Modern.az

Şəhid ailəsində konflikt - Medal kimə düşür: ata-anaya, yoxsa həyat yoldaşı və uşaqlara?

Şəhid ailəsində konflikt - Medal kimə düşür: ata-anaya, yoxsa həyat yoldaşı və uşaqlara?

Mədəni̇yyət

30 İyun 2021, 13:56

Modern.az saytına müraciət edən Vətən müharibəsi şəhidlərindən birinin xanımı (etik səbəblərdən adını yazmırıq-red.) ölkə başçısının sərəncamı ilə həyat yoldaşına verilən medalların ona deyil, döyüşçünün valideynlərinə təqdim olunmasından narazılıq edib.

Şəhid xanımı bildirib ki, verilən medal döyüşçünün ata-anasına yox, həyat yoldaşı kimi ona və ya uşaqlarına təqdim olunmalıydı. Belə məlum olub ki, şəhidi xanımı və uşaqları çoxdandır qayınata-qayınanadan ayrı yaşayır. Hazırda şəhid ailəsi bununla bağlı müvafiq qurumlara müraciət etmək haqda düşünür.


Bəs qaydalara görə, necə olmalıdır: medal şəhidin xanımı və uşaqlarına, yoxsa valideynlərinə verilməlidir?


Modern.az
-ın əməkdaşı bu məsələ ilə bağlı ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanovla danışıb.


Ş.Ramaldanovun sözlərinə görə, təqdimatlar zamanı zəhməti çox olan tərəfə üstünlük verilməlidir:


“Şəhidi ata və anası böyüdür, bütün zəhmətini onlar çəkir. Şəhid 10 ay, 1 il və  daha çox  müddətdə ailə qurmuş ola bilər, ancaq müqayisə etsək, ata və ananın zəhməti ölçüyəgəlməzdir. Təqdimatlar da zəhməti çox olan tərəfə verilməlidir. Ancaq qanunda belə bir şey yoxdur, mən şəxsi fikirlərimi səsləndirirəm.

Bizə də müraciətlər daxil olur ki, şəhidin həyat yoldaşı evi tərk edərək, ata evinə qayıdıb və medalların ona verilməsinin istəyir.
Şəhidin valideyini də deyir ki, “mən əziyyət çəkib oğul böyütmüşəm, təsəlli kimi medelları bizə qalmalıdır”. Müraciətlər zamanı biz də çalışırıq ki, ata və ananı üstün tutaq".


Hərbi ekspert deyib ki, yuxarıdakı fikirlər əsasən gənc ailələrə şamil oluna bilər. Çünki hansısa şəhidin övladı 18 yaşını tamam edibsə, artıq o, vərəsə sayılır və bu məsələdə üstün tərəfdir.


"Pul təminatı zamanı isə vəsait qanunla ata-ana və həyat yoldaşı arasında bölünə bilər. Ancaq medalı bölmək olmur ya valideyinlərə, ya da həyat yoldaşına verilməlidir. Bu məsələdə mənəvi dəyərlər də üstün tutulur. Həyat yoldaşı şəhidə hörmət edərək, onun valideyinlərini uca tutmalıdır. Şəhidin həyat yoldaşı onun ruhunun inciməməsi üçün buna etiraz etməli deyil”,- Ş.Ramaldanov əlavə edib. 

Humay İsgəndərova

Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar