Modern.az

Unudulan deputatlar - Akademikin təzyiqlərinə dözə bilməyən PROFESSOR

Unudulan deputatlar - Akademikin təzyiqlərinə dözə bilməyən PROFESSOR

Parlament

7 İyul 2021, 09:22

Modern.az saytı Milli Məclisdə necə fəaliyyət göstərməsindən asılı olmayaraq, yaddan çıxan, unudulan keçmiş deputatları bir daha sizə xatırladır.

Bu məqsədlə də “Unudulan deputatlar” adlı rubrikamızda vaxtilə parlamentin üzvü olmuş şəxslərdən bəhs edirik.


Rubrikamızda bəhs edəcəyimiz növbəti sabiq deputat Milli Məclisə bitərəf namizəd olaraq seçilmiş Eldar Abbasovdur.


Eldar Abbasov 1995-2000-ci illərdə fəaliyyət göstərmiş I çağırış Milli Məclisin üzvü olub. O, parlamentə 24 saylı I Nərimanov seçki dairəsindən deputat mandatı qazanmışdı.

Eldar Şamxal oğlu Abasov 1952-ci il aprelin 2-də Ermənistan Respublikası Qafan rayonunun Yuxarı Girətaq kəndində anadan olub. 

1974-cü ildə Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirərək, travmatoloq-ortoped ixtisasına yiyələnib.

1975-ci ildə Azərbaycan Tibb İnstitutununTravmatologiya və Ortopediya kafedrasında laborant kimi çalışıb. 1976-1979-cu illərdə Moskvadakı Nasonov adına Elmi Tədqiqat Revmatologiya İnstitutunda aspirant, 1982-1987-ci illərdə isə həmin institutda doktorant təhsili alıb. Orada tibb elmləri namizədliyini və doktorluğunu müdafiə edib.

1987-1990-cı illərdə yenidən Azərbaycan Tibb İnstitutunda çalışıb.

1990-1993-cü illərdə Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda kafedra müdiri olub.

E.Abbasov 1994-cü ilə Azərbaycanda unikal səhiyyə müəssisəsi kimi fəaliyyətə başlayan Respublika Elmi-Artroloji Mərkəzinin direktoru vəzifəsinə təyin edilib.

O zaman bəziləri E.Abbasovun həmin vəzifəyə keçmiş səhiyyə naziri Əli İnsanovun xeyir-duası ilə təyinat aldığını, bu məsələdə onların eyni regiondan olmasının xüsusi rol oynadığını bildirirdilər. Vaxtilə iqtidarda yüksək post tutmuş bəzi sabiqlər isə deyirlər ki, o zaman hakimiyyət kluarlarında E.Abbasov Əli İnsanova sadiq kadrlardan biri kimi təqdim olunurdu.
 
Elə onun sonradan qalmaqalla üzləşməsinə də səbəb bu olmuşdu.

Halbuki, Eldar Abbasov 1992-ci ildə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Azərbaycanda hakimiyyət uğrunda açıq və fəal mübarizəyə səsləyən, onun hakimiyyətə qayıdışı üçün müraciətə imza atmış 91 nəfərdən biriydi.


1995-ci il noyabrın 26-da keçirilmiş parlament seçkilərində 24 saylı I Nərimanov dairəsindən bitərəf namizəd olan Eldar Abbasov I çağırış Milli Məclisin deputatı seçildi. O, Milli Məclisin Sosial siyasət Daimi Komissiyasının üzvü, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun isə rəhbəri idi.

Tibb elmləri doktoru, professor Eldar Abbasov I çağırış Milli Məclisin bəzi deputatlarından fərqli olaraq, növbəti seçkilərdə yenidən namizəd ola bilmədi.

2000-ci ildə deputat mandatı ilə vidalaşan E. Abbasov 6 il sonra (2006-da) çalışdığı mərkəzdən də uzaqlaşdırıldı.

Yuxarıda qeyd etdik ki, E.Abbasov 1994-cü ilə açılan unikal səhiyyə ocağının - Respublika Elmi-Artroloji Mərkəzinin direktoru vəzifəsinə təyin edilmişdi. O, həmin vəzifədə 2006-cı ilə kimi işləyə bildi.

Eldar Abbasovun “vurulmasında” Prezident Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyevin xüsusi rol oynadığını iddia edən siyasi ekspertlər deyirlər ki, sabiq deputat məhz Əli İnsanova yaxın olduğuna görə “boz kardinal”ın qəzəbinə tuş gəlmişdi.

Əli İnsanovun həbsindən sonra deputatlıq səlahiyyətləri bitən Eldar Abbasova “boz kardinal”ın təqyiqləri artmışdı. Hətta iş o yerə çatdı ki, E.Abbasovun direktoru olduğu Respublika Elmi-Artroloji Mərkəzinin ərazisinə də əl qoyuldu.

E.Abbasovdan Mərkəzin ərazisini boşaltmaq tələb olunurdu.

O zaman respublikada əzələ, sümük və oynaq xəstəliklərinin müalicə və profilaktikası üzrə yeganə tibb müəssisəsi olan bu mərkəzin bağlanması yüzlərlə xəstənin vəziyətinin ağırlaşmasına səbəb ola bilərdi. Çünki Azərbaycanda bu sahədə fəaliyyət göstərən ikinci bir xəstəxana yox idi. Onda çoxları inanmırdı ki, bu cür ağır xəstəliklərin müalicəsinin və çətin əməliyyatların həyata keçirildiyi xəstəxananı bağlayarlar.

Mərkəzdə 100-dən artıq xəstə müalicə olunur, 160 nəfər işçi çalışırdı.

Əzələ, sümük və oynaq xəstəlikləri üzrə Zaqafqaziyada ən tanınmış elmi mərkəz olan tibb müəssisəsində ölkənin müxtəlif rayonlarından olan vətəndaşlardan başqa, MDB dövlətlərindən gələn xəstələr də müalicə olunurdu.

Mərkəzdə revmatoidli artrit, osteoartroz, padaqra, bexterev və osteoporoz xəstəlikləri müalicə edilirdi. Şıxovdakı hidrogen-sulfidli təbii su mənbəyi olan ərazidə yerləşən tibb ocağında müalicə prosesində fizioterapiya, təbii faktor olan hidrogen-sulfidli vannalardan istifadə edilir, konservativ və operativ müalicə üzvi surətdə əlaqələndirilirdi.

Bir sözlə, mərkəzə müraciət edən revmatik xəstələrin sayı çox idi.

Həmin vaxt mərkəzin bağlanmasına qarşı mübarizə aparan E.Abbasov mətbuat konfransları keçirir, ictimiayyətin diqqətini belə bir tibb ocağının dağıdılması planlarına yönəltməyə çalışırdı...

Amma əmr böyük yerdən verilmişdi...



Eldar Abbasovun dirənişini görən qüvvələr 2006-cı ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasını (AHİK) dövriyyəyə soxdular. Və Respublika Elmi-Artroloji Mərkəzinin bağlanmasında AHİK-in əmlak iddiası əsas rol oynadı. Belə ki, mərkəz yerləşdiyi binada fəaliyyət göstərməsi üçün konfederasiya ilə 25 illik icarə müqaviləsi bağlamışdı. Amma konfederasiya müqavilənin bitməsinə hələ 15 il olduğu halda, tibb müəssisəsindən binadan çıxmağı tələb etdi.

O zaman AHİK sədri Səttar Möhbalıyevin niyə bu məsələdə israr etməsi bəzilərini təəcücbləndirsə də, səbəb bir çoxlarına bəlli idi. S.Möhbalıyev Prezident Administrasiyasının o vaxtkı şöbə müdiri Əli Həsənovla quda idi. Ə.Həsənov isə aydın məsələydi ki, Ramiz Mehdiyev çevrəsində daxil idi.

Bu işdə həmin çevrəyə daxil olduğu deyilən “Bəy Mamed” ləqəbli iş adamı Məhəmməd İsmayılovu da önə vermişdilər. Respublika Elmi-Artroloji Mərkəzin ərazisini məhz “Bəy Mamed” almaq istəyirdi...

Dolayısı ilə Respublika Elmi-Artroloji Mərkəzin ərazidən çıxması tələbinin arxasında R.Mehdiyevin dayandığı bildirilirdi.

2006-cı il noyabrın 24-də Səhiyyə Nazirliyinin yeniləşmiş rəhbərliyi mərkəzin bağlanılmasına göstəriş verdi.

Respublika Elmi-Arterioloji Mərkəzin bağlanması ciddi ictimai etiraz doğursa da, buna o qədər də əhəmiyyət verilmədi.

Qalmaqal 2006-cı ilin dekabrına kimi davam etdi. Amma sabiq deputat Eldar Abbasov güclü təzyiqlərə tab gətirməyərək, geri çəkilməyə məcbur oldu.

Və 2006-cı il dekabrın 1-dən etibarən Respublika Elmi-Artroloji Mərkəzi kimi unikal bir tibb müəssisəsini bağaldılar. Beləliklə də, mərkəzi yerlə-yeksan etdilər.

Boşaldılan ərazinin aqibətinə gəlincə, orada “Bəy Mamed” ləqəbli iş adamı tərəfindən istirahət zonası yaradıldı.

E.Abbasov 2006-cı ildən Azərbaycan Tibb Universitetində Travmatologiya və Ortopediya kafedrasının professorudur. 100-dən artıq elmı məqaləsi və monoqrafiyası çap olunub.

Travmatoloq-ortoped Eldar Abbasov hazırda “Oksigen” Klinikasında da xəstələrin müayinə və müalicəsini həyata keçirir. Bununla bərabər, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında Travmatologiya və ortopediya şöbəsinin də əməkdaşıdır.


Azərbaycan Revmatoloqlar Assosiasiyasının prezidentidir.

E.Abbasov ailəlidir, bir övladı var.

Bu gün heç bir partiyada təmsil olunmayan professor Eldar Abbasov prezident İlham Əliyevin siyasi kursunu dəstəklədiyini bildirir...


Ə.Qafarlı

***

Həmçinin oxu:

Unudulan deputatlar - Erməni dilini bilən iqtisadçı...
Unudulan deputatlar - Kabinetində keçinən vitse-spiker - FOTO
Unudulan deputatlar: Qərbi azərbaycanlıların ağsaqqalı... 
Unudulan deputatlar - Fransanı hiddətləndirən professor: “Jak Şirak qudurub!”
Unudulan deputatlar: Həyat yoldaşı və qızı qətlə yetirilən akademik - FOTOLAR 
Unudulan deputatlar - Administrasiyada vəzifə verildi, iki dəfə həbs olundu, Prezident onu əfv etdi 
Unudulan deputatlar: “Çörək Tofiq” və Heydər Əliyevin məşhur müşavirəsində danlanan MƏMURLAR...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi