Modern.az

Toylarla bağlı reydlər keçirilir - bəy-gəlinə hədiyyələr verilir

Toylarla bağlı reydlər keçirilir - bəy-gəlinə hədiyyələr verilir

7 İyul 2021, 11:48

Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargahın qərarına əsasən, 2021-ci il iyulun 1-dən müəyyən edilmiş şərtlər nəzərə alınmaqla şənlik mərasimlərinin (toy, nişan, ad günü və s.) keçirilməsinə icazə verilib. Bu tədbirlərdə koronavirus infeksiyasına qarşı tələblərə nəzarəti təmin etmək məqsədilə müvafiq dövlət qurumları tərəfindən müntəzəm olaraq monitorinqlər keçirilir. Bunun üçün Daxili İşlər Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələrindən ibarət monitorinq qrupları təşkil olunub.

 

İqtisadiyyat Nazirliyindən Modern.az-a verilən məlumata görə, monitorinq qrupları şənlik mərasimlərinin keçirildiyi obyektlərdə Nazirlər Kabinetinin müəyyən etdiyi şərtlərə əməl olunması vəziyyətini araşdırır və zəruri qaydalara əməl olunmaması hallarının qarşısını alır. Monitorinqlər zamanı şənlik mərasimlərinn keçirildiyi məkanlarda tələblərin ciddi pozulması müəyyən edilməyib, rast gəlinən bəzi hallar isə yerindəcə aradan qaldırılıb.

 

Qeyd edək ki, monitorinqlər zamanı yeni ailə quranlara hədiyyələr təqdim olunur, müvafiq qaydalar şənlik mərasimindən öncə bir daha toy və tədbirin keçirildiyi məkan sahiblərinin diqqətinə çatdırılır.

 

Daxili İşlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bir daha şənlik mərasimlərini təşkil edən vergi ödəyicilərinin və vətəndaşların nəzərinə çatdırır ki, Operativ Qərargahın müəyyən etdiyi qaydalar və şərtlərə əməl edilməli, dövlət qurumlarının sanitariya-gigiyena və karantin rejimlərinə nəzarət üzrə monitorinq qruplarının fəaliyyətinə şərait yaradılmalıdır. Monitorinq qruplarının məqsədi müvafiq qaydalara əməl edilməsinə, şənlik mərasimində iştirak edən şəxslərin sağlamlıqlarının qorunması üçün müvafiq mühitin yaradılmasına nəzarətin təmin edilməsidir.

 

Xatırladaq ki, şənlik mərasimlərinin təşkili ilə əlaqədar əsas qaydalar:

 

- 50 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan şənlik mərasimlərinin “İctimai iaşə müəssisələrində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər”də müəyyən olunmuş tələblərə uyğun olaraq təşkil edilməsinə icazə verilir. Bu tədbirlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə vacibdir. Lakin həmin şənlik mərasimlərində iştirak üçün COVID-19 pasportunun təqdim olunması tələb edilmir.

 

- 50 nəfərdən 150 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində isə yaşı 18-dən yuxarı olan bütün şəxslərin iştirakına yalnız COVID-19-a qarşı tam peyvənd olunması və ya COVID-19-dan sağalaraq immunitetə malik olması barədə təsdiqedici sənəd (COVID-19 pasportu) olduğu halda icazə verilir. Bu şənlik mərasimlərində iştirak edən qonaqlar üçün tənəffüs yollarını qoruyan fərdi vasitələrdən məcburi istifadə tələbi yoxdur.

 

- Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarına əsasən, 2021-ci il iyulun 1-dən etibarən COVID-19 pasport tələbi tətbiq olunan məkanlarda çalışan işçi heyətin (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) azı 80 faizinin COVID-19 pasportuna malik olması mütləqdir (1 avqustadək birinci doza qeyd olunmuş vaksinasiya sertifikatı qəbul edilir). Şənlik mərasimində xidmət göstərən heyətin (musiqiçilər istisna olmaqla) tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadəsi məcburidir.

 

- Şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi tərəfindən həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə məlumat müvafiq portala (icaze.e-gov.az) daxil edilməldir. Keçiriləcək tədbirin tarixinə ən azı 5 gün qalmış tədbirin keçirilmə tarixi, başlama və bitmə vaxtı, qonaq sayı barədə məlumatlar portala daxil edilməlidir. Şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı karantin rejiminin qaydalarına əməl edilməsi ilə bağlı şənlik və məkan sahibi birlikdə məsuliyyət və cavabdehlik daşıyırlar. 150 nəfərdən artıq iştirakçısı olan şənlik mərasimlərinin keçirilməsi növbəti yumşalma barədə qərar qəbul olunanadək qadağandır.

 

İnzibati Xətalar Məcəlləsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu