Modern.az

Azərbaycan diasporunun Koordinasiya şuraları - Əlaqələndiricilər: “Biz birlikdə güclüyük!”

Azərbaycan diasporunun Koordinasiya şuraları - Əlaqələndiricilər: “Biz birlikdə güclüyük!”

3 İyul 2021, 14:03

Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə xarici ölkələrdə azərbaycanlıların daha da mütəşəkkil təşkilatlanması məqsədilə ardıcıl tədbirlər görülməkdəddir. Koordinasiya şuralarının, Azərbaycan evlərinin yaradılması da bu sırada olan işlərdəndir.

 

Xarici ölkələrdəki azərbaycanlıların Koordinasiya Şurasının əlaqələndiriciləri deyirlər ki, bu qurumların yaradılması ilə vahid güc nümayişinə nail olunub.

 

Fransa Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Günel Səfərova qeyd edib ki, qurumun fəaliyyəti 44 günlük haqq savaşımızda öz sözünü dedi:

 

 

“Fransada Koordinasiya Şurası 2018-ci il sentyabr ayında yaradılıb. Koordinasiya Şurasının fəaliyyətnin nəticəsini biz 44 günlük Vətən müharibəsi dövründə gördük. Çünki bir nöqtədən koordinə olunmuş mesajların göndərilməsi daha effektli idi. Məktubların yazılması, Fransız mediasına çıxışın baş tutması, ümumiyyətlə Fransa daxilində keçirilən aksiyalar Koordinasiya Şurası tərəfindən təşkil olunurdu. Əlbəttə, orada iştirak edən hər bir soydaşımız bu işdə aktiv fəaliyyət göstərirdi. Bütün işlərdə bir nöqtəyə vurulub, bir mesajın ötürülməsi və bu işlərin daha da effektli təsiri olmasında sözsüz ki, Koordinasiya Şurasının rolu böyükdür. Bunu inkar etmək olmaz. Arzu edirəm ki, bu istiqamətdə işlərimiz daha da güclənsin. İnanıram ki, Fransa Azərbaycanlılarının Koordinasiya Şurasına qoşulan istər fiziki şəxslər, istərsə də təşkilatların sayı çoxalacaq”.

 

İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiriciləri Leyla Bağırzadə bildirib ki, təşkilat Azərbaycanın maraqlarını bütün cəmiyyətə çatdırır:

 

 

“Koordinasiya Şurası Azərbaycanın marağını cəmiyyətə, mediaya nümayiş etdirir. Burada Azərbaycanın həm siyasi, həm də mədəni həyatını beynəlxalq səviyyədə təbliğ edirik. Koordinasiya Şurası burada doğulan azərbaycanlı uşaqlara vətənimizin tarixini, dilini, keçmişini öyrədir. Ümumiyyətlə, Koordinasiya şuraları həm də erməni təcavüzkarları ilə də mübarizə aparır. Səsimizi bütün beynəlxalq təşkilatlara çatdırmağa çalışırıq. Azərbaycanda gündəmdə olan bütün hadisələrlə bağlı biz də burada aksiyalar keçiririk.

Bir müddət sonra bizim mədəni aksiyalarımız - “Nizami Gəncəvi ili” ilə bağlı tədbirlərimiz baş tutacaq. Bu tədbirlərin hamısı Koordinasiya Şurasının dəstəyi  ilə keçirilir.

Sözsüz ki, Koordinasiya şuralarının təşkil olunması Diasporla İş üzrə Dövlət Komitəsinin əməyinin nəticəsidir”.

 

Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Maisə Ağamirzəyeva Diasporla İş üzrə Dövlət Komitəsinin bu istiqamətdə atdığı addımların təqdirəlayiq olduğunu vurğulayıb:

 

 

“Bizim Koordinasiya Şurası 2018-ci il noyabr ayında yaradılıb. Könüllü olaraq mən və Emil Əliyev orada əlaqələndirici təyin olunmuşuq. Koordinasiya Şurası özündə 5 təşkilatı və fərdi insanları birləşdirir. Mənim sədri olduğum “Ana Vətən” Avropa Azərbaycanlıları Qadınlar  Birliyi, Emil Əliyevin rəhbərlik etdiyi Avropa Azərbaycanlıları sosial media qrupu, Firəngiz Bağırovanın rəhbərlik etdiyi Odlar Yurdu Neyderland-Azərbaycan Cəmiyyəti, Elxan Mirhəşimlinin rəhbərlik etdiyi Leyvardın Azərbaycan evi və yeni yaranmış Kəmalə Cəlilovanın rəhbərlik etdiyi Azərbaycan Beynəlxalq Qadınlar Llubu bu işlərdə  aktiv iştirak edir. Digər təşkilatlar da var ki, Hollandiyada fəaliyyət göstərir, onlar Koordinasiya Şurasında olmasa da,  əlaqəmiz çox möhkəmdir. Belə ki, biz mitinq və piketlərlə bağlı qərarları, bəyanatları birlikdə imzalayırıq.

Xarici ölkələrdə Koordinasiya şuralarının yaradılmasını dəstəkləyirəm.  Hesab edirəm ki, bu işlər Diasporla İş üzrə Dövlət Komitəsinin vacib təşəbbüslərindən biridir. Bir əlaqələndirici olaraq da çalışıram ki, öz misiyamı layiqincə yerinə yetirim. Koordinasiya Şurası öz fəaliyyəti ilə “Biz birlikdə güclüyük!” şüranı doğruldur”.

Fidan İlqar

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir