Modern.az

Azərbaycan diasporunu ilk dəfə birləşdirən TƏXRİBAT

Azərbaycan diasporunu ilk dəfə birləşdirən TƏXRİBAT

12 İyul 2021, 16:24

Bu gün 2020-ci ilin 12-16 iyul tarixlərində baş vermiş Tovuz döyüşlərinin  ildönümüdür.


Həmin hadisələr zamanı general-mayor Polad Həşimov və daha 11 hərbçimiz şəhid oldu. Amma ordumuz da öz gücünü düşmənə göstərdi, işğalçılar layiqli cavab aldılar.


Tovuz döyüşləri zamanı xalqımız birlik nümayiş etdirdi. O günlərdə yaşadığı yerdən aslı olmayaraq, hər kəs bir amal ətrafında birləşmişdi. Azərbaycan xalqı öz gücünü, haqq səsini dünyaya nümayiş etdirə bildi.


O zaman Azərbaycan diasporu da mütəşəkkillik göstərdi. İlk dəfə milli birlik və həmrəylik nümayiş etdirən xaricdəki soydaşlarımız Azərbaycan dövlətinin, ordusunun yanında olduğunu sübuta yetirdi. Diaspor təşkilatları dünyanın 30-dan çox ölkəsində 70-dən artıq etiraz aksiyası keçirdi. Bu aksiyalarda ümumilikdə 25 mindən çox soydaşımız, eləcə də dost və digər xalqların nümayəndələri iştirak etdilər.


Diaspor təşkilatlarının nümayəndələri Tovuz döyüşləri zamanı göstərilən fəaliyyət barədə bir daha Modern.az-a danşıblar.


İsveçrə Azərbaycan Koordinasiya Şurasının əlaqələndiricisi Əkbər Gəncə ötən il baş verənlərlə əlaqədar etiraz aksiyası təşkil etdiklərini xatırladıb:


“Ötən il iyulun 19-da BMT-nin Cenevrə şəhərindəki qərargahının önündə Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində növbəti hərbi təxribatlar törətməsinə qarşı böyük etiraz aksiyası keçirdik.

Əvvəlcə ermənilərin Tovuz döyüşlərində qətlə yetirdiyi şəhidlərimizin hamısını 1 dəqiqəlik sükutla yad etdik. Aksiyada Sülhpərvər, beynəlxalq hüquq normalarına hörmətlə yanaşan, bəşəri dəyərlərə böyük önəm verən müstəqil Azərbaycanın hər sınaqdan güclü olaraq çıxacağı, Dağlıq Qarabağın mütləq Ermənistanın işğalından azad olunacağı vurğulandı. Çıxış edənlər BMT-dən Ermənistanın təxribatlarını və hücumlarını araşdırmaq üçün missiya təşkil etməyə, dünya birliyini işğalçı Ermənistana qarşı tədbirlər görməyə çağırdılar. Azərbaycan və Türkiyənin dövlət bayraqlarının dalğalandırıldığı, Ermənistanın işğalçı siyasətinə etiraz plakatlarının qaldırıldığı aksiyada “Azərbaycana ədalət!”, “Dağlıq Qarabağ Azərbaycanındır!”, “Ermənistanın işğalına son qoyulsun!” şüarları səsləndirildi”.



Əkbər Gəncə bu tədbirlərlə azərbaycanlıların birlik nümayiş etdirdiyini söyləyib:


“Bu tədbirlə biz göstərdik ki, Azərbaycan xalqı bir nöqtəyə vurur. Xaricdə yaşayan həmvətənlərimiz Azərbaycanın səsini hər yerə yaymalı və uca tutmalıdırlar. Bununla da biz haqq səsimizi hər kəsə çatdırdıq. Şəhid olan hərbçilərimiz vətənimizi, dinc insanlarımızı, sərhədimizi qorumaq üçün canlarını fəda etmişdilər.
Biz mənfur düşmənə meydan verməyəcəyik, vermədik də.

44 günlük haqq savaşımızda bütün şəhidlərimizin qisası alındı. Tovuz döyüşləri mübarizəmizin başlanğıcı oldu.  Şəhidlərimizin hər birini hörmətlə yad edib, ruhları qarşısında baş əyirik”.

 

Polşa Azərbaycanlıları Şurasının rəhbəri Fərid Cəfərli həmin ərəfədə ermənilərin keçirəcəyi aksiyanın qarşısını aldıqlarını bildirib:


“Ötən il birliyimizi bir daha nümayiş etdirərək, ermənilərin əvvəlcədən planlaşdırdığı təxribatın qarşısını aldıq.

Ötən il 16 iyul saat 14:00-da səfirliyimiz qarşısında aksiya keçiriləcəyi barədə xəbəri alan kimi əks tədbirlər gördük. Tez bir zamanda Polşada yaşayan soydaşlarımızla əlbir olub, səfirliyimizin qarşısında toplaşmaq qərarı aldıq.

Düşmən səfirliyimizin qarşısına gəldikdə heç gözləmədiyi bir mənzərə ilə qarşılaşdı. Bayraqlara bürünmüş, üzərində Qarabağ həqiqətləri yazılmış lövhələri qaldırmış məğrur xalqın nümayəndələri onları gözləyirdi. Planlarını alt-üst edib, erməniləri yerlərinə oturmağa məcbur etdik. Çünki onlar düşünərkən, biz hərəkət etmişdik. Biz bunu birlikdə bacardıq. Bu həm də soydaşlarımızın Azərbaycan ordusuna olan dəstəyi idi. Bir olaraq erməni diasporunun təxribatının qarşısını ala bildik. Xalqımızın birliyi, ordumuza göstərdiyi dəstək əsgərlərimizə 44 günlük Vətən müharibəsində qələbə qazanmaqda kömək etdi”.

 

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov Tovuz döyüşlərindən sonra şanlı ordumuzun qalibiyyət qazandığını söyləyib:


“Tovuz hadisələri Azərbaycanda yaşayan soydaşlarımızı hiddətləndirdiyi kimi,  xaricdəki həmvətənlilərimizi də qəzəbləndirdi. Çünki ardıcıl olaraq davam edən erməni təxribatına bir son verilməliydi. Hər gün biz ermənilərdən təxribat gözləyirdik. Açığını desək, indi də gözləyirik. Sadəcə olaraq dəyişən odur ki, ermənilər məğlubiyyətə uğradılar. İndi əvvəlki azğınlıqlarını davam etdirməyə qorxurlar, çəkinirlər. Ancaq onu bilmək lazımdır ki, ermənilər istənilən an imkanları olan kimi Azərbaycana, dünyadakı türklərə qarşı öz təxribatlarını davam elətdirəcəklər”.


H.Cavadovun sözlərinə görə, xalqımız hər an erməni təxribatlarına hazır olmalıdır:


“Hər bir halda Azərbaycan dövləti, xalqı erməni təxribatlarına qarşı hazır olmalıdır. Belə qonşusu olan bir dövlət, millət hər gün təxribatlara hazır olmalı və onlara cavab verməyə gücə sahiblənməlidir. Azərbaycan diasporu buna hazırdır. Və 44 günlük mübarizədə qazanmış olduğumuz qələbə bizi daha da güclü edib. Düşünürəm ki, ermənilər təxribatlardan çəkinəcəklər. Amma onlara etibar yoxdu”.

 

Avropa Azərbaycanlıları Konqresi idarə heyətinin üzvü, Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov Azərbaycan diasporunun birlik nümayiş etdirərək, öz dövlətinin yanında olduğunu deyib:


“Keçən il iyul ayının 12-də ermənilər Azərbaycan sərhədlərini pozaraq, Tovuz istiqamətində hücum etdilər Həmin hadisələr zamanı bizim 12 hərbçimiz şəhid oldu. Başda general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev olmaqla bir daha bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik, inanırıq ki, Azərbaycan əsgərləri öz şəhidlərinin qisasını artıqlamasıyla alıblar.

Bu hadisələr baş verən zaman biz Niderlandda yaşayan azərbaycanlılar Benilüks Azərbaycanlılar Konqresi olaraq, dərhal toplantı təşkil etdik. Azərbaycanlı təşkilat rəhbərlərinin hər biri orada iştirak etdi. Biz orada qərara aldıq ki, beynəlxalq qurumlara, Niderland parlamentinə, Avropa Birliyinə dərhal bəyanatlar ünvanlansın. Eyni zamanda da Niderland parlamentinin qarşısında böyük bir etiraz aksiyası həyata keçirilsin. Bu tədbiri diaspor təşkilatları olaraq, bərabər həyata keçirdik. Həmin ərəfədə Azərbaycan diasporu tam mütəşəkkil şəkildə birlik nümayiş etdirərək, öz dövlətinin, əsgərlərinin yanında oldu”.


E.Məmmədovun sözlərinə görə, Tovuz hadisələri Qarabağdakı qələbimizə təkan verdi.


“Azərbaycan torpaqları artıq işğaldan azad olunub. Və şəhidlərimizin qisası artıqlaması ilə alınıb.  Başda general-mayor Polad Həşimov olmaqla bütüm şəhidlər Azərbaycan əsgərləri üçün simvola çevrildilər.  Bir çox əsgərlərimiz daha çox onlara oxşamağa can atdılar. Onlar kimi öz vətəni, dövlətini qorumağa çalışdılar. Biz hər zaman öz şəhidlərimizlə fəxr edirik. İnanırıq ki, bundan sonra Polad Həşimov kimi generallarımız, İlqar Mirzəyev kimi polkovniklərimiz olacaq.

Sevinirik ki, dövlətimiz öz gücünü, diplomatiya bacarığını bütün dünyaya sübut etdi. 12-16 iyulda baş verən hadisələr bizim qələbəmizə təkan verdi. Məhz həmin təkandan sonra artıq Azərbaycan xalqı, əsgəri konkret olaraq qərara gəldi ki, ermənilərlə sözlə danışmaq olmaz. Düşmənlə ancaq güc yolu ilə danışılmaldır. Başda Ali Baş Komandan olmaqla, igid ordumuz əks-hücum əməliyyatları həyat keçirdi. Bununla da zəfər qazandıq. Torpaqlarımızı düşməndən azad etdik”.


Nəzrin Vahid

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir