Modern.az

 \"KGK Alanya Toplantısı\"ndan möhtəşəm bağlanış mərasimi - FOTOLAR

 \

4 İyul 2021, 13:26

22 xarici ölkənin 100-dən çox jurnalistini bir araya gətirən Qlobal Jurnalistlər Şurasının "KGK Alanya Toplantısı" proqramı çərçivəsində möhtəşəm bağlanış mərasimi keçirilib.


Modern.az xəbər verir ki, tədbir koronavirus pandemiyası nəticəsində həyatını itirən jurnalistlər üçün bir dəqiqəlik sükutla başlayıb və daha sonra “İstiqlal” Marşı ilə davam etdirilib.


“KGK Alanya Toplantısı” çərçivəsində müzakirə olunan məsələlər arasında yeni dövrdə jurnalistika sahəsində mövcud olan yeni çağırışlar və onlara necə cavab verilməsi yer alıb. Yeni dünyanın bütün sahələrdə olduğu kimi jurnalistikanın qarşısına qoyduğu tələb və imkanların dəyərləndirilməsi, buna uyğun addımların atılması əsas məqsəd olaraq müəyyənləşdirilib.


Şuranın xarici media ilə bağlı təşkil edilən toplantısına KGK xarici əlaqələr üzrə rəhbəri, azərbaycanlı jurnalist Elşad Eyvazlı sədrlik edib. Xarici media təmsilçilərinin yer aldığı toplantıda qərara alınıb ki, müxtəlif ölkələrin jurnalistikası ilə əlaqələrin gücləndirilməsi, mübadilə, təcrübə imkanlarının bölüşdürülməsi və qarşılıqlı səfərlərin təşkili bundan sonrakı fəaliyyətin prioritet məqsədləri olaraq qeyd edilsin.


Azərbaycan və Türkiyə media cameəsinin əlaqlərinin önəmini xüsusi vurğulayan Elşad Eyvazlı iki ölkə rəhbəri arasında imzalanan “Şuşa bəyannaməsi”ni xatırladıb. Jurnalist bildirib ki, “Şuşa bəyannaməsi”nin medianın üzərinə qoyduğu öhdəliklər də ön plana alınaraq, bununla bağlı addımlar atılacağı qərarlaşdırılıb.


Elşad Eyvazlı dünya jurnalistlərinin və ayrı-ayrı ölkələrin jurnalistikasının bir-biri ilə təmasının əhəmiyyətinə də toxunub. Onun fikrincə, Azərbaycan və Türkiyə jurnalistikasının əməkdaşlıq şəraitində fəaliyyəti və bunun fonunda dünya jurnalistikasının təcrübə mübadiləsi olduqca vacibdir:


“Nə zaman əvvəlkidir, nə də jurnalistika. Çağırışlar anbaan dəyişir. “Global Journalism Council”in təşkilatçılığı ilə 2-4 iyul 2021-ci il tarixdə 22 ölkədən 100-dən çox jurnalistin Türkiyədə qatıldığı toplantı bunu bir daha təsdiqlədi. Bizim öyrənmək istədiyimiz, istinad yeri kimi baxdığımız Türkiyə mediası bir çox halda yeni çağırışlarla ayaqlaşa bilmədiyini özü etiraf edir. Amma dostlarımız dayanmırlar. Çeviklik, müasir texnoloji imkanlardan maksimum yararlanmaq, jurnalist həmrəyliyi, məmurlara jurnalistikanın dadını bildirmək və həddini göstərmək gücü, sözçülükdən uzaq durmaq vərdişi, jurnalistikaya xələl gətirən “jurnalistlər”dən mümkün qədər uzaq durmaq, öz peşəsindən həzz almaq, öyrənmək istəyi, təcrübə mübadiləsi və sadalamadığım yüzlərlə məqamlar Türkiyə jurnalistikasında aparıcılığını qoruyur. Əsas isə odur ki, hər kəs bu meydanda öz ölçüsün bilir. İdeal deyil, problemlər yoxdur deyil, dolanışıqları ürəkaçan deyil. Amma öz peşə fəaliyyətlərinin namusunu çəkənlər çoxdur. Türkiyədən baxdıqda xarici media onlardan xeyli qabaqda görünür. Bizim günümüzü düşündükcə isə 22 İyul ərəfəsində adamı paxılcasına ağlamaq tutur”.


Qeyd edək ki, Qlobal Jurnalistlər Şurası ən böyük jurnalist təşkilatı olmaqla 43 ölkədə, o cümlədən Türkiyənin bütün bölgələrində təmsil olunur. Türkiyənin bütün bölgələrində ofisləri yerləşən bu təşkilatın əsas hədəfləri xarici media ilə əməkdaşlıq şəraitində addımların atılması, dünya jurnalistləri ilə əlaqələrin gücləndirilməsidir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir