Unudulan deputatlar” adlı rubrikamızda vaxtilə Milli Məclisin üzvü olmuş şəxslərdən bəhs edirik.

Rubrikamızda bəhs edəcəyimiz növbəti sabiq deputat Milli Məclisə Yeni Azərbaycan Partiyasının üzvü kimi seçilmiş Fəraməz Maqsudovdur.

Onu yəqin ki, bugünkü gənclər tanımır, amma yaşlı və orta nəsildən olanlar mərhum akademiki xatırlayırlar.

Alim, ictimai xadim, riyaziyyat elmləri doktoru, professor, Əməkdar elm xadimi, akademik Fəraməz Maqsudov  1992-ci ildə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Azərbaycanda hakimiyyət uğrunda açıq və fəal mübarizəyə səsləyən, onun hakimiyyətə qayıdışı üçün müraciətə imza atmış, Yeni Azərbaycan Partiyasının "qızıl fondu" elan olunmuş 91 nəfərdən biridir.

Fəraməz Maqsudov 1930-cu il martın 20-də Naxçıvan şəhərində doğulub. 1948-ci ildə Naxçıvan şəhər orta məktəbini, 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsini riyaziyyat ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. Universiteti bitirəndən sonra funksional analiz ixtisası üzrə Azərbaycan Elmlər Akademiyasının Fizika və Riyaziyyat İnstitutunun aspiranturasına qəbul olunub. 
1957-ci ildə aspiranturanı bitirən Fəraməz Maqsudov Fizika və Riyaziyyat İnstitutunun riyaziyyat bölməsinə kiçik elmi işçi vəzifəsinə qəbul edilib. 1959-cu ildə fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, 1974-cü ildə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcələri alıb.

1964-cü ildə Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda direktorun elmi işlər üzrə müavini, 1976-cı ildə direktoru vəzifəsinə təyin olunub.

O, 1976-cı ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1980-ci ildə həqiqi üzvü seçilib.

Riyaziyyatın və mexanikanın bir sıra sahələrində əldə etdiyi uğurlar onun beynəlxalq aləmdə də tanıdıb. 1983-cü ildə Fəraməz Maqsudovun rəhbərliyi altında mexaniklərin bir qrupunun nəhəng energetika sistemlərinin dözümlüyünün tədqiqi üçün işləyib hazırladıqları metod həmin dövrün ən yüksək mükafatlarından biri olan SSRİ Nazirlər Sovetinin mükafatına layiq görülüb.

F.Maqsudovun əsas elmi tədqiqatları funksional analiz, differensial tən­liklər və funksiyalar nəzəriyyəsi sahəsinə aiddir.

Akademik 1997-ci ildə ömrünün sonuna kimi Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsində çalışıb.


Onun elmi rəhbərliyi altında 100-dən artıq namizədlik və doktorluq dissertasiyası müdafiə olunub.


F.Maqsudov 300-dən çox elmi əsərin, 11 monoqrafiya və dərsliyin müəllifidir. Akademikin adı elm sahəsində bir sıra yenilklərin müəllifi kimi çəkilir. O, 5 müəlliflik şəhadətnaməsi və 2 patent alıb.


Akademik 1986-cı ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə yüksəkixtisaslı kadrlar hazırladığına və elmdə böyük nailiyyətlərinə görə “Xalqlar dostluğu” ordeni ilə təltif olunub. Bir sıra tətbiqi əhəmiyyəti olan məsələlərin həllinə görə ona 1994-cü ildə Hacı Zeynalabdin Tağıyev adına mükafat verilib. O, 2000-ci ildə Azərbaycanın “İstiqlal” ordeni ilə də təltif olunub.


Fəraməz Maqsudov 90-cı illərin əvvəllərində ictimai-siyasi həyatda fəal şəxslərdən biri idi. Ermənilər tərəfindən dağıntılara məruz qalan sərhədyanı rayonlara, kəndlərə kömək etmək və insanların yurd-yuvalarını tərk etmələrinin qarşısını almaq üçün Azərbaycanın bir qrup ziyalısı 1990-cı ildə Fəraməz Maqsudovun rəhbərliyi ilə "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətini yaratdılar. Fəraməz Maqsudov cəmiyyətin sədri oldu.


1992-ci ilin payızında 91 nəfər ziyalı o dövrdə Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyevə müraciət etdi, onu hakimiyyət uğrunda açıq və fəal mübarizəyə səslədi. Adları “91-lər” kimi xatırlanan həmin ziyalılardan biri də Fəraməz Maqsudov idi.


1993-cü ildə AXC hakimiyyətinə qarşı Surət Hüseynovun başçılığı ilə qiyam başlayanda Fəraməz Maqsudov bir sıra alimlər və ziyalılarla bərabər Gəncəyə getmiş, komissiyanın üzvü kimi orada məsələləri araşdırmışdı.

O, 1995-ci ildə 5 saylı Culfa-Ordubad seçki dairəsindən I çağırış Milli Məclisə deputat seçilib. O, parlamentə proporsional qaydada - Yeni Azərbaycan Partiyasının siyahısı üzrə deputat seçilmişdi.
Milli Məclisin Elm və təhsil məsələləri komissiyasının üzvü olan F.Maqsuov rus və ingilis dillərini bilirdi.

Akademik deputat mandatını 2000-ci ildə keçirilmiş seçkilərə kimi daşıdı.
 
F.Maqsudov Elmlər Akademiyasına mürəkkəb bir dövrdə rəhbərlik edib. Bu elə bir dövr idi ki, cəmiyyətin bütün sferalarını əhatə etmiş qarışıqlıq Azərbaycan elminə də təsirsiz ötüşməmişdi. 


Mərhum Heydər Əliyev Fəraməz Maqsudovu “Azərbaycan riyaziyyatçılar məktəbinin ən görkəmli nümayəndələrindən biri” adlandırmışdı.

“Fəraməz Maqsudov ona həvalə edilən bütün yerlərdə vicdanla çalışmış, öz əməyi, biliyi, istedadı ilə, yalnız və yalnız özünə məxsus olan xüsusiyyətləri ilə elmdə yüksəlmiş, elmimizi inkişaf etdirmişdir”,- Heydər Əliyev onun haqqında demişdi.

YAP-ın ya­ran­ması və formalaşmasındakı xidmətləri nəzərə alınan F.Maqsudov partiyanın Siyasi Şurasının üzvü də seçilmişdi.


Keçmiş həmkarları xatırlayırlar ki, Fəraməz Maqsudov riyaziyyatçı olsa da, ədəbiyyatı da çox gözəl bilirmiş, saatlarla şeir deyə bilərdi. 

Akademik evli idi, 2 qızı vardı.

Fəraməz Maqsudov 2000-ci ildə xərçəng xəstəliyindən vəfat edib, mərhum Fəxri Xiya­banda dəfn olunub.

Onun adı ölümündən 1 il sonra uzun müddət mətbuatın gündəmində qalmışdı. Buna səbəb 2001-ci ildə Fəraməz Maqsudovun Bakıdakı evinə edilən silahlı basqın olmuşdu. Həmin basqın zamanı mərhum akademikin həyat yoldaşı Yevgeniya, qızları Elmira və Tamella evdə olmuşdular. Nəticədə akademikin arvadı və kiçik qızı Elmira öldürülmüş, böyük qızı Tamilla isə yaralanmışdı. O zaman bu qanlı hadisə ilə bağlı bir çox versiyalar səsləndirilmiş, amma olayın gerçək üzü ortaya çıxmamışdı.

Mərhum akademikin dostu, sabiq deputat Eldar Səfərov onunla bağlı xatirələrində yazır ki, “Fərəməz müəllimin ürəyi pambıq kimi idi… Bir də görürdün ki, onu razı salmayacaq bir hadisə tövrünü tamam dəyişdi… o zaman əlləri ilə dizlərinə vurar, rəngi payız yarpaqları kimi saralıb-solardı. Bu zaman dərdləşməyə adam axtarırdı. Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahından məni bayıra çıxarar və daş plitələrin üstündə oturub, dağı arana, aranı dağa aparıb-gətirərdik”.

“Fərəməz müəllim dəqiq elmlərin mahir bilicisi olsa da, poeziyani da çox gözəl bilirdi. Yaddaşı elə iti idi ki, şeiri 1-2 dəfə oxuduqdan sonra əzbər deyirdi.  Azərbaycanın bütün guşələrini, elini-obasını sevərdi. Amma doğulub boya-başa çatdığı Naxçıvanın adı gələndə, elə bil, ona dünyanın ən böyük mükafatını ərməğan edirdin. Çox sevirdi o torpağı, onunla nəfəs alırdı…
Fərəməz müəllim adi adam deyildi. O, Azərbaycan elminə, xüsusilə dəqiq elmlərə böyük töhfələr vermiş görkəmli alim idi. Vətənin dar günündə qıraqda dayanmırdı, yüksək məziyyətlərə sahib bir ziyalı kimi həmişə hadisələrin mərkəzində olurdu”, - E.Səfərov yazır.

“O, unudulası şəxsiyyət deyildi. Allah heç kimi oğulsuz, övladsız, əqrəbasız eləməsin”,-deyə bildirən E.Səfərov Fəraməz Maqsudovla bağlı xatirəsində onun ömrünün son günlərinə də toxunub:

“YAP-ın qurucularından olan professor Əli Əlirzayev Moskva xəstəxanalarının birində xərçəngdən müalicə alan Fərəməz Maqsudovu yoluxmağa gedərkən gördüyü dəhşətli mənzərəni mənə danışdıqca, gözləri dolurdu. Üzünü tük basmış, danışmağa heyi qalmayan Fərəməz müəllim çarpayıda son günlərini sayırdı. Əli müəllim deyir: “Yaxınlaşıb əllərindən öpdüm, heç bilmədi… bu zaman məni hönkürtü, ağlamaq tutdu. Fərəməz müəllim sanki öz dunyasına qapılıb taleyi barədə düşünürdü. Qışqırdım ki, “Fərəməz müəllim, mənəm, Əlidir… Əli… Əlirzayev”…” 

Əli müəllim uşaqların harada olduğunu soruşanda… Fərəməz müəllim gözlərini açıb xeyli ona baxıbmış. Sonra hər gözündən bir damla yaş gələ-gələ “Bilmirəm Əli, hara gediblər. Bəlkə məni tək qoyub Belarusiyaya – qohumlarına dəyməyə gediblər…” - deyib. 


Məlum olur ki, doğrudan da belə olub; həyat yoldaşı (akademikin xanımı Yevgeniya belarus idi-red.) və qızı onu tənha atıb, qohumları yoluxmağa gedibmişlər…


Ay dünya, dünya… nə vəfasızmışsan! Bir həftə sonra Fərəməz Maqsudov gözlərini əbədi yumur. Bundan bir neçə ay sonra qana susamış vəhşi cinayətkarlar evə daxil olaraq, Fərəməz müəllimin həyat yoldaşının və qızının başını kəsirlər. Bax beləcə bir evdə, bir ocaqda həyat həmişəlik  sönür”.



Ə.Qafarlı

***

Həmçinin oxu:

Unudulan deputatlar - Erməni dilini bilən iqtisadçı...
Unudulan deputatlar - Kabinetində keçinən vitse-spiker - FOTO
Unudulan deputatlar: Qərbi azərbaycanlıların ağsaqqalı... 
Unudulan deputatlar - Fransanı hiddətləndirən professor: “Jak Şirak qudurub!”

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv