Modern.az

\"Qəzetlər MEDİA-nın yaxasından əl çəkməlidir!\" - Baş redaktorlardan AÇIQLAMA

\

2 İyul 2021, 11:47

Media İnkişaf Agentliyi (MEDİA tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqənin qalibləri barədə fərqli fikirlər səsləndirilir.


Qaliblər sırasında olan “Cebhe.info” saytının rəhbəri Rafail Becanov öncə MEDİA-ya təşəkkür edib, sonra qaliblərə birmənalı münasinətin olmamağını təbbi qarşılayıb.


“Bütün media cameəsi müsbət dəyişikliklər gözləyir və inanırıq ki, belə də olacaq. Amma hər şeyi birdən-birə etmək mümkün deyil. Adımız siyahıda olduğu üçün yox, ənənələrin, yanaşmaların dəyişməsinə görə sevinirik. Seçimi hər kəs mübahisələndirə bilər, amma illərlə möhkəmlənmiş tabulardan kənara çıxılırsa, sabahın daha yaxşı olacağına ümid böyükdür.

Yeni və ədalətli yanaşmalar gələcəkdə haqqı çatan digər media quruluşlarının da siyahıda olacağını, dəstək alacağını göstərir.

Yaxşı və pozitiv bir iş başlanır. Bizim də işimiz bu yeni və pozitiv işə dəstək verməkdir və çalışacağıq ki, bu prosesdə iştirakçı olaq. Əsas məqsəddir. Hamımızın məqsədi isə cəmiyyətə xidmət etməkdir. Hər kəsə uğurlar!”.


Moderator.az
saytının baş redaktoru Zülfüqar Hüseynzadə isə söyləyib ki, qəzetlərin MEDİA-nın yaxasından əl çəkməsi zamanı çoxdan yetişib:

“Əvvəla, "bəy verən atın dişinə baxmazlar" məsəlinə söykənərək adını ilk dəfə eşitdiyim, yaxud kifayət qədər tanınmamış saytlara maliyyə yardımı ayrılmasına mız qoymaqdan vaz keçdim və istənilən halda Medianın İnkişafı Agentliyinin nəhayət ölkənin əsas xəbər istehsalçılarını da nəzərə almalarını alqışlayıram. Baxmayaraq ki, ölkənin informasiya savaşının lokomotivi onlayn mediadır, amma hələ də qəzetlərin ayaqda qalması üçün bu qədər xərc çəkməyə gərək olmadığı qənaətindəyəm və bunu istənilən platformada istənilən media ekspertlərinə sübut edə bilərəm. Təbii ki, ənənələrin qorunması xatirinə qəzetlərə hansısa formada dəstəyi davam etdirmək olar, amma bu qədər də yox. Hamı bilir ki, əslində ölkədəki iqtidarlı-müxalifətli print medianın gündəlik tirajı bir ölüvay xəbər saytının gündəlik oxucu sayından dəfələrlə azdır. Ona görə də nəhayət qəzetlərin Medianın İnkişafı Agentliyinin yaxasından əl çəkməsi zamanı çoxdan yetişib”.


Baş redaktor indiki qiymətləndirmə meyarlarının da yetərli olmadığını deyib:


“Eyni zamanda bu maliyyə dəstəyindən kənarda qalan həmkarlarımızın da narazılığını anlayıram və onlara səbr diləyirəm. Bu bir ilkdir və ümid edirəm ki, növbəti mərhələdə daha çox haqqı çatanlara veriləcək. Üstəlik, indiki qiymətləndirmə meyarları da yetərli deyil və tutaq ki, gündəlik oxucusu 10 min olan saytlarla gündəlik oxucusu 100 mindən artıq olan saytlara maliyyə ayrılmasında heç bir fərq qoyulmayıb. Ümid edirəm ki, növbəti dəstək zamanı bu məsələ də həllini tapacaq və saytlara ucdantutma eyni miqdarda deyil, hər birinə haqqı çatdığı qədər maliyyə ayrılacaq. Bütün hallarda nəhayət dövlətin bu sahəyə maliyyə vəsaiti ayrılması siyasətini alqışlayıram və bu dəstəyin medianın inkişafına töhfə verəcəyi qənaətindəyəm”.

Fidan İlqar

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi