Modern.az

Siyasi partiyaları tanıyaq: Bütün parlament seçkilərinə qatılan, heç vaxt qalib ola bilməyən TƏŞKİLAT

Siyasi partiyaları tanıyaq: Bütün parlament seçkilərinə qatılan, heç vaxt qalib ola bilməyən TƏŞKİLAT

8 İyul 2021, 11:06

Modern.az saytı ictimaiyyətin haqqında məlumatı olmadığı, ya da az tanıdığı siyasi partiyaları tanıtmağa davam edir.

“Siyasi partiyaları tanıyaq” rubrikasında bu dəfə Azadlıq Partiyası haqqında danışacağıq.

Partiya 1995-ci ildə təsis edilib. 2005-ci ildə dövlət qeydiyyatından keçib, sədri Əhməd Orucdur.

Əhməd Oruc qeyd edib ki, partiya demək olar ki, bütün parlament seçkilərində iştirak etsə də, heç vaxt qalib olmayıb.


Sədrin sözlərinə görə, partiyanın hazırda 43 rayon şöbəsi və 6 minə yaxın üzvü var.

Partiya sədri fəaliyyətləri, qarşıda duran maneələr haqqında Modern.az-a danışıb.


Onun sözlərinə görə, siyasi müxalifət partiyaları üçün çox saylı maneələr var:


“Birinci maneə ondan ibarətdir ki, qanuna müvafiq olaraq partiyalara qərargah ayrılmayıb. Baxmayaraq ki, guya bizim partiya hakimiyyətlə dialoqdadır. Hakimiyyət bizə normal fəaliyyət göstərmək üçün şarait yaratmır. İkinici məsələ isə Azərbaycan mətbuatında partiyalara münasibətdir. Hakimiyyətyönlü partiyalar mətbuatda təbliğ olunur, ancaq müxalif partiyalar nə hakimiyyətyönlü mediada, nə də internet resurslarında təbliğ olunur. Hətta İctimai TV belə bizim tələblərimizə baxmayaraq, fikirlərimizə yer vermir. Onlar sadəcə Azərbaycanda ictimai rəyi qarışdırmaqla məşğuldular. Bizim sonrakı narazılığımız ölkədə hakimiyyətin yürütdüyü siyasətdir”.


Ə.Oruc deyir ki, istənilən ölkənin iqtisadiyyatını çökdürə bilən faktorlardan biri rüşvətxorluqdur. O, korrupsiyaya yoluxan rüşvətxor məmurlarla mübarizənin sərtləşdirilməsinin tərəfdarı olduğunu vurğulayıb.

 

Əhməd Orucun sözlərinə görə, hakimiyyət siyasi partiyalara rəqibləri kimi baxır:

“Hakimiyyəti bu iqtidardan daha yaxşı idarə edə biləcək istənilən bir komandadan fəaliyyət, bir çağırış görsək, heç şübhəsiz dəstəkləyəcəyik. Dünyanın hər yerində siyasi partiyalara dövlət adamı yetişdirən bir institut kimi baxılır. Buna uyğun olaraq da dövlət tərəfindən maliyyə ayrılır. İnkşaf etmiş ölkələrin hamısında demək olar ki, belədir. Azərbaycanda isə hakimiyyət pərdəarxası yardım etməklə partiyaları ələ almağa çalışır. Ancaq gerçək maliyyələşmə indiki qanunvericiliyə görə, yalnız parlamentdə təmsil olunan partiyalara şamil olunur. Parlamentdə təmsil olunmaq üçün partiyalar isə cəmiyyətin rəyindən asılı olmayaraq, hakimiyyətin istəyi ilə seçilir. Bu baxımdan bizim hakimiyyət tərəfindən maliyyələşməyimiz sıfır səviyyəsindədir.

Partiyaların əvvəlki kimi mətbuat resursları yoxdur. Ölkədə fəaliyyət azadlığı aşağı səviyyədədir. Yeni Azərbaycan Partiyasının bütün müəssələrdə çevrələri var. Ancaq hər hansısa bir müxalifət partiyanın rəhbərinin, üzvünün məktəbdə, universitetdə işləməsi mümkünsüzdür. Onlar siyasi mövqeyinə görə təzyiqlərə məruz qalırlar. Əvvəllər Azərbaycanda bəzi partiyaların xaricdən maliyyələşməsi prosesi var idi, indi onun da qarşısı  alınıb. Ona görə də, Azərbaycanda müxalif partiyaların fəaliyyət göstərməsi həddən artıq çətindir. Bütün çətinliklərə baxmayaraq, müxalif partiyalar öz savaşlarını davam etdirirlər.

Bizim də digər müxalifət partiyaları kimi ofisimiz yoxdur. Əslində əvvəl bizə bir ofis təklif etdilər, o da toyuq damına oxşayırdı. Bu baxımdan həmin ofisdən biz imtina etdik. Hesab edirik ki, doğru qərar qəbul etmişik. Orda normal fəaliyyət göstərmək olmazdı”.

 

Aysel Məhərrəm

Whatsapp
Bizə yazın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir