Modern.az

Xaricdəki soydaşlarımız arxa cəbhənin qəhrəmanlarıdır - Diaspor JURNALİSTLƏRİ

Xaricdəki soydaşlarımız arxa cəbhənin qəhrəmanlarıdır - Diaspor JURNALİSTLƏRİ

2 İyul 2021, 14:24

Qarşıdan Azərbaycan diasporu üçün əlamətdar gün gəlir. 5 iyulda Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin 19 illiyi qeyd olunacaq.

Dövlət Komitəsi son illər xaricdəki həmvətənlərimizin təşkilatlanması işində mühüm nailiyyətlərə imza atıb. Bunun nəticəsidir ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan diasporu vahid yumruq kimi birləşdi, erməni yalanlarını, Qarabağ həqiqətlərini dünyaya yaydı.
Necə deyərlər, əsgərlərimiz ön cəbhədə, adi vətəndaşlarımız isə arxa cəbhədə, o cümlədən diaspora işində savaşdı...

Diaspor mövzusunda yazan jurnalistlər Modern.az-a söhbətdə artıq Azərbaycan diasporunun gücləndiyi, erməni diasporu ilə başa-baş mübarizə apardığı qənaətində olduqlarını vurğulayıblar.


Xalqcəbhəsi.az saytının əməkdaşı Əli Zülfüqaroğlu Azərbaycan diasporununun Vətən müharibəsi dönəmində bir sıra təxribatlarla üzləşdiyini xatırladıb:


“Bildiyiniz kimi, müharibədən öncə, müharibə dönəmində, eyni zamanda müharibədən sonra da erməni lobbisi dünyanın müxtəlif ölkələrində Azərbaycan diaspor təmsilçilərinə, ümumilikdə azərbaycanlılara qarşı təxribatlar törədirdilər.

Bütün bunlar isə bir məqsəd daşıyırdı - Azərbaycan dövlətinə mümkün qədər təzyiq göstərmək və bunu mütəmadi etməklə işğaldan azadetmə əməliyyatını durdurmağa çalışmaq. Təbii ki, bu proses Azərbaycan diasporu və eyni zamanda mediasının da üzərində ciddi məsuliyyət yükü qoyurdu. Proseslərdən ağıllı şəkildə yararlanmaq və erməni lobbisinin bu əməllərini bumeranq effektinə çevirmək lazım idi. Bunun üçün strateji düşüncə, ağıllı taktiki planlar son dərəcə mühüm əhəmiyyət daşıyırdı. Əgər Azərbaycan diasporu burada emosional davransaydı, erməni lobbisi istəyinə çatacaqdı. Amma çox şükür ki, bunun əksi oldu, Azərbaycan diasporu prosesdən uduşlu çıxdı.
Bu işlərdə koordinasiyanın yüksək səviyyədə həyata keçirilməsi prosesi Azərbaycan diasporunun lehinə çevirdi. Ədalət üçün qeyd etməliyik ki, koordinasiya işini də Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi uğurla həyata keçirdi. Son illərdə bu sahədə müşahidə edilən müsbət tendensiya effektiv nəticələrə səbəb oldu. Bundan başqa Azərbaycan diasporu digər istiqamətlərdə də ciddi addımlar atdı”.


Ə.Zülfüqaroğlu erməni lobbisinin dünya mediasında güclü əlaqələrinin olduğunu qeyd edib:


“Bilirsiniz ki, erməni lobbisinin dünya mediasında da güclü əlaqələri var və Azərbaycan əleyhinə bir sıra ölkələrdə - İtaliya, Fransa, Rusiya, Amerika, İspaniya, Niderland və.s ölkələrdə Azərbaycana qarşı propoqandaya start vermişdilər. Onlar bu prosesi təşkilatlanmış formada, koordinasiyalı şəkildə aparırdılar. Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi bu istiqamətdə də ciddi səylər göstərdi. Bir sıra xarici ölkələrin media orqanlarında Azərbaycanın haqq səsi dünya ictimaiyyətinə çatdırıldı. Media mənsubu olaraq biz də bu istiqamətdə müəyyən addımlar atdıq. Dünyanın 10-dan artıq ölkəsinin media orqanında erməni təcavüzü, Gəncə terroru və işğaldan azad edilən ərazilərdə ermənilərin törətdiyi ekoloji terrorla bağlı yazılarımız yayımlandı.

Azərbaycan dosporunun təşkilatlanması və daha da güclənməsi istiqamətində yeni çağırışlar var və inanıram ki, bununla bağlı effektiv layihələrin şahidi olacağıq”.

 

“Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk deyib ki, son illər xaricdə yaşayan soydaşlarımız haqq mübarizəsində çox fəallaşıblar:



“Azərbaycanın haq mübarizəsinin müdafiəsində xaricdə yaşayan soydaşlarımız indi böyük fəallığı ilə seçilirlər. Azərbaycan diaspor təşkilatlarının, xüsusilə xaricdə yaşayan soydaşlarımızın istər Tovuz hadisələri, istərsə də Vətən müharibəsində fəallığını yüksək qiymətləndirirəm. Həmin müddətdə yaxşı həmrəylik, birlik yaranmışdı. Bu birlikdən hər kəs qürur hissi keçirirdi. Diasporumuz xalqımız üçün tarixin çətin, məsuliyyətli və şərəfli missiyası naminə birləşməyi bacarırdı. Bu tendensiya Vətən müharibəsində özünün pik nöqtəsinə çatdı. Azərbaycan dövləti xaricdə yaşayan soydaşlarımızdan güclü dəstək alırdı. Siyasi baxışından aslı olmayaraq, hər həs vətənə kömək olmaq istəyirdi. Vətənpərvər insanlarımız yüksək səviyyədə təşkilatlanaraq, koordinasiya olunmuş şəkildə fəaliyyət göstərirdi. Vətən ideyası hər kəsin bir amal ətrafında birləşdirmişdi”.


E.Eltürk Azərbaycan əsgərinin də bu dəstəkdən güc aldığını qeyd edib:


“Soydaşlarımız yerli mətbuatda, yaşadıqları ölkənin siyasi dairələri, parlamentləri ilə görüşlər keçirirdi. Onlar Ermənistanın işğalçılıq siyasətini dəqiqliklə çatdırdılar. Eyni zamanda, erməni diasporunun məkrli planlarının fiaskoya uğradılmasında və qarşısının alınmasında uğurlu model ortaya qoydular. Çevik reaksiya sistemi yarandı.
Bu birliyi hər zaman qorulmalı və inkişaf etdirməliyik. Təbii ki, bu müqəddəs fəaliyyətdə Diasporla İş üzrə Dövlət Komitəsi kənarda qala bilməzdi. Necə ki, qalmadı da. Müqəddəs missiyada komitə aktiv fəaliyyəti ilə yadda qaldı. Komitə əməkdaşları sosial şəbəkələrdə aktivliyi ilə seçilir, xüsusilə, soydaşlarımızla əlaqələrin koordinasiyasını yaxşı qururdular.
Dövlət Komitəsinin apardığı siyasət nəticəsində Türk diasporunun, bizə yaxın olan Pakistan, yəhudi diaspor təşkilatlarının dəstəyi də xüsusi qeyd edilməlidir. Hər bir dəstək bizi qələbəyə yaxınlaşdırırdı. Qəhrəman Azərbaycan əsgəri də bu dəstəyi hiss edir və ondan güc alırdı”.


Azərbaycan-Türkiyə evinin icraçı direktoru Toğrul Allahverdili məlum hadisələr dövründə diasporun fəaliyyətini təqdirəlayiq hesab edib:


“Tovuz hadisələri dövründə də Azərbaycan diasporu ən aktiv şəkildə fəaliyyət göstərib. Dünyanın 40-dan çox ölkəsində, fərqli-fərqli yerlərdə Ermənistanın dinc əhaliyə qarşı etdiyi təxribatlara cavab oolaraq, Azərbaycan ordusuna dəstək aksiyaları keçirildi. Bunların da təşkilatçısı Azərbaycan diasporu, xaricdə yaşayan soydaşlarımız və təbii ki, işlərə nəzarət edən və ərsəyə gəlməsində mühüm rol oynayan Diasporla İş üzrə Dövlət Komitəsi idi.
Tovuz hadisələrindən sonra 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan diasporu tamamilə səfərbər oldu. Xaricədki 7-dən 77-ə hər bir həmvətənimiz  Azərbaycan Ordusunun yanında oldu, dəstəyini nümayiş etdirdi.

Diaspor ilə İş üzrə Dövlət Komitəsi proseslərin koordinasiyalı olması üçün vacib iş aparırdı. Dövlət Komitəsi Vətən müharibəsi dövründə 24 saat iş rejimində çalışdı.
44 günlük Vətən müharibəsinin arxa cəbhəsinin qəhrəmanları Azərbaycan diasporudur. Azərbaycan diasporu bu müharibədən üzüağ, alnıaçıq çıxdı. Mal varlıqları, pulları və canları, mənəvi dəstəkləri ilə Azərbaycanın yanında oldular”.


T.Allahverdili Azərbaycan diasporunu və xaricdə yaşayan soydaşlarımızı arxa cəbhənin qəhrəmanları adlandırıb:


“Elə azərbaycanlılarımız var idi ki, səfirliklərimizə, Diasporla İş üzrə Dövlət Komitəsinə və bizə “necə gəlib Azrbaycan Ordusunun yanında ola bilərik?”  deyə müraciət edirdilər. Azərbaycan diasporu xarici televiziyalarda, mətbu orqanlarda çıxış edirdi. Elə soydaşlarımız var idi ki, son qəpiyini belə Azərbaycan ordusuna dəstək fonduna göndərdi..

Dünyanın istənilən nöqtəsində yaşayan soydaşlarımız bu məsələdə Azərbaycanın yanında oldu, ürəyi Ordumuzla, əsgərimizlə bir döyündü. Şübhəsiz ki, bu işin koordinasiya olunması Diaspor ilə İş üzrə Dövlət Komitəsinin rəhbəri Fuad Muradov başda olmaqla qurumun bütün işçilərinin adına bağlıdır. Onlar 24 saat fəaliyyət göstərir, dayanmırdılar.
Azərbaycan diasporunun fəaliyyətinə kölgə salmaq qəti şəkildə yol verilməzdi. Diasporumuz və xaricdə yaşayan soydaşlarımız arxa cəbhənin qəhrəmanlarıdır. Bunu danmaq olmaz. Müharibə bitsə də bizim xaricdəki erməni diasporu ilə savaşımız davam edir. Onlarla döyüşən məhz Azərbaycan diasporudur”.



Nəzrin Vahid

Twitter
Sizə yeni tvit var
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı