Arxiv
29 İyun 2021, 09:23 | ƏDƏBİYYAT
DAHİLƏR - Lev Tolstoy

(Başqa zamanda və başqa məkanda yaşayan Nizami Gəncəvi…)


Lev Nikolayeviç Tolstoy – böyük rus yazıçısı və filosofu. Maksim Qorkinin dediyi kimi, Tolstoy başdan-başa başqa bir dünyadır. Düşünürəm ki, Lev Tolstoy bizim Nizami Gəncəvi məzmununun 7 əsr sonra, başqa zamanda və başqa məkanda yaşamış bir formasıdır. Dünya boyda şəxsiyyət, dünya boyda istedad və dünyanı dəyişmək missiyası… Müasirləri onu yalnız böyük yazıçı kimi deyil, həm də bir filosof və mütəfəkkir olaraq qəbul edir, hətta rus xalqının peyğəmbəri hesab edirdilər.

Lev Tolstoy “Hərb və Sülh” və “Anna Karenina” əsərləri ilə dünya ədəbiyyatında roman janrının ən görkəmli nümunələrini yaratmışdır. XIX əsr rus cəmiyyətinin realist mənzərəsini canlandıran bu iki əsər dünya ədəbiyyatının yüksək zirvəsində qərar tutur. Tolstoy özünün əxlaqi-mənəvi əsərləri ilə (“Allahın səltənəti qəlbimizdədir” və s.) XX əsrin Mahatma Qandi və Martin Lüter Kinq kimi görkəmli şəxsiyyətlərinə ciddi təsir göstərmişdir.


Həyatı


Lev Nikolayeviç Tolstoy 9 sentyabr, 1828-ci ildə Tula quberniyasına bağlı Yasnaya Polyanada anadan olub. Onun ailəsi Rusiyanın ən qədim və aristokrat ailərindən biri idi, “Qraf” ali titulu daşıyırdı. Gələcək yazıçı 1844-cü ildə istəməsə də, Kazan universitetində Şərq dilləri və hüquq təhsili almağa başladı. Az sonra Tolstoy təhsilini yarımçıq qoyaraq, Qafqaza səfər etdi. 1853-cü ildə hərbi qulluğa girən Tolstoy iki il yarım, 1855-ci ilin payızına qədər orduda xidmət etmişdir.


1857, 1860 və1861-ci illərdə Avropaya səfər edən Tolstoy bu zaman həyatının geri qalanına təsir edən travmatik hadisə yaşadı. Dostu Botkinə yazdığı məktubda “Dövlətin qurama bir bir şey olduğundan və bundan sonra heç vaxt heç bir yerdə heç bir dövlətə xidmət etməyəcəyindən” bəhs etmişdi. Avropa səfərində Viktor Hüqo ilə qarşılaşmış yazıçı “Hərb və Sülh” əsərində “Les Miserables”in təsirinə də məruz qalmışdır. Tolstoy siyasi-fəlsəfi baxışlarında fransız anarxist Pyer Josef Proudhonun təsiri isə daha çox hiss edilir.


L.Tolstoy 23 sentyabr 1862-ci ildə özündən 16 yaş kiçik Sofiya Andreyevna Berslə evlənir. Bu evliliyi onun bioqrafları ədəbiyyat tarixinin ən bədbəxt evliliyi kimi təsvir edirlər. Qəhrəmanımın şəxsiyyətinə hörmət əlaməti olaraq, şəxsi həyatının detallarına varmıram...


Yaradıcılığı


Tolstoyun ilk hekayə və povestlərinin bir qismi Qafqaz həyatı ilə bağlıdır. Sonralar yazdığı məşhur “Kazaklar” və “Hacı Murad” povestlərinin və başqa əsərlərinin materiallarını da Tolstoy Qafqazda toplamışdır. 1854-cü ildə Tolstoy hərbi qulluq zamanı Sevastopola, döyüşən orduya göndərilir. Bu zamanı o, rus, bəlkə də dünya ədəbiyyatında müharibə səhnələrini ən düzgün, real təsvir edən gözəl “Sevastopol hekayələri”ni yazır.


1855-ci ildə L.Tolstoy tanınmış bir yazıçı kimi Sevastopoldan Peterburqa qayıdaraq “Ailə xoşbəxtliyi” əsərini çap etdirir. O, 1862- ci ildə “Yasnaya Polyana” adlı pedaqoji jurnal buraxmağa müvəffəq olur. 1863 - 1869 -cu illərdə “Hərb və sülh” romanı üzərində işləyir. Dünya ədəbiyyatında belə geniş planda yazılmış, bu qədər personajı olan kamil əsər tapmaq çətindir. G.Plexnov və A.Lunaçarski Tolstoy dühasını yüksək qiymətləndirmiş, onun “Hərb və Sülh” romanını dünya ədəbiyyatının şah əsəri saymışlar.


Fransız yazıçısı Qustav Flober "Hərb və Sülh"ü oxuyandan sonra böyük bir heyrətlə Turgenevə yazırdı: "...Necə bir sənətkar, nə dərin bir psixoloqdur! Bəzən əsəri mütaliə edərkən heyrətimdən qışqırırdım, əsərin mütaliəsi isə uzun zaman davam edir. Bəli, bu qüvvətli bir şeydir, çox qüvvətlidir!". Digər məşhur fransız Gi de Mopassan Tolstoyun "İvan İliçin ölümü" adlı əsərini oxuduqdan sonra demişdi: "Mən belə görürəm ki, bütün fəaliyyətim mənasız imiş, mənim on cildlik əsərlərimin qiyməti yox imiş..."


Yalnız Flober və Mopassan deyil, digər fransız yazıçısı Romen Rollan, İrlandiya yazıçısı, Nobel mükafatçısı Corc Bernard Şou, ingilis yazıçı, Nobel mükafatçısı Con Qolsuopsi, Avstriya yazıçısı və tənqidçisi Stefan Sveyq, eləcə də Tolstoyu "dünya vətəndaşı" adlandıran bir çox Avropa və Amerika yazıçıları hər zaman heyrət və məftunluqla Tolstoyun dahiliyindən bəhs etmişlər. Con Qolsuopsi isə "Hərb və Sülh" haqqında demişdir: "Bu günə qədər yazılmış bütün əsərlərin ən əzəmətlisidir".


"Hərb və Sülh" rus xalqının dahiyanə bir epopeyası, demək olar ki, rus " İlliada"sıdır. Bu əzəmətli əsər rus xalqının apardığı qəhrəmanlıq mübarizəsinin epik bir nəğməsi, ölməz bir dastanıdır. Romanı oxuyan zaman belə bir fikir formalaşır ki, əsərin əsas qəhrəmanı nə Andrey Bolkonski, nə Pyer Bezuxov, nə də Platon Karatayevdir. Bu böyük qəhrəman öz Vətənini Napoleon işğalçılarından igidliklə qoruyan və düşməni rus torpaqlarından, rus şəhərlərindən qovan, öz vətənpərvərliyi, əzmkarlığı, döyüşkənliyi ilə bütün Avropanı sarsıdan rus xalqı, rus insanıdır.


"Hərb və Sülh"də Borodino müharibəsi, partizan dəstələrinin fəaliyyəti, rus əsgərlərinin şücaəti, Rusiyanın müdafiəsi uğrunda aparılan böyük mübarizə unudulmaz səhnələrlə son dərəcə sənətkarlıqla canlandırılmış, əbədiləşdirilmışdir. Tolstoy “Hərb və Sülhü” dərin bir həyat sevgisi, xalqın qüvvətinə və qüdrətinə dərin bir inamla yazmışdır. Əsərdə Rusiyanın möhtəşəm təbiəti, gözəlliyi və rəngarəngliyi sanki dahi bir rəssamın əli ilə çəkilmişdir. Bal arılarının pətəkləri, onların fəaliyyəti elə ustalıqla təsvir edilmişdir ki,Vallah adam lap arıçı olmaq istəyir…


Lev Tolstoyun “Hərb və Sülh”dən sonra dünya şöhrəti qazanan əsəri “Anna Karenina” romanı (1873 - 1877) olmuşdur. O, 1880 - 1890-cı illərdə “İvan İliçin ölümü” (1884 - 86), “Xolstomer” (1885), “Kreyser sonatası” (1887 - 1889), “Sergi ata” (1898), “Cəhalət hökmranlığı” (1886), “Maarifin bəhrələri” (1891) əsərlərini yazmışdır.


Yeri gəlmişkən, Lev Tolstoy alman filosofu Fridrix Nitşenin “Fövqəlbəşər insan” ideyasına qarşı sərt etiraz səsini ucaldan müasirlərindən biri olub. O, yazırdı: “Nitşenin “Zərdüştün dedikləri”ni çətinliklə olsa da oxudum və əmin oldum ki, bu adam əsl dəlidir, sərsəridir. Insan həyatının və fikrinin ən müqəddəs əsaslarını inkar edir, özünü isə fövqəlbəşər, dahi hesab edir?! Vay o cəmiyyətin halına ki, belə bir müəllimi, filosofu var...”


Ömrünün altmış ilini bədii yaradıcılığa həsr edən və dünya ədəbiyyatında ən yüksək yerlərdən birini tutan Lev Tolstoy 1910-cu il noyabr ayının 20-də vəfat etmiş və anadan olduğu Yasnaya Polyanada dəfn edilmişdir.


Qalib ARİF

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv