Modern.az

Bakılılar günü uydurmadır - İçərişəhərli rəssam hiddətləndi - "Qədeş"lə "çuşka"nı qəsdən ortaya atmışdılar!

Bakılılar günü uydurmadır - İçərişəhərli rəssam hiddətləndi -

Mədəni̇yyət

1 İyul 2021, 15:58

Bu gün bəzi şəhər sakinləri 1 iyul tarixini Bakılılar günü kimi qeyd edirlər.

 

Bu tarix rəsmi statusa malik olmasa da, bəziləri belə bir günün olduğunu iddia edir, sosial şəbəkələrdə bir-birilərinə təbrik ünvanlayırlar.

 

Əslən bakılı olan tanınmış rəssam Mirteymur Məmmədov Modern.az-a deyib ki, Bakılılar günü ilə bağlı iddia açıq-aşkar bölücülüyə yönəlib:


“Mən hesab edirəm ki, Azərbaycanı rayonlar, şəhərlər üzrə bölgələrə bölmək olmaz. Əhalinin içərisində hər millətdən nümayəndə yaşaya bilər. Faktiki olaraq o, Azərbaycanda yaşayırsa, buranın da vətəndaşı hesab olunur. Bu bölgü məsələsi əslinə qalsa, orta əsrlərdən gələn bir ənənədir. Bir ayrı-seçkilik məsələsidir. Bu üsuldan Sovet dövründə də insanları bölmək üçün istifadə ediblər. Hətta rayonlularla danışılmadığı bir dövr də olub. Həmin dövrlərdə rus dili biləni savadlı insan sayırdılar. Bilməyənə isə “çuşka” kimi baxırdılar. “Çuşka” kəlməsinin kökü elə bu bölgə məsələsindən yaranıb. Xalqı bölmək onlara sərf edirdi. Çünki bölünən xalq çox rahat şəkildə idarə olunurdu”.


Mirteymur Məmmədovun sözlərinə görə, kiminki 3 nəsli Bakıda yaşayıb, o, bakılı sayıla bilər:

 

“Fikrimcə, 3 nəslin burada yaşayıbsa, artıq sən bakılı hesab olunursan. Şəhər 1870-ci ildə formalaşmağa başlayıb. Köhnə Bakı deyəndə İçərişəhər nəzərdə tutulur. Çünki 12-ci əsrdə I Axsitan oranı paytaxt seçib. Ən əsası isə Şamaxı dağıdıldıqdan sonra paytaxt Bakı olub. 12-ci əsrdən saymağa başlasaq, görərik ki, burada nəsil qalmayıb. Tanıdığım 1-2 nəfərdir. Onlar da şamaxılıdır. Ona görə də içərişəhərlilər, yəni bakılılar Şamaxı ləhcəsi ilə danışırlar. Onlar o biri ləhcə ilə danışmırlar.

 

Keçmişdə belə bir gün yox idi. İndi isə Bakılılar günü uydurulub. O zaman Şamaxı, Kürdəmir, Xaçmaz günü kimi bayramlar da qeyd edək? Bu düzgün deyil, açıq-aşkar bölgüdür. Mən azərbaycanlıyam. 1870-ci ildə Cənubi Azərbaycandan da türklərin Bakıya böyük axını olub. Onların hazırda hamısı özünü bakılı adlandırır. Çünki 3 nəsildən çoxdur ki, Bakıda yaşayırlar”.

 

Rəssam “qədeş” personajını ortaya çıxaranların bakılıları aşağılamağa çalışdıqlarını qeyd edib:

 

“Mən bakılıların hər birini adbad tanıyıram. Lakin adlarını çəkməyəcəm. Çünki onları sayarkən hansısa yaddan çıxa bilər, daha sonra inciyərlər. İçərişəhərdə olan nəsildən cəmi 6 nəfər qalmışıq. Bakılı mövzusunu demək olar artıq 50 ildir ki, izləyirəm.
Komlərsə bakılını kepkalı, əlində tesbeh və ya ayağında “şəpşəpi” təsvir edir. Bunlar hamısı bir karikaturadır. Vaxtilə İçərişəhərdə kimlərsə təsbeh, kepka və “şəpşəpi”li bir qədeşin heykəlini qoymuşdu. Bu cür personajları çıxarıb, təbliğ etmək düzgün deyil. Bu bizim özümüzə ləkə salır. Onu ortaya çıxaranların bizi niyə aşağılamağa çalışdıqları maraqlıdır. Əgər bizim Əliağa Vahid kimi sənətkarımız varsa, bu xalqı o şəkildə göstərmək düzgün deyil”.

 

Nəzrin Vahid

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı