Arxiv
1 İyul 2021, 11:38 | PARLAMENT
Unudulan deputatlar - Administrasiyada vəzifə verildi, iki dəfə həbs olundu, Prezident onu əfv etdi

Modern.az saytı necə fəaliyyət göstərməsindən asılı olmayaraq, yaddan çıxan, unudulan keçmiş deputatları bir daha sizə xatırladır.

Bu məqsədlə də “Unudulan deputatlar” adlı rubrikamızda vaxtilə Milli Məclisin üzvü olmuş şəxslərdən bəhs edirik.


Rubrikamızda bəhs edəcəyimiz növbəti sabiq deputat Milli Məclisə bitərəf olaraq seçilmiş Akif Muradverdiyevdir.

Akif Muradverdiyev adı qalmaqallı hadisələrdə hallandırılan sabiq deputatlardandı. O, 1995-2000-ci illərdə fəaliyyət göstərmiş I çağırış Milli Məclisin üzvü olub.

Yəqin ki, 90-cı illərin sonları və 2000-ci illərin əvvələrində cərəyan edən ictimai-siyasi prosesləri izləmiş şəxslər, habelə yaşlı və orta nəsil jurnalistlər mərhum prezident Heydər Əliyev dövründə yüksən vəzifələr tutan sabiq məmurları xatırlamamış olmazlar, o cümlədən də Akif Muradverdiyevi.

Akif Şəmsəddin oğlu Muradverdiyev 1948-ci il avqustun 24-də Ermənistanda anadan olub. Ali təhsillidir, iqtisad elmləri namizədidir. 1995-ci il noyabrın 12-də 22 saylı Binəqədi-Nəsimi seçki dairəsindən deputat seçilib. Milli Məclisin İqtisadi siyasət komissiyasının üzvü olub.
Evlidir, 3 övladı var.

1993-cü ildə Azərbaycanda baş verən hakimiyyət dəyişikliyi nəticəsində iqtidara Yeni Azərbaycan Partiyası gəldi. Həmin il ölkə prezidenti seçilən mərhum Heydər Əliyev tədricən mərkəzi icra hakimiyyəti orqanlarına öz kadrlarını gətirdi.

Akif Muradverdiyev Heydər Əliyev komandasının tanınmış üzvü kimi yüksək vəzifəyə - Prezident Administrasiyasına işlər müdiri olaraq gətirilmişdi. O, uzun müddət bu vəzifədə çalışdı - 12 il.

A.Muradverdiyevin ulduzu Heydər Əliyev dünyasını dəyişəndən sonra sönməyə başladı. Onu keçmiş səhiyyə naziri Əli İnsanova yaxın şəxs hesab edənlər də vardı. A.Muradverdiyevin “vurulmasında” Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin xüsusi rolu oynadığını iddia edən siyasi ekspertlər deyirlər ki, sabiq deputat Əli İnsanova yaxın olduğuna görə “boz kardinal”ın qəzəbinə tuş gəlib.

Akif Muradverdiyev iki dəfə həbs olunub. Birinci hadisə 2005-ci ildə baş verib. Onda Muradverdiyev Milli Məclisin üzvü deyildi, amma Prezident Administrasiyasında işlər müdiri kimi yüksək vəzifə tuturdu.

“Mən 12 il prezidentin işlər müdiri vəzifəsində işləmişəm. Prezidentin işlər müdiri yalnız dövlət başçısına tabedir. Belə olan halda mənim kiminlə incikliyim, intriqam, yaxud toqquşan maraqlarım ola bilərdi? Prezidentin təyin etdiyi vəzifəli səlahiyyət sahibləri ilə qarşılıqlı hörmətlə işləmişəm. Elə işləmişəm ki, qarşılıqlı münasibətə xələl gəlməsin. Mənə qarşı qisasçılıq münasibəti Prezident Administrasiyasındakı keçmiş həmkarlarımdan qaynaqlanmayıb. Onlarla münasibətim qısqanclığa səbəb olmayıb”,-deyə müsahibələrinin birində A.Muradverdiyev bildirib.

Siyasi ekspertlər deyirlər ki, A.Muradverdiyev Ramiz Mehdiyevdən qorxduğuna görə, həbs olunmağını onunla əlaqələndirməkdən çəkinib. 

O, 2005-ci ilin parlament seçkiləri ərəfəsində - ölkə başçısının 20 oktyabr 2005-ci il tarixli sərəncamı ilə Prezident Administrasiyasının işlər müdiri vəzifəsindən azad olunmuşdu. Ardınca sabiq səhiyyə naziri Əli İnsanov, eks-iqtisadi inkişaf naziri Fərhad Əliyev, “Azərkimya”nın sədri Fikrət Sadıqovla birgə dövlət çevrilişinə cəhddə ittiham olunaraq həbs edilmişdi.

O zaman əvvəlcə dövlət çevrilişinə cəhdə hazırlıq ittihamı ilə həbs edilən Muradverdiyev sonradan iqtisadi cinayətlərə görə 6 il azadlıqdan məhrum olunmuşdu.

Akif Muradverdiyev üç il həbsdə qaldıqdan sonra - 2008-ci il yanvarın 15-də Ali Məhkəmənin qərarı ilə sərbəst buraxılmışdı. Ali Məhkəmə onun cəzasını 5 il sınaq müddətli şərti cəza ilə əvəz etmişdi.

Onun adı bir də 2013-cü ildə gündəm oldu. Bu, onun ikinci həbsi idi.


Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Akif Muradverdiyevin saxlanmasına dair o zamankı məlumatında deyilirdi ki, sabiq deputat 2013-cü il iyunun 20-də Heydər Əliyev Beynəlxalq Hava Limanından Rusiya Federasiyasına aparmaq məqsədilə külli miqdarda dəyəri olan Çar Rusiyasına aid qədim qızıl pul sikkələrini qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirib.


Həmin tarixdə Akif Muradverdiyev Heydər Əliyev Beynəlxalq Hava Limanında Bakı-Moskva aviareysi ilə Rusiyaya uçmaq üçün Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən keçdikdən dərhal sonra Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb. Qanunvericiliklə müəyyən edilmiş qaydada hal şahidlərinin iştirakları ilə keçirilən baxış zamanı onun əlində olan çantasından külli miqdarda dəyəri olan - Çar Rusiyasına aid 40 ədəd qədim qızıl pul sikkəsi aşkar edilərək götürülüb. Həbs olunarkən onun üzərində olan 18 min dollar məbləğindəki pul da müsadirə edilib.


Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanmış. Akif Muradverdiyev təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdi.

2013-cü ilin iyun ayında tutulan Akif Muradverdiyev  Xəzər Rayon Məhkəməsinin həmin il dekabrın 13-də çıxardığı qərarla qaçaqmalçılıqda təqsirli bilinərək, 4 il azadlıqdan məhrum edildi. Bakı Apelyasiya Məhkəməsi 2014-cü il fevralın 12-də bu hökmü qüvvədə saxladı. Apelyasiya Məhkəməsinin hökmündən Ali Məhkəmə şikayət verilsə də,  Ali Məhkəmə də Apelyasiya Məhkəməsinin hökmünü qüvvədə saxladı.  

O zaman sabiq işlər müdiri oğlunun iş məsələsi ilə bağlı Moskvaya getmək istədiyini bildirmişdi.

Akif Muradverdiyev ikinci həbsində 16 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılırdı.

2013-cüildə MTN-nin təcridxanasında saxlanan Akif Muradverdiyev ölkə vətəndaşlarına müraciət etmişdi. “Azərbaycan Respublikasının prezidenti bu dövlətin simvoludur. Onu sevib hörmət etmək hər bir vətəndaşın borcudur” deyən sabiq o zamankı seçkilərdə İlham Əliyevə səs verməyə çağırmışdı.

A.Muradverdiyev bu dəfə 3 il həbsdə qala bildi. O, 2016-cı ildə Prezident İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncamıı ilə azadlığa çıxdı.

A.Muradverdiyev azadlığa çıxmazdan öncə əfv ərizəsi yazmışdı.

“Mən cənab prezidentə etdiyim müraciətlərdə istər dövlətimizə, istərsə də ölkə başçısına olan dəyişməz münasibətimi hər dəfə yazmışam”,-deyə o, əfv ərizəsi barədə danışarkən bildirmişdi.


Təqaüddə olan Akif Muradverdiyev “Azərbaycan nefti və kapital” adlı kitabın müəllifidir.


Ə.Qafarlı

***

Həmçinin oxu:

Unudulan deputatlar - Erməni dilini bilən iqtisadçı...
Unudulan deputatlar - Kabinetində keçinən vitse-spiker - FOTO
Unudulan deputatlar: Qərbi azərbaycanlıların ağsaqqalı... 
Unudulan deputatlar - Fransanı hiddətləndirən professor: “Jak Şirak qudurub!”
Unudulan deputatlar: Həyat yoldaşı və qızı qətlə yetirilən akademik - FOTOLAR

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv