Modern.az

Ələt İqtisadi Zonası qeyri-neft məhsullarımızın ixracını artacaq

Ələt İqtisadi Zonası qeyri-neft məhsullarımızın ixracını artacaq

İqtisadiyyat

2 İyul 2021, 13:11

“Ələt İqtisadi Zonası Azərbaycanda qeyri-neft sektorunun inkişafı və bütövlükdə iqtisadiyyata investisiyanın cəlb edilməsi baxımından vacib bir layihədir”.

 

Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.


Onun sözlərinə görə, Ələt İqtisadi Zonasının əsas üstünlüyü ondan ibarətdir ki, burada iqtisadi zona ilə bağlı xüsusi qanun qəbul edilib:

“Ələt İqtisadi Zonası praktik olaraq, beynəlxalq hüquqla tənzimlənir və hətta bu, hasilatdan pay bölgüsünə uyğun statusun verilməsi deməkdir. Bu, sərmayənin cəlb edilməsi və xüsusən də aparıcı xarici şirkətlərin Ələt İqtisadi Zonasına investisiya qoyuluşunun təşviqi baxımından vacibdir. Azərbaycan hökuməti tərəfindən Ələt İqtisadi Zonasında ilkin infrastruktur formalaşdırılacaq. Bu da xarici investisiyanın cəlb edilməsi baxımından vacibdir”.

 

Deputat qeyd edib ki, investisiyanın əksər inkişaf etmiş ölkələrdən cəlb edilməsi nəzərdə tutulur:

“Ələt İqtisadi Zonası, xüsusən də qeyri-neft məhsullarının istehsalı baxımından yeni sərmayənin cəlb edilməsinə imkan verəcək. Bu, istehsal edilən məhsulların bir qisminin daxili, bir qisminin xarici bazara çıxarılmasını təmin edəcək. Eyini zamanda, Ələt İqtisadi Zonası həm də Azərbaycan üçün texnologiya və innovasiyanın cəlb edilməsi baxımından da vacib hesab olunur. Bu, yeni iş yerlərinin açılmasına, ixtisaslı kadrların işlə təminatına müsbət təsir edəcək. Ələt İqtisadi Zonasının yerləşdiyi ərazi də əlverişlidir. İqtisadi Zonanın yerləşməsi orda istehsal olunan məhsulların ixrac baxımından kifayət qədər böyük üstünlükləri var. Bu baxımdan da burada istehsal edilən məhsulların ixrac olunacağı və bununla da Azərbaycanın qeyri-neft ixracının artacağı gözlənilir.

Xüsusən, nəzərə alsaq ki, zona paytaxta yaxın bir ərazidə yerləşir. Bu da ixtisaslı kadrların daha yüksək əməkhaqqı ilə işlə təmin olunmasına şərait yaradacaq”.

 

Aysel Məhərrəm

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür