Modern.az

DAHİLƏR: Migel de Servantes - Don Kixot - Ədəbiyyat tarixinin ən yaxşı kitabı…

DAHİLƏR: Migel de Servantes - Don Kixot - Ədəbiyyat tarixinin ən yaxşı kitabı…

Ədəbi̇yyat

7 İyul 2021, 09:56

XVI əsrin, ümumiyyətlə bəşər tarixinin zirvələrindən daha biri… Bütün zamanların və bütün insanların böyük şairi, yazıçısı və dramaturqu… Migel Servantesin talantının miqyasını və univеrsallığını Karl Marks, Viktor Hüqo və bizim Cəfər Cabbarlı kimi nəhənglərlə müqayisə еtmək olar - onların talantı bulaq kimi qaynayırdı, çay kimi axırdı, sеl kimi coşurdu. Amma selin də böyüməsi, ümmana çevrilməsi üçün zaman və məkan lazımdır. Bizim Cəfər Cabbarlı kiçik ölkədə doğulmuşdu, amma 36 yaşında həyatla vidalaşanda artıq məşhurdu… Servantes isə böyük ölkənin vətəndaşı olsa da, 36 yaşında ancaq tanınmağa başladı…


Həyatı


İspaniyanın, ən məşhur yazıçılarından biri olan Migel de Servantes 1547-ci il sentyabrın 29-da Alkala de Enares adlı kiçik Kastiliya şəhərciyində həkim Rodriqo de Servantesin (de əlavəsi zadəganlıq göstəricisidir - red.) ailəsində anadan olmuşdur. Anası Donya Leonor de Kortina da zadəgan ailəsinin qızıdır. Ailədə 7 uşaq vardı, Migel dördüncü idi.


Yazıçının həyatının ilk illəri haqqında məlumat azdır. Bəzi bioqrafları onun Salamanki Universitetində oxuduğunu yazırlar, amma bu məlumatlar təsdiqini tapmır. Həyatının çoxunu ailəsi ilə şəhər-şəhər gəzib. Bu illərdə Migel Cozefina adlı gənc bir qadınla tanış olmuş və bir-birlərini sevmişlər. Lakin Cozefinanın atası onların görüşməsinə icazə verməmişdir. 1569-cu ildə Servantes İtaliyaya köçüb. Onun Kastiliyanı tərketmə səbəbləri naməlumdur. Gələcək yazıçı uzun illər kral ordusunun əsgəri kimi fəaliyyət göstərib, yeri gəlmişkən, türklərə qarşı döyüşüb.


Migel 1575-ci ildə qardaşı Rodriqo ilə "Günəş" gəmisində Neapoldan Barselonaya qayıdarkən əlcəzairli dəniz quldurları tərəfindən əsir alınıb. Təsdiq olunmuş məlumatlara görə, qul kimi satılıb və hardasa 5 il Əlcəzairdə əsirlikdə qalıb. Əsirlikdən qaçmağa bir neçə dəfə cəhd edən Migel sol qolundan yaralanıb və şikəst qalıb. Atası böyük çətinliklə, pul verməklə hər iki oğlunu əsirlikdən xilas edib. Əsirlikdə sonra hər iki qardaş Portuqaliyada xidmət edib.


1584-cü ildə Migel Madridə qayıdıb və Katalina Palesios de Salasarla evlənib. Madriddə yaşayıb, yaradıb, 1616-cı il aprelin 23-də 68 yaşında burda vəfat edib. Ölümündən az sonra Servantesin qəbri uzun müddətə itib və yalnız beş yüz ildən sonra 2015-ci ildə onun qalıqları Trinitarias monastrından tapılıb və yenidın dəfn edilib.


Yaradıcılığı


Migel Servantes 36 yaşında, “Qalateya” adlı romanla böyük ədəbiyyata gəlib. Sonrakı illərdə özünü şair, dramaturq kimi sınayıb, bütün sınaqları uğurlu alınıb. 1605-ci ildə “Don Kixot”un birinci hissəsini yazmağa başlayıb. Eyni zamanda müxtəlif hekayələrini “Qaraçı qız”, “Qan gücü”, “Ledi Korneliyanın romanı”, “İtlərin söhbəti”ni yazıb. 1615-ci ildə “Don Kixot”un ikinci hissəsini başa çatdırıb. Əvvəlcədən cəngavər romanlarına satira kimi nəzərdə tutulan əsər müəllifdən asılı olmayaraq, insan və zaman haqqında dərin psixoloji analizə çevrilb, bütün dünyanı silkələyib.


“Don Kixot” Lamançlı Don Kixotun sərgüzəştlərindən ibarət iki hissəli roman olmaqla, ədibin dünya şöhrəti qazanmasında əsas yer tutub. Bu roman klassik Qərb və dünya ədəbiyyatının ən yaxşı romanlarından biri sayılır. Onun bədii üslubu ispan dilinin inkişafında mühüm rol oynayıb. Romanın bu qədər böyük uğur qazanmasının əsas səbəbləri yüksək bədii səviyyəsi (demək olar ki, başdan-ayağa aforizmlərlə yazılmışdır) və böyük tarixi-psixoloji əhəmiyyətidir.


Məşhur rus yazıçısı Dostoyevski deyib ki, Allah bir gün insanları imtahan etsəydi, sizə ağıl-kamal bəxş etmişəm, bu qədər məkan, bu qədər zaman vermişəm, siz nə etmisiz, nəyə qadirsiz desəydi, insanlar Servantesin “Don Kixotu”nu stolun üstünə qoyardı və Allah da razı qalardı.


Yuxarıda deyildiyi kimi, Servantes həm də böyük şair və dramaturqudur. Onun lirik şerləri və sonetləri “Don Kixot”dan az məşhur deyil. Servantesin dramları hələ Lope de Veqadan əvvəl İspaniyada böyük şöhrət qazanıb, yüz illər yaşayıb və indi də teatrlarda oynanılır.


Və son olaraq. 2011-ci ildə beynəlxalq təşkilatların bütün dünya üzrə keçirdiyi müsabiqədə, “Don Kixot” bütün insanların və bütün zamanların ən yaxşı yazılı sənət əsəri tituluna layiq görülmüş, “Ədəbiyyat tarixinin ən yaxşı kitabı“ seçilmişdir. Fikri soruşulan yüksək səviyyəli respondentlərin 57 faizi “Don Kixot”a səs vermişlər.


Qalib ARİF

Twitter
Sizə yeni tvit var
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər