Modern.az

Vətəni şərəfləndirən oğul! - Şəhid Vüsal Həsənovu da TANIYAQ

Vətəni şərəfləndirən oğul! - Şəhid Vüsal Həsənovu da TANIYAQ

Reportaj

3 İyul 2021, 13:05

Elə bilirsiniz ki, şəhid qapısına getmək, yaralı ananı, bacını, gəlini dinləmək asandır?

Yox asan deyil, dəhşətdir, ağrısı ağrıdır adamı. Hər belə görüş adamın ürəyində xanə-xanə dərd otağı açır. İndi Mərifət Həsənova da şəhid anasıdır. Səbail rayonunun Badamdar qəsəbəsində yaşayır. Tanış oldum. Dedim dərdini mənə danış. Və quyunun dibindən gələn kimi bir səs gəldi qulağıma. Mərifət danışmırdı ki, səsi yanırdı, içərisindən sızıldaya-sızıldaya axırdı göz yaşları ilə birlikdə. Səsi içərisində elə boğulub, elə batmışdı ki... Güclə eşidilirdi. Adətən yazıq, əlacsız, kimsəsiz adamların səsi belə olur. Bu səs o ağrılardan batmışdı. Və elə bil ki, bu qadını həyat dondurub. Həyatın soyuğunu görənlər belə donmuş olurlar. Elə özü də ürəyimi oxuyurmuş kimi sözünə belə başladı  şəhid Vüsal Ariz oğlu Həsənovun anası Mərifət Həsənova:

- Axı mənim Allahdan başqa kimsəm yoxdur. Mən kimə deyə bilərdim ki, mənim balamı aparmayın, mən kimin qapısına gedib oğlumu döyüşdən saxlada bilərdim ki... Ürəyimdən keçsə də, gücüm və kimsəm yoxdur axı. Heç oğlum da razı olmayacaqdı...



Mərifətin danışığından bildim ki, 1996-cı ildə  dayısı oğlu Ariz Həsənovla ailə həyatı qurublar. 1997-ci il iyulun 3-də  Vüsal dünyaya gəlir. Daha sonra Ariz öz qardaşı ilə birlikdə bu balaca həyətdə iki qardaşın birlikdə yaşaması üçün altlı-üstlü ev tikirlər. Ailənin Vüsaldan sonra  daha bir oğlu doğulur. 2 yaşına iki gün qalmış uşaq qəfil xəstələnərək, ölür. Sonra  Nuran gəlir dünyaya, bir neçə il sonra daha bir övladı doğulur ailənin. Bu uşaq da 4 yaşı tamam olan kimi xəstəlikdən dünyasını dəyişir.

Sən demə, Mərifətin görəcəkli günləri qabaqda imiş. 2006-cı ildə bir qış günü xəbər gəlir ki, gəmidə  fəhlə-çilingər isləyən Ariz Həsənov uçulan divarın altında qalıb, həlak olub. Mərifət Həsənova  balalarını dolandırmaq üçün 132 saylı məktəbdə xadimə işləməyə başlayır.


- Bu qədər dərdi çiyinlərində necə çəkirsən? Ona görə belə donmusan?


Donuq gözləri ilə üzümə yazıq-yazıq, boynübükü halda baxır, səsi yenə də quyunun dibindən gəlir elə bil:


- Deməəə, deməəə... donmuşam... O itkilər bəxtimin yazısı idi, o dərdləri çəkə bildim... Sən demə bütün dərdlərdən ağırı böyüdüb bar gözlədiyin ağacın kəsilməsi imiş... Onlar dərd deyildi. Onlar sınaq imiş. Bu dərd mənim həyatımı puç elədi. Gücümü aldı. Həyatada bir eşqim-sevgim qalmışdı, oğluma. Artıq böyümüşdü. Evimin kişisi idi. Evimdə artıq kişi nəfəsi var idi. Hərdən oturduğum yerdə hiss edirəm ki, gücüm, taqətim yoxdur. Bilmirəm necə gəzirəm, necə yaşayıram?! Ümumiyyətlə yaşayırammı?  O qədər yaralıyam ki, heç danışdığımı bilmirəm... Mənim həyatım hər bir şeydən yarımçıqdır. Allah mənə heç nəyi bütöv vermədi. Görəsən, harda xəta etdim ki, Allah məni bu qədər yandırdı?


Bicə anda gəldi keçdi bu ömür
Bilmədim ki, məni necə yaşadır.
Düzənlənib, düzəmmədim günümü
Mən bu ömrü elə-belə yaşadım.

 

Öz əlimlə möhür vurdum ağladım,
Sevgi adlı məbədimi bağladım.
Ürəyimdə bu sevgini saxladım.
Ömrü verdim əsən yerə yaşadım.

 

- Allah dərdi çəkənə verir Mərifət. Bildi ki, sən çəkə biləcəksən. Ona görə sənə yazdı.


- Mənim yoldaşımdan sonra sevgim Allahımdır. Hərdən deyirəm gücüm yoxdur. Sonra baxıram ki, hərəkət edirəm, gücüm var. Bəs görəsən bu enerji hardan gəlir? Bu nəfəsim də Allaha məxsusdur. Ancaq yenə Allahdan umuram, küsürəm, başqa kimim var küsməyə. Taleyimdən küsürəm, özümdən küsürəm.


- Yoldaşın rəhmətə gedəndən sonra necə yaşadınız?


- 134 saylı məktəbdə xadimə işləməyə başladım. Baldızım Bayıldakı 49 saylı məktəbdə ibtidai sinif müəlliməsidir. Vüsalı işlədiyi məktəbə özü aparıb-gətirdi. Nuranı da bağçaya yazdırdım. Vüsal məktəbi bitirdikdən sonra Bakı Dəmiryolu Nəqliyyatı Texnikumuna qəbul olundu. 2016-cı ilin iyul ayında Vüsal əsgər getdi. Əsgərlikidən gələndə N saylı hərbi hissənin komandiri polkovnik- leytenant Aşur Mirzəyevin imzası ilə bir  “Təşəkkür məktubu” da gətirdi. Sevincimin həddi-hüdudu yox idi. Orada yazılmışdı ki:

“Hörmətli Həsənovlar ailəsi.

Övladınız AR Silahlı Qüvvələrinin döyüşçüsü kimi öz vəzifə borcunu dərindən dərk edərək xidmət etmiş və Azərbaycan Respublikası Konstitusiyasının, Hərbi Nizamnamələrin, yuxarı komandanlığın, hərbi andın tələblərini layiqincə yerinə yetirmişdir. Hərbi və dövlət sirrini qorumağı bacarır. Oğlunuz hərbi xidmət etdiyi ilk günlərdən özünü nümunəvi, vicdanlı və intizamlı bir əsgər kimi göstərmişdir. Vəzifə borclarının icrasına vicdanla yanaşmışdır. Xidmət müddətində intizamlı olmuş, nalayiq hərəkətlər etməmiş və yoldaşlarını belə hərəkətlərdən çəkindirmişdir. Ona həvalə edilmiş vəzifələrin öhdəsindən layiqincə gəlmiş, verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirmişdir.

Vətənə xidməti ilə həmişə qürür duymuş, qorxmaz və mətin olmuşdur. Övladınız ona inanılmış silahı və döyüş texnikasının sirlərini öyrənmiş, həmişə saz, təmiz və döyüşə hazır vəziyyətdə saxlamışdır. Şəxsi və dövlət əmlakını qorumağı bacarmış, digər əsgər yoldaşları üçün nümunə olmuşdur. Övladınızı Vətənə layiqli bir övlad kimi yetişdirdiyinizə görə, hərbi hissənin komandanlığı sizə öz minnətdarlığını bildirir, çox sağ olun deyir”.



“Yerişi ağıryana idi balamın”


- İlk dəfə uzaq yola çıxmağı da Vüsal öyrətdi mənə. Əsgərlikdə olanda ilk dəfə andiçməsinə getdim ki, ətrafdakı uşaqlara baxıb məyus olmasın. Hər bayramda şirniyyatını, yeməklərini hazırlayıb, bağlama-bağlama yükümü tutub gedirdim yanına. 2018-ci ilin bir qış günündə gecə vaxtı qəfil qapım  döyüldü. Açdım ki, Vüsal dayanıb qarşımda, qucaqladım boynunu, bağrıma basdım balamı... Evimə işıq, yaraşıq gəlmişdi. Əsgərlikdə yığlb topladığı maaşını mənə verdi. Necə sevinirdim ki, oğul çörəyi yeyəcəkdim. Əlimi göyə açıb dedim ki, şükür ay Allah, oğul çörəyi də qismət elədin mənə. Xoşbəxt günlərim idi. Mən bilməmişəm ki, xoşbəxt olmuşam. İnsan öz yaxşı gününü görməzmiş. Onda hər şeyim var idi. Bir baş yoldaşım yox idi.

 - Cavan olduğuma görə ağırlığı başa düşmürəmmiş, – deyən Mərifət ana yenə donmuş şəkildə üzümə baxır. Sonra nə fikirləşirsə, gedib oğlunun adına yaratdığı guşədəki şəkillərini gətirib tökür qabağıma, yana-yana danışır. İstəklərini, arzularını, bəlkələrini danışır:


- Yerişi ağıryana idi balamın. Görürsən nə gözəl oğlum var. Oturub fikirləşirəm ki, bəlkə evləndirsəyidm, bir uşağı qalsaydı, o uşaq mənim könlümü ovudardı, dərdimə dərman olardı... 
Dəmiryolu maşinisti olmaq üçün test imtahanı verdi, ikisindən keçdi, üçüncüdən keçmədi. Deyirdi ki, “qoy gedim Ağcabədidəki hərbi hissəmizə MAXE (Müddətdən artıq Xirmət Edən) olum”. Razı olmadım. Qorxdum. Müharibədən qorxuram axı...
Getdi yanacaqdoldurma məntəqəsində işlədi. Qazancını yenə mənə verirdi. Sonra kreditə maşın götürdü. Bahalı maşın deyildi, işlənmiş “Jiquli” idi. Daraldım. Pis oldum ki, neynirsən maşını. Həm də sürməyinə qorxudrum ki, gedib birdən qəza törədər. Dedi ki, “ana, mənimlə işin olmasın, qoy cavanlığımı edim”. 1-2 saat görməyəndə ürəyim sıxılırdı. Tez-tez telefonuna zəng çalırdım. Əsəbiləşib deyirdi ki, “ana, mən qız deyiləm, oğlanam eee... Niyə uşaqların yanında məni pərt edirsən? Hər saatda zəng etmə mənə...”.
Elə bilirdim ki, evə geç gəlsə, küçədə başına nəsə hadisə gələr. Qorumaq istəyirdim balamı qadadan-bəladan.


Bir də onda ayıldım ki, 2020-ci il sentyabrın 20-si səhər “Hərbi komissarlıq”dan çağırış vərəqəsi gətiriblər. Gecə növbəsində idi. Zəng vurub dedim ki, sənə çağırış gəlib. Özüm də ki, heç bir həyəcan keçirmədim. Dedi “yoldayam, işdən qayıdıram”. Dedim ki, mən də səninlə gedim çağırış idarəsinə. Qoymadı. Onun xoşuna gəlmirdi ki, mən yad kişilərin üzünə çıxım, kiminləsə söhbət edim. Az yaşı ilə artıq özünün qanunları-qaydaları var idi. Hirsimdən heç nə demədim. O, maşınına minib getdi, mən də ayaqla yoluma davam etdim. Poliklinikanın yanından keçəndə gördüm ki, maşını saxaldı bərabərimdə, dedi gəl otur aparım. Maşına oturanda özümü elə rahat hiss elədim ki... Fikirləşdim ki, oğul maşınında işə gedib-gəlmək nə gözəl, rahat olurmuş. Özümü bir anlığa xoşbəxt hiss elədim. Fərəh duydum oğlumla. Məni düşürüb getdi, dalınca baxa-baxa qaldım.


Elə həmin günü axşam işimi bitirib evə gəldim. Kiçik oğlum Nuran dedi ki, qaqaş günorta 3-dən çıxıb gedəndir “JEK”ə. Tez telefonunu yığıb, harada olduğunu soruşdum. Dedi ki, təlimlərdədir. And-aman etdim ki, düzünü de. JEK-də olduğunu dedi. Qaça-qaça getdim JEK-in həyətinə. Bir də baxdım ki, bir kişi ilə çıxdı həyətə. Məni görüb hirslə üzümə baxdı. Yaxınlaşıb acıladı məni:

- Ana, çıx get evə. Məni biabır eləmə. Mən uşaq deyiləm. Əl çək məndən.


- Hə, yaxşı, - deyib, oradan bir az uzaqlaşdım. Ancaq ayaqlarım getmədi. Bir də baxdım ki,  hərbi formada bir kişi gəldi. “JEK”in müdiri ona deyir ki, çağırışçı günorta 3-dən gəlib, səni gözləyir. Çox səbirli və tərbiyəli oğlandır.
Bir azdan oğlumla çıxdılar. Oğlum mənə bir dəfə də incik, baxıb kişi ilə getdi oturdu maşına. Nə dönüb geriyə baxdı, nə də əl etdi. Peşman-peşman evə döndüm. Gecə saat 1 oldu, 2 oldu. Bundan xəbər yoxdur. 22 sentyabrda səhər durub getdim “Hərbi komissarlıq”a. Dedim ki, Vüsal üçün gəlmişəm. Hərbi paltarda olan bir kişi soruşdu  ki, - Vüsalın anasısan? Halaldır, belə oğul böyütmüsən. Döyüşə getmək üçün təkid edirdi. Oğlun artıq Pirəküşküldəki hərbi hissədə təlimdədir.
 Qollarım düşdü yanıma, gücüm tükəndi bir anlığa. Bir qədər sonra hərbi hissədən zəng vurdu. Dedi “ana, narahat olma. Hər şey yaxşıdır”.  Bilmirəm doğrdur, ya yalandır, nə vaxt onunla danışsam deyirdi ki, Pirəküşküldədir.
Sentyabrın 28-də bir də telefon açdım. Dedi ki, “səni çox istəyirəm ana, özünüzdən muğayat olun...”. Mən də yenə təkid etdim ki, “oğul qayıt gəl. Vallah mən daha yorulmuşam. Qardaşını da verəcəyəm sənin öhdənə”.


Sentyabrın 21-də Vüsal anasını məktəbin yanında düşürəndən sonra, dostu Rəşad Abdullayevə zəng vurub Səfərbərlik və Hərbi  Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon çöbəsinin həyətində onu gözlədiyini deyir. Rəşad tez gəlib özünü dostuna çatdırıb. Rəşad Vüsalın xasiyyətinə bələd idi. Bilirdi ki, öz fikrindən onu heç kim döndərə bilməzdi. Lakin yenə də Vüsala deyir ki, “sənin döyüşə getməyinə heç nə demirəm. Ancaq, əvvəlcə vaildeynini razı sal, sonra. Hər bir halda evdə məsləhətləşsən, yaxşı olar. Məni çağırsalar gedəcəyəm. Ancaq əvvəlcə ailəmlə razılaşdırmalıyam”.

- Yaşadığımız  Badamdar qəsəbəsində Vüsalı hər kəs çox sevirdi. Məhəllənin sözübütöv, mərd, hamının işinə yarayan, əliaçıq, saf bir oğlanı idi, hər bir dara düşənin yanında idi. Onun üçün dosta, köməyə ehtiyacı olana yardım əli uzatmaq çətin bir iş deyildi,- dostu Rəşad Abdullayev deyir:


- Günortadan sonra isə telefon açdı mənə. Dedi ki, artıq Pirəküşküldəyəm, gedib açarımı və telefonumu “JEK”də oturan komandirdən götürərsən.
Belə tez və xəbərsiz getdiyinə təəccübləndim. Gedib açarını alıb, maşınını “JEK”in qabağından sürüb məhəlləmizə gətirdim. Demək olar ki, hər gün zəngləşirdik Vüsalla. Deyirdim ki, “Vüsal bütün qəsəbə səni soruşur, səninlə fəxr edirik”. Bir dəfə də, daha doğrusu oktyabrın 5-də danışdıq. Gecə saat 11-12 olardı. Soruşdum ki, neynirsiniz orda. Dedi ki, “ot biçirik”. Soruşdum ki, bu vaxtı ot biçərlər? Həqiqi ot, yoxsa düşmən?  Gülə-gülə cavab verdi ki, “yabanı otları biçirik. Hər şey əladır, gözləyin qayıdacağam..”.
Bu danışığımızdan sonra bir də Vüsalla telefon əlaqəsi yarada bilmədim. Oktyabr ayının 7-də anası Mərifət xala bizə zəng vurub sevinə-sevinə dedi ki, Vüsalla danışıb, sağ-salamatdır.

                              
Gör nə vaxtdır ananın gözləri yol çəkirdi...



- Mən Allaha o qədər bel bağladım ki, ağlımın ucundan belə keçirmədim ki, balama nəsə ola bilər.
Axşam səsini eşitdim, hal-əhval tutduq. İnanırsan, axırıncı dəfə nə danışdığımızı unutmuşam daha... neyləyirəmsə, son söhbətimizi xatırlamıram.
7 oktyabrdan sonra zəng gəlmədi. Hər gecə səhərə qədər özümü aldatdım. Vüsalın bizə zəng etdiyi bəzi nömrələri telefona yazmışdım. O nömrələr də cavab vermirdilər. Ya telefona zəng çatmırdı, ya da operator deyirdi ki “telefon ya söndürülüb, ya da əhatə dairəsindədir”. O gündən sonra bir gündən bir getdim Pirəküşkül hərbi hissəsinə. Oğlumu gördüm deyən olmadı. Baxırdım ki, oğul axtaran bir mən deyiləm, hərbi hissənin qapısı dolu idi axtarışa gələnlərlə. Hərbi hissədə bir qız var idi, hər dəfə bir bəhanə ilə məni yanıldırdı. Bir gün də indi adını unutduğum bir komandirinin telefonunu verdi mənə. Zəng vurub onu tapdım. Dedi ki, “mən başımdan və qolumdan yaralıyam. Hərbi hospitalda müalicədəyəm. Mən yaralanana qədər Vüsal Həsənov yanımda olub”.


Düz bir ay tamam oldu. Nə gecəm, nə gündüzüm var idi. Qaldım “Hərbi komissarlıq”ın, Pirəküşkülün, Müdafiə Nazirliyinin yollarında. Oğlumu “gördüm” deyən  olmadı. Eşidirdim ki, hansısa xəstəxanaya kontuziya alan, yaddaşını itirən gətirilib, tez gedib o yaralı ilə görüşürdüm ki, bəlkə mənim balamdır. Hər dəfə də ümidlərim boşa çıxmış halda evə əliboş qayıdırdım. İtkin siyahılarını, yaralı siyahılarını axtarırdım. Yox idi. Vüsal göyə çəkilmişdi sanki. Komendant saatı, pandemiya qadağaları bir-birinə qarışmışdı. Qohum-əqrabanı da xəbərdar edə bilmirdim. Axırda qardaşım Mollanur bir təhər yol tapıb, Zeyvədən gəlib oturdu yanımda. Dedi ki, bacı birlikdə axtaracağıq uşağı.

Mollanur Abdullayev 1992-ci ildə birinci Qarabağ döyüşlərində iştirak edib. Ağdamın Şelli kəndində yaralanıb. Qazidir. Mollanur həmin günləri belə xatırlayır:

- Bacımla iki gün Pirəküşkülə gedib –gəldik. Baxdım ki, burada nəsə yaxşı olmayan xəbər  var. Oğlumuzu heç kimdən xəbər ala bilmirik. Axır ki, Vüsalın aid olduğu hərbi hissənin qəragah rəisinin nömrəsini verdilər. Əvvəlcə telefonumuzu açdı. Sonra cavab vermədi. Mərifət gecə-gündüz onun telefonuna zəng çaldı. İki gündən sonra dedi ki, Cəbrayıla gedir, oradan xəbər öyrənib deyəcək... Yenə də 1 gün yarım telefona cavab vermədi. Növbəti dəfə özüm danışdım yenə. Yən dedi ki, ərazilərə gedir. Oradan xəbər öyrənib deyəcək. Yenə də gözləyə-gözləyə qaldıq.


Mərifətin əlində telefon, zəng vurmaqdan barmaqları yorulmadı. Hər şey fikirləşdi. Fikirləşdi ki, oğlu yaralıdır. Yəqin xəstəxanalarda hüşsuz uzanıb, fikirləşdi ki, bəlkə əsir düşüb... Təkcə ölməsi barədə fikirləşmədi. Analar yol gözləyəndə, sabahın açılmağını, gecənin keçməsini gözləyəndə zaman keçməzmiş.  Zamanın, vaxtın, saatın əqrəblərinin də ayağından daş asılarmış. Yatağı daşa dönər, yastığı daşa dönər, yeyib-içdiyi daş olar, suyu qəhərə dönüb boğazında quruyar.


- Nəhayət ki, 39 gün ərzində axtardıq. Həmin axşam qərargah rəisi dedi ki, siz yaxın ailə üzvləri gəlin Füzuli Rayon Diaqnostik Mərkəzinə. Orada DNK analizi verin,- deyə Mollanur söhbətinə davam edir:


- Bacım elə sevinirdi ki... Fikirləşirdi ki, Füzulidə  komaya düşənlərin, huşunu itirənlərin arasından tapacaq oğlunu. Mən isə DNK analizi istəniləndə, artıq bildim ki, uşaq sağ deyil. Səhərisi günü  noyabrın 23-də, səhər o başdan bacımın oğlu Nuranı, qardaşım oğlu Elşəni də götürüb getdik Diaqnostik Mərkəzə. Səhər 10-da orada idik. Bizə zəng edən komandiri tapdıq. Mərkəzin həyətində üç soyuducu - TİR maşın var idi. Bacımın başı buradakı hərbçilərlə söhbətə qarışmışdı. Bizə tanınmaq üçün  xeyli şəkil göstərdilər. Birini oxşatdım. Birtəhər hərbçiləri yola gətirib, qardaşım oğlu Elşənlə keçdik  həyətdə dayanan TİR-lərə baxmağa. Maşının birində ancaq, yanıb tanınmaz hala düşənlər idi. Sonra ikinci maşına baxdıq. Bir-bir  onların büküldüyü torbaları açıb baxırdıq. Burada da əsgərlərin çoxsunun meyiti tanınmaz idi. Elə həmin soyuducu TİR-də iki meyit var idi yan-yana. Bu meyitlərin hər ikisi tanınırdı. Torbasının üstündə “19” yazılmışı göstərib dedim ki, bu bizim uşaqdır. Başının arxasından qəlpə dəyib sümüyünün bir tərəfini aparmışdı. Bir də ki, ayağının birini yaralamışdı. Dedilər ki, Füzulinin Seyidəhmədli kəndində şəhid olub. 

İndi fikirləşirik ki, bu xəbəri Nuran və Mərifətə necə deyib, necə çatdıraq. Hərbçilərdən xahiş etdim ki, bizim uşağın nəşini həyətdəki çadırlardan birinin içərisinə gətirsin. Bacım maşındakı meyitləri görsə tab gətirə bilməz.  Birtəhər Mərifəti anlatmağa başladım. Dedim ki, gedək çadırda bir əsgər meyiti var. Ona bax. Meyitin üzünü açdılar. Mərifət oğlunun üzünü-başını tumarladı. Bədəninə baxdı. Bütün əzaları yerində idi... Mərifət elə bil ki, donmuşdu...


Oğlunun tanınması epizodunu isə Mərifətin öz dilindən yazıram:


- Dayanıb xeyli baxdım. Sonra dedim ki, bu mənim deyil. Səssiz, günahkar kimi baxırdım oğlumun üzünə. Balamdan meşə ətri, torpaq ətri gəlirdi. Baxdım dırnaqları, dişi, ayaqları, əlləri onunku idi. Ancaq qəbul edə bilmədim. Dedim ki, yox, bu mənim oğlum deyil! O mənim balam olsaydı, ölməyi mənə əyan olardı... Belə olmur. Mən onun ölməyini heç ağlımın ucundan belə keçirməmişdim axı. Yenə çadırdan bayıra çıxdım. Qardaşım yaxınlaşdı mənə dedi ki, sənin balandı, belə eləmə... Bir az orada dayandım. Oradakılar mənə dedilər ki, bəlkə bir nişanəsi olub balanın, onu yadına sal, o nişanə ilə tanı. Bir anlığa elə bil ki, ayıldım. Dedim ki, bir də açın baxım. Hə, oğlumun ənsəsində- başının arxasında  bir qırmızı ət xalı var idi. Barmağımı iki dəfə o xalın üstünə çəkdim. Həmişə başını tumarladığımda öpdüyüm xalı idi. İndi hər gün o xalı sonuncu dəfə tumarlayan barmağımı öpürəm. Görəsən mən niyə o vaxt balamı qucaqlamadım, bağrıma basmadım, oxşamadım... Dişini tanıyanda könlümə bir sərinlik gəlmişdi... Ancaq qəbul edə bilmirdim...


Vüsal Həsənovu doğmaları tanısa da, həmin gün onun nəşini ailəsinə vermədilər. Dedilər ki, əvvəlcə DNK analizi götürülməlidir. Nurandan analiz götürdülər. Anası Mərifətin isə dili-dodağı, ağzı qurumuşdu. Boğazında, ağzında tüpürcəık yox idi ki, onun da analizini götürsünlər. Adətən DNK analizi ata ilə daha tez təyin edilir. Ananın genetik kodları 60 faiz, atanın genetik kod göstəricisi isə 90 faizdən artıq işarə verir. Kor-peşman, əliboş və əlacsız halda Füzulidən Bakıya qayıtdılar.


40 gün bundan əvvəl oğlunu sağ bilib axtaran, yolunu ümidlə gözləyən, yollara baxan, telefon zənglərini həyəcanla açan Mərifət indi donmuşdu. Daha bilmirdi ki, neyləsin. İnsan da bu qədər çarəsiz olarmı?! Əllərini Allaha açıb yazıq-yazıq ağladı. Göz yaşları qurumuşdu, səsi tutulmuşdu: “Ay Allah, mən səni çox sevdim axı, sən məni niyə belə məlul-müşkül qoydun... Çəkdirdiyin cəfalardan mən usandım, bəs sən usanmadın...”.


Mollanur və Mərifət yenə “Hərbi komissarlıq”, Müdafiə Nazirliyi qapılarında qaldılar. Bir gün də dedilər ki, gəlin Səbail rayion Polis İdarəsində yenidən DNK analizi verin. Bu dəfə Mərifətdən analiz götürə bildilər. Yalnız dekabrın 3-də xəbər gəldi ki, oğlunuzun tabutu sabah Bakıya gətiriləcək.
54 gündən sonra, dekabrın 4-də axşamüstü Vətən uğrunda fədakarlıqla canından keçən Vüsal Ariz oğlu Həsənovu Badamdarda doğulduğu məhəlləyə gətirdilər. 20 dəqiqədən sonra isə Vüsalın tabutunu Şabran rayonunun Zeyvə kəndinə yola saldılar. Ana belə istəmişdi ki, oğlu  ata yurdunda dəfn olunsun. El-oba yenə Mərifətin ata evinə yığışdı. Bu qədim tarixi kəndin qəbristanlığında əbədi məskən salmağa gəldi Vüsal. Bu qəbristanlıqda aprel döyüşlərində qəhrəmanlıqla həlak olmuş Babək Abidov da uyuyurdu. O Babək ki, Vüsal onun qəhrəmanlığından örnək götürmüşdü.
5 dekabr 2020-ci ildə Şah dağı daha bir şəhidinə təzim etdi. Dağlar qamətini bir az da uca tutdu. Ətəyindəki torpağa yenə bir şəhid can verməyə, həmin yeri səcdəgaha döndərməyə gəlmişdi.



****


Mərifətin qardaşı Mollanur ilə söhbət edəndən sonra anladım  ananın səsinin quyudan çıxma səbəbini. Quyunun suyu tükənəndə ölmüş sayılır. Mərifətin də dünyası tarimar olub, ömrünün, həyatının mənası qalmayıb...  Bulağının suyu quruyub. Müharibə insanları belə yaralayır, belə paralayır... Mərifət çaşıb qalıb, hələ də əlləri göydə Allahdan soruşur ki, “mən sənə neyləmişdim ki, məni belə sınağa çəkdin?”.


P.S. Bu gün Vüsal Həsənovun 24 yaşı tamam olur!!! Məqamın mübarək, Vətəni şərəfləndirən oğul! Hərbi xidmətdə olarkən  sənə verilən “Təşəkkür məktubu”nda yazılanları bir daha öz əməli ilə həyata keçirən qəhrəman!

Aida Eyvazlı GÖYTÜRK
3  iyul 2021

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu