Arxiv
1 İyul 2021, 10:22 | MÜSAHİBƏ
Deputat Sevinc Fətəliyeva: “AŞPA-da islahatlar aparılmalıdır” - MÜSAHİBƏ

Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası başa çatıb.  

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva yay sessiyasının fəaliyyəti, müzakirə olunan məsələlərlə bağlı Modern.az-a qısa müsahibə verib. Onunla söhbəti təqdim edirik:

- AŞPA-da Azərbaycan nümayəndə heyəti ölkəmizin maraqlarına cavab verən hansı məsələləri gündəmə gətirdi?

- AŞPA-da Azərbaycan nümayəndə heyəti müzakirəyə çıxarılan məsələlərlə bağlı hər zaman fəal mövqe ortaya qoyur. Nümayəndə heyətimizin üzvləri sessiyanın gündəliyində olan hər bir məsələyə münasibət bildirir, obyektiv mövqe nümayiş etdirir. Təbii ki, ən önəmli məsələ bu beynəlxalq platforma vasitəsilə Azərbaycan həqiqətlərini Avropa ictimaiyyətinə çatdırmaq və milli  maraqlarımızı müdafiə etməkdən ibarətdir.

Düşünürəm ki, təşkilatın yay sessiyası çox məhsuldar keçdi və biz ölkəmizi layiqincə təmsil edə bildik. Nümayəndə heyətimizin üzvləri budəfəki sessiyada da gündəlikdəki məsələlərlə yanaşı, regionda baş verən proseslər, Prezidenimiz cənab İlham Əliyevin uğurlu siyasəti, postmünaqişə dövründə mövcud durum, bundan sonrakı mərhələdə əlaqələrin inkişafı imkanları, erməni tərəfinin iddialarına cavab, pandemiya ilə bağlı qlobal mübarizədə Azərbaycanın töhfələri və s. haqqında çıxış edərək fikirlərini bildirdilər.

AŞPA-nın yay sessiyasında maraqlı müzakirələrdən biri də media azadlığı və ictimai etimad məsələsi ilə bağlı oldu. Bu barədə mən çıxış edərək, qeyd etdim etdim ki, Azərbaycanda bu gün medianın - ənənəvi, eləcə də sosial medianın rolu böyükdür. 44 günlük Vətən müharibəsi zamanı və ondan sonrakı proseslərdə media böyük rol oynadı.  Media reallıqları dünyaya çatdırmaqda, eləcə də informasiya mübarizəsində fəal oldu,  jurnalistlərimiz əsl həqiqətləri dünyaya vaxtında çatdırdılar. Ancaq baş verən hadisələrlə bağlı həqiqətləri dünyaya çatdıran jurnalistlərin həyatları təhlükə altına düşür. Həqiqi məlumatlar əldə etmək və reportaj hazırlamaq üçün Kəlbəcərə gedən iki azərbaycanlı jurnalist erməni minasının partlaması ilə həyatını itirdi. Bu məsələni, yəni jurnalistlərin həyatının təhlükə altında olması məsələsini sessiyada qaldırdıq. Əgər medianın şəffaf olmasını, məlumatların düzgün çatdırılmasını istəyiriksə, belə halların qarşısı alınmalıdır.

Demək olar ki, nümayəndə heyətimizin bütün üzvləri Ermənistanın mina xəritələrinin hamısını  təqdim etməməsini pislədi və bu davranışın növbəti hərbi cinayət olduğunu vurğuladı. Bu məsələdə beynəlxalq birliyin Ermənistana təzyiq göstərməsinin önəmi diqqətə çatdırıldı.  Bundan əlavə, sessiyada erməni deputatlarının əsassız iddiları tutarlı şəkildə cavablandırıldı.


-
Yay sessiyasının Azərbaycan üçün hansı mühim nəticələri oldu?
 

- Azərbaycan yalnız hazırkı yay sessiyasında deyil, AŞPA-nın bütün tədbirlərində maksimum dərəcədə fəal olmağa çalışır. Çünki bizim əsas vəzifəmiz hadisələrə, müzakirə olunan məsələlərə fəal və obyektiv münasibət bildirmək, dövlətimizin maraqlarını qorumaqdan ibarətdir.

Bu istiqamətdə də bütün səylərimizi, imkanlarımızı ortaya qoyuruq. Başa çatan yay sessiyası da bu baxımdan bizim üçün önəmlidir. Sessiya çərçivəsində aparılan müzakirələr zamanı biz erməni vandalizmini dünya ictimaiyyətinə çatdırılması üçün də imkanlarımızı səfərbər etmişdik. Deputatlarımızın bu barədə müxtəlif çıxışları oldu. Mən bu amili sessiyanın mühüm nəticələrindən biri hesab edirəm. Çünki bu faktların səsləndirilməsi nəticəsində Avropa ictimaiyyəti erməni vandalizmi ilə bağlı daha geniş şəkildə məlumatlandırılmış olur.

 

- Azərbaycan nümayəndə heyəti AŞPA-nın fəaliyyətindən razıdırmı?

 

- Azərbaycan bütün beynəlxalq təşkilatlarla, o cümlədən Avropa Şurası ilə konstruktiv əməkdaşlığa maraqlıdır. Azərbaycan demokratik dəyərlərə sadiqdir və bunu hər zaman həyata keçirdiyi siyasətlə sübut edib. Bilirsiniz ki, bu il Azərbaycanın bu mötəbər təşkilata üzv seçilməsinin 20 ili tamam oldu. Ötən illər ərzində Azərbaycan-Avropa Şurası münasibətləri müəyyən inkişaf yolu keçib. 

Biz bu dövrdə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin ifşa olunmasına, bu barədə təşkilatda müvafiq sənədlərin qəbul olunmasına çalışmışıq. Artıq biz bu ildən qalib dövlətin təmsilçiləri kimi AŞPA-da təmsil olunuruq və bununla qürur duyuruq.

Bizim AŞPA-nın fəaliyyətindən razı qalıb-qalmamğına gəlincə, təbii ki, bu qurumda da ikili standartlarla tez-tez rastlaşırıq. Çünki Azərbaycana qarşı ədalətsiz mövqe görürük, topraqlarımızı 30 ilə yaxın işğal altında saxlayan Ermənistana dəstəyin verilməsini müşahidə etmişik. Əlbəttə ki, belə hallar təəssüf doğurur. Çünki bütün bunlar Avropanın istinad etdiyi demokratik dəyərlərə ziddir. Ona görə də, hesab edirik ki, AŞPA-da islahatlar aparılmalıdır. Təşkilatda sağlam, ədalətli mövqedə olan qüvvələr də var. Onlar da islahatların aparılmasının tərəfdarıdır.

Lakin bütün hallarda, ikili standartlar, qərəzli mövqelər bizim mübarizə əzmimizə təsir etməyib və bundan sonra da etməyəcək. Biz  həmişə olduğu kimi bundan sonra da AŞPA çərçivəsində milli maraqlarımızın qorunması istiqamətində fəaliyyətimizi davam etdirəcəyik.

 

Aysel Məhərrəm

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv