Modern.az

Nazim İmanovun İnstitutu Qarabağ iqtisadiyyatının tədqiqatını APARIR

Nazim İmanovun İnstitutu Qarabağ iqtisadiyyatının tədqiqatını APARIR

İqtisadiyyat

8 İyul 2021, 13:30

“AMEA-nın İqtisadiyyat İnstitutunda Qarabağın bərpa və yenidənqurma proqramlarının hazırlanması üzrə Azərbaycan hökumətinin həyata keçirdiyi sistemli fəaliyyətə töhfə vermək məqsədilə iqtisad elmləri doktoru, professor Akif Musayevin rəhbərliyi ilə Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzi yaradılıb”. 


Bunu Modern.az-a açıqlamasında AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Mahir Zeynalov İqtisadiyyat İnstitutunun işğaldan azad edilmiş ərazilərdəki yenidənqurma işlərinə dair fəaliyyətindən danışarkən bildirib.


M.Zeynalov deyib ki, əsas məqsəd Qarabağın iqtisadiyyatının yenidən qurulmasına elmi dəstək verməkdir:


“İlkin baxış və qiymətləndirmələr təsdiq etdi ki, azad edilmiş ərazilərin əksər hissəsi tamamilə dağıdılmış, yaşayış üçün yararsız hala salınmışdır. İndi Azərbaycan cəmiyyətinin və dövlətinin qarşısında bu ərazilərin bərpası, orada iqtisadiyyatın dirçəldilməsi, yenidən qurulması ilə bağlı irimiqyaslı vəzifələr dayanır.

Mərkəz bərpa və yenidənqurma prosesləri üzrə tədqiqatlar aparır, yaşayış məntəqələrinin bərpasının, infrastruktur və həyat təminatı sistemlərinin yenidən qurulmasının, əhalinin öz daimi yaşayış yerlərinə repatriasiyasının və bu qəbil digər problemlərin sosial-iqtisadi məsələlərini araşdırır. Bu sırada enerji təminatının, su və qaz təchizatının, kanalizasiya sistemlərinin bərpasına, nəqliyyat və telekommunikasiya sistemlərinin yenidən qurulmasına, mülki idarəetmə orqanlarının iş infrastrukturunun və sosial obyektlərin yenidən yaradılmasına xüsusi diqqət yetirilir. Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin işinə təkcə İnstitutun əməkdaşlarını deyil, digər qurumların mütəxəssislərini, həmçinin,  müstəqil ekspertləri də cəlb etmək nəzərdə tutulur.

İnstitutun 2 alimi -  İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli (İmanov) və professor Akif Musayev ölkə Prezidentinin sərəncamı ilə yaradılmış “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı” nəzdin­də fəaliyyət göstərən “Akademik işçi qrupu”nun üzvüdürlər. Bununla yanaşı, İnstitutun bir neçə əməkdaşı “Azərbaycanın post-konflikt ərazilərinə repatriasiyanın proqnozlaşdırılması və effektiv təşkili” üzrə Tədqiqat qrupunun üzvüdür. Bu tədqiqat dövlət sifarişi əsasında, müstəqil qrup şəklində fəaliyyət göstərən alimlər tərəfindən aparılır. Təlim heyətinə digər qurumlardan daxil edilməsi nəzərdə tutulan (ADA Universitetindən və UNEC-dən) mütəxəssislər də həm həmin “Akademik işçi qrupun”, həm də Effek­tiv repatriasiya üzrə Tədqiqat qrupunun üzvləridir”.

 

Şöbə müdirinin sözlərinə görə, AMEA İqtisadiyyat İnstitutu dövlət əhəmiyyətli sənədlərin-qanun layihələrinin və dövlət proqramla­rının hazırlanması və ekspertizası sahəsində ciddi təcrübəyə malikdir:

 

“İnstitut, Strateji Yol Xəritələri­nin ekspertizasında və yekun variantının hazırlanmasında bilavasitə iştirak edib. Azərbaycan Mərkəzi Bankının və MasterCard Advisers şirkətinin sifarişi ilə İnstitutun hazırladığı “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunub və icra edilməkdədir. İnstitutun əməkdaşları müxtəlif dövlət qurumlarının, nazirlik və komitələrin nəzdində fəaliyyət göstərən 20-dən artıq işçi qrupda təmsil olunurlar.

 

Hesab edirik ki, Qarabağın iqtisadiyyatının müasir standartlar səviyyəsində yenidən qururlmasında sahibkarların mühüm rolu olacaq. İnstitutun daha bir vacib hədəfi – ölkə sahibkarlarının post-konflikt reabilitasiyada iştiraka hazırlıq səviyyəsini qiymətləndirmək və zəruri təşviq mexanizmləri haqqında onların rəyini öyrənməkdir. Bu məqsədlə ADA Universiteti ilə birlikdə sahiblkarlar arasında sorgular keçirilir. Bərpa proqramlarının təkmilləşdirilməsi, post-konflikt ərazilərin yenidən qurulmasında ölkə sahibkarlarının işgüzar fəallığının yüksəldilməsi mühüm əhəmiyyətə malikdir”.

 


M.Zeynalov qurucluq işlərinə cəlb olunacaq sahibkarlarla mütəmadi görüşlər keçirildiyinə də diqqət çəkib:


“Ötən ay Azərbaycan Beynəlxalq Bankı Sahibkarlar Klubuna üzv olan bir qrup iş adamı üçün Dövlət Vergi Xidmətinin Şamaxıda yerləşən Tədris Mərkəzində “Post-konflikt ərazilərin bərpası: biznes imkanları” mövzusunda təlimlər təşkil edib. Təlimin iştirakçıları olan 30-dan artıq müxtəlif sahələri təmsil edən sahibkarla azad edilmiş ərazilərimizdə iqtisadiyyatın yenidən qurulması, sahibkarlığın inkişafı və yeni biznes imkanları geniş müzakirə edilib, Azərbaycan Beynəlxalq Bankının iş adamlarına təqdim etdiyi məhsul və xidmətlər, eləcə də mühasibatlıq, biznesin təkmilləşdirilməsi ilə bağlı mövzular təqdim olunub.

Qarabağda bərpa və yenidənqurma, yeni iqtisadiyyat quruculuğu ölkəmizin sahibkarları qarşısında tamamilə fərqli, indiyədək görünməmiş, genişmiqyaslı və genişspektrli imkanlar açır. Söhbət sahibkarlarımızın, sadəcə, öz vətəndaşlıq borclarını yerinə yetirərək, bu ərazilərin həyata qaytarılmasında iştirakından deyil, eyni zamanda öz professional fəaliyyətləri çərçivəsində yeni biznes layihələri gerçəkləşdirməsindən gedir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı