Modern.az

Günümüzdə yaşanan su problemi: ikiqat bahalaşma və “FASİLƏSİZLİK”

Günümüzdə yaşanan su problemi: ikiqat bahalaşma və “FASİLƏSİZLİK”

İqtisadiyyat

2 İyul 2021, 09:44

Bahalaşan suyun fasiləsizliyi rəsmi qərarda iddia edildiyi kimi, niyə təmin olunmur?

 

Yay mövsümü başlayandan Bakının su problemi qabarmağa başlayıb. Xüsusilə Bakətrafı qəsəbələrdə 24 saat su alan ərazilər qrafiklə su almağa başlayıb, qrafiklə su alan ərazilərdə isə təzyiq aşağı salınıb. Tarif Şurası sonuncu dəfə su tariflərini DƏYİŞDİRƏNDƏ (bahalaşdıranda-red.) bunun fasiləsizliyin təmin olunması məqsədi daşıdığını açıqlamışdı. Amma yay gələndən abonentlər nə su görür, nə fasiləsizlik...

 

Məsələ ilə bağlı “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllı Modern.az-a problemin olduğunu təsdiqləyib. Və su çatışmazlığının əsas səbəbkarının israfçı vətəndaşlar olduğunu vurğulayıb:

 

 

“Bəzi ərazilərdə qrafik, bəzi ərazilərdə rejim dəyişiklikləri var. “Azərsu” ASC havaların istiləşməsi, eyni zamanda su ehtiyatlarının azalması fonunda dəfərlərlə insanları sudan qənaətlə istifadəyə çağırıb. Amma nəticə yoxdur.

 

Hazırda Bakıya saniyədə 16 kubmetr su daxil olur. Halbuki, Bakıdakı 1 milyon abunəçiyə 12-13 kubmetr içməli su artıqlaması ilə bəs etməlidir. Sadəcə, Abşeron yarımadasında alternativ mənbələr olmadığından insanlar həm suvarmada, həm sənayedə, həm texniki su kimi içməli sudan istifadə edirlər. Ona görə də son günlər rejimlərdə pozulmalar müşahidə olunur. Mənbələrimiz, magistral və şəbəkə xətlərimiz tam gücü ilə işləyir. Amma Sabunçu, Suraxanı, Abşeron, Binəqədi rayonlarının kənd və həyət evlərində suyun verilişində problemlər müşahidə olunur, təzyiq aşağı düşür, qrafikdə dəyişiklik edilir və s.

 

Su çatımazlığını kompensasiya etmək üçün 24 saatlıq su alan bəzi yerlərdə gündüz, bəzi yerlərdə gecə saatlarında suyun verilişi dayandırılır, yaxud təzyiq aşağı salınır ki, anbarda su ehtiyatlarımız olsun. Əks təqdirdə, bəzi ərazilər 24 saat alacaq, digər ərazilərə isə ümumiyyətlə su çatmayacaq”.

 

Qurum rəsmisinin sözlərinə görə, Bakıdakı parklar, yaşıllıqlar, qazon sahələri, bağ massivlərinin hamısı içməli su ilə suvarılır:

 

“Bu da su çatışmazlığına gətirib çıxarır. Kimsə "şlank"ı ağacın dibinə qoyur, bütün günü ağac sulayır, digərinə isə su çatmır. Ən optimal varinat damcı üsulu ilə suvarmadır.

 

Regionlarda vəziyyət bu cür deyil. Sadəcə, tələbatın çox olması və sudan israfçılıqla istifadə Bakıda bu problemə gətirib çıxarır.

 

Bakının ətraf ərazilərinin11 faiz hissəsində mərkəzləşmiş su şəbəkəsi ümumiyyətlə qurulmayıb. İnsanlar ya quyu suyundan istifadə edir, yaxud da su alırlar. Mərkəzləşmiş ucqar nöqtələrə suyun çatmamasının səbəblərindən biri orada primitiv şəbəkələrin mövcudluğudur. Bu gün Bakıətrafı ərazilərdə şəbəkələrin böyük əksəriyyəti vətəndaşlar tərəfindən kortəbii surətdə  tikinti norma və qaydalarına uyğun olmayaraq, tikilib”.

 

Qeyd edək ki, Tarif Şurasının 31 yanvar 2021-ci il qərarı ilə Azərbaycanda su tarifləri ikiqat bahalaşıb. Rəsmi məlumatda bahalaşmanın su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin FASİLƏSİZLİYİNİN təmin edilməsi məqsədi daşıdığı vurğulanıb.

 

2021-ci il fevralın 1-dən qüvvəyə minən qərara əsasən, Səhmdar Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin sağlamlaşdırılması üçün bir kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik, digər inzibati ərazi vahidləri üzrə 60 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə bir kub metr üçün 30 qəpik səviyyəsində təsdiq edilib.

 

Xatırladaq ki, artıma qədər suyun qiyməti əhali üçün Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda 1 kub metr üçün 35 qəpik, digər inzibati ərazi vahidlərində 30 qəpik, qeyri-əhali üçün 1 manat, tullantı sularının axıdılması qiymətləri əhali üçün 1 kub metrə 15 qəpik, qeyri-əhali üçün 1 manat idi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər