Arxiv
1 İyul 2021, 15:25 | REPORTAJ
Yaşasaydı 33 yaşı olacaqdı - 5 yaşında Qarabağdan çıxdı, 32 yaşında qayıdıb ŞƏHİD OLDU

Bu gün – 1 iyul Vətən müharibəsində şəhid olmuş mayor Elsevər Paşayevin doğum tarixidir.

Modern.az-ın məlumatına görə, Elsevər Vaqif oğlu Paşayev 1 iyul 1988 - ci ildə Cəbrayıl rayonunun Qovşudlu kəndində anadan olub.

Elsevər 5 yaşı olanda - 1993-cü ildə ailəsilə birlikdə doğma torpağından - Cəbrayıldan didərgin düşüb.

1994-2002-ci illərdə Beyləqan rayonunun Milabad kəndində fəaliyyət göstərən Cəbrayıl köçkün məktəbində təhsil alıb.

2002-2005-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi liseydə oxuyub. 2005-2009-cu illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində (AAHM) ali hərbi təhsil alıb.

Ali hərbi məktəbi motoatıcı ixtisası üzrə bitirərək, 2011-2013-cü illərdə N saylı hərbi hissədə taqım komandiri, 2013-2018-ci illərdə bölük komandiri vəzifələrində xidmət edib.

E.Paşayev bir neçə xarici dil bilirdi.

Elsevər Əfqanıstanda Azərbaycandan gedən Sülhməramlıların komandiri olmuşdu. 2014-cü ildə NATO təlimində iştirak üçün Bolqarıstanda, 2015-ci ildə snayper atıcı kursunda iştirak etmək üçün Türkiyə Respublikasında olub.

2019-cu il Böyük Britaniya krallığında, Çexiyada, Almaniyada və 2019-cu ilin dekabrın 11-dən 2020-ci ilin iyulun 1-nə kimi Əfqanıstanda təlimlərdə iştirak edib.

Cəsur zabit 2016-cı ilin “Aprel döyüşləri”ndə də iştirak edib.

2017-ci ildə qüsursuz xidmətinə görə 3- cü dərəcəli medalla təltif olunub.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinin fəal iştirakçısı olub. Döyüş başlayan andan həmişə əsgərləri ilə öndə gedib.

Elsevər Paşayev döyüşlərə kapitan rütbəsində başlamışdı. 

Qibadlı döyüşlərində zabitimiz yaralanır. Az sonra Elsevər Paşayevə mayor rütbəsi verildiyi barədə xəbər çatdırılır.  Yaralı olmasına baxmayaraq, bu xəbərdən sevincini gizlədə bilmir.

Mayor Paşayev Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlıda gedən döyüşlərdə iştirak edib.

2020-ci il oktyabrın 20-də Qubadlı istiqamətində gedən döyüşlərdə ağır yaralanıb, 4 gün komada qalan komandir oktyabrın 25-i şəhid olub.


Şəhidimiz II Fəxri Xiyabanda dəfn olunub.

E.Paşayevin 2 qız övladı yadigar qalıb.

Beləliklə, 5 yaşında Qarabağı tərk edən Elsevər Paşayev 32 yaşında qayıdıb orada şəhid oldu.

Şəhidin həyat yoldaşı Xəyalə Paşayeva deyir ki, Elsevər hərb peşəsinə o qədər bağlı idi ki, hətta övladları ilə bərabər tuturdu. O, zabitimizin hər zaman Vətən həsrəti çəkdiyini, dogma torpaqlara yenidən ayaq basmağı arzuladığını, qisas hissi ilə alışıb-yandığını deyir.

Xəyalə xanımın sözlərinə görə, Elsevər Paşayeva mayor rütbəsi Qubadlının işğaldan azad edilməsində göstərdiyi şücaətə görə verilib.

“2020-ci ilin iyul ayında general-mayor Polad Həşimov Tovuz döyüşlərində şəhid olanda Eklsevər Əfqanıstan təlimlərindən yencə qayıtmışdı. Onda gedib Polad Həşimobvun məzarını ziyarət etdi. Soruşdum ki, sən generalı hardan tanıyırsan, cavab verdi ki, biz onunla “Aprel döyüşləri”ndə birgə iştirak etmişik”, - şəhid xanımı deyir.

Xəyalə Paşayevanın sözlərinə görə, Elsevər sonuncu dəfə ona 2020-ci il oktyabrın 18-də zəng vurub:

“Hələ bu zəngdən əvvəl xeyli mesaj yazmışdı ki, özündən muğayat ol, uşaqları qoru. Soruşurdum ki, niyə belə mesajlar yazırsan, deyirdi “həyatdı, hər şey ola bilər”. Müharibəyə gedəndə mənə demişdi ki, savaşdan ya qəhrəman kimi qayıdacaq, ya da şəhid kimi”.

Xəyalə Paşayeva deyir ki, Elsevər Ağcabədidəki xəstəxanada 4 gün komada qalanda, o da tibb müəssisəsinin həyətində gecə-gündüz dualar edib. Amma bu dualar zabitimizi şəhidliyə ucalmasının qarşısını ala bilməyib:

“Elsevər hər zaman əsgərinin önündə gedib. Onları çox istəyirdi, birinə nəsə olanda, özünə yer tapa bilmirdi. Buna görə bütün əsgərləri deyir ki, Elsevər onlar üçün təkcə komandir deyil, həm də qardaş olub”.

Xanımının sözlərinə görə, şəhid mayor hər zaman arzulayırmış ki, qızları böyüyəndə həkim olsunlar.

“Qızlarına çox bağlı idi. Amma mən çalışacam ki, qızları Elsevər kimi hərbi sahədə xidmət etsinlər, onun davamçıları olsunlar.
Mən fəxr edirəm ki, qızlarımın elə bir atası olub, qürurluyam ki, yoldaşım şəhiddir, qəhrəmandır”.

Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə, Prezidentin sərəncamları ilə mayor Paşayev Elsevər Vaqif oğlu ölümündən sonra “Qarabağ” ordeni, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", “Qubadlının azad olunmasına görə” medalları ilə də təltif edilib. 

2021-ci il yulun 1-də Qaradağ rayonu, Müşfiqabad qəsəbəsindəki köçkün şəhərciyində şəhidimizin ad günü münasibətilə büstünün açılışı olub.



A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv