Modern.az

Deputat Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının potensialından danışdı

Deputat Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının potensialından danışdı

7 İyul 2021, 20:30

Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” imzaladığı fərmana əsasən ölkəmizdə artıq 14 iqtisadi rayon təsnifləşdirilir. İqtisadi rayonlar çoğrafi baxımdan fərqlənməklə yanaşı, eyni zamanda iqtisadi potensialına uyğun olaraq qiymətləndirmənin aparılmasına imkan verir.

 

Bu barədə Modern.az-a danışan deputat Vüqar Bayramov biıdirib ki, bu baxımdan yeni təsnifat artıq Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi zəfərdən sonra formalaşmış yeni düzənə, yeni reallıqlara uyğun olaraq həyata keçirilir:

 

"Artıq biz iqtisadi rayonların sırasında yeni adda - Qarabağ, Şərqi Zəngəzur iqtisadi rayonların adlarının daxil edilməsini müşahidə etdik. Bu, həm strateji, həm iqtisadi, həm də tarixi baxımdan kifayət qədər vacib qərardır. Əvvəlki təsnifatda Yuxarı Qarabağ, Kəlbəcər və Laçın iqtisadi rayonları vardı və yeni təsnifatda Qarabağ bölgəsində yerləşən rayonlar, Qarabağ iqtisadi rayonunda təmsil olunacaq.


Azərbaycanın 20 faizə yaxın ərazisinin 27 ildən çox işğal altında qalması həmin torpaqlarımızın iqtisadi potensialından istifadəsinə imkan verməyib. Əvvəlki təsnifata uyğun olaraq Yuxarı Qarabağ iqtisadi rayonu ötən il 637 milyon 70 min manat, o cümlədən Ağdam 172 milyon 934 min manat, Füzuli 138 milyon 652 min manatlıq məhsul istehsal edib. Dörd rayonu əhatə edən keçmiş Kəlbəcər-Laçın iqtisadi rayonunda isə cəmi 97 milyon 838 min manatlıq məhsul istehsal olunub. Bu istehsal da həmin rayonlardan bəzisinin bizim nəzarətimizdə olan yaşayış məntəqələrində, respublikanın digər bölgələrində məskunlaşan idarə və müəssisələri hesabına baş verib. Qarabağın ölkə iqtisadiyyatının əsas sahələri üzrə məhsul buraxılışında xüsusi çəkisi 0,7 faiz, keçmiş Kəlbəcər-Laçın iqtisadi rayonunun isə cəmi 0,1 faiz olmuşdu. Bu o deməkdir ki, uzun müddət işğal altında qalan ərazilərimizin ümumi iqtisadiyyatda payı tam rəqəmlə də ifadə olunmayıb".

 

"Qarabağ iqtisadi rayonunun mövcud potensialı, xammal və təbii ehtiyatlar və məhsuldar torpaq sahələrinin həcmini nəzərə alsaq, bərpa mərhələsindən sonra qısa zamanda həmin ərazilərimizdə məhsul istehsalının artacağı proqnozlaşdırılır. Bu o deməkdir ki, çox qısa zamanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa-yenidənqurma, yeni iş yerlərinin yaradılmasını və güclü iqtisadi inkişafı müşahidə edəcəyik.

 

Şərqi Zəngəzur iqtisadi rayonu strateji, iqtisadi və ən əsası tarixi baxımdan xüsusi əhəmiyyəti daşıyır. Şərqi Zəngəzur həmin bölgənin iqtisadi potensialının istifadə edilməsi və genişləndirilməsi aspektindən də vacibdir. Qarabağ iqtisadi rayonunun həm sənaye, həm turizm, həm də aqrar sektorda böyük potensialı var. Şərqi Zəngəzur da həm aqrar sahədə, həm də təbii ehtiyatlar baxımından kifayət qədər böyük potensiala malik iqtisadi rayondur. İşğaldan azad olunmuş bölgələrimizin bərpa və yenidən qurulmasını nəzərə alsaq, nəticədə işğaldan azad olunmuş ərazilərimizin, bütövlükdə Qarabağın bərpa, yenidənqurma prosesinin daha sürətli şəkildə həyata keçirilməsi, eyni zamanda iqtisadi inkişafın formalaşmasına daha sistemli və dövlət proqramları çərçivəsində yanaşmanın həyata keçirilməsinə imkan verəcək", - deyə parlamentari bildirib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi