Modern.az

“Yeni Müsavat”ın savaş müxbiri: “Hətta vəsiyyət etmişdim, ölsəm ailəmə necə baxılacağı ilə belə maraqlanmışdım” - MÜSAHİBƏ

“Yeni Müsavat”ın savaş müxbiri: “Hətta vəsiyyət etmişdim, ölsəm ailəmə necə baxılacağı ilə belə maraqlanmışdım” - MÜSAHİBƏ

Müsahibə

13 İyul 2021, 09:19

“Kamera qarşısında və kamera arxasında gözyaşlarımı axıtmamaq üçün əlimdən gələni edirdim” 


Bir var tarixi yaradanlar, bir də var bu tarixi yazanlar. Ötən ilin 44 günündə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında  Azərbaycan Ordusu tariximizin ən şanlı səhifələrini yaratdılar.  Ordunun bu qəhrəmanlığını yazıya və görüntüyə alanlar isə jurnalistlər oldu. Milli Mətbuat günü ərəfəsində Azərbaycanın 44 günlük şərəf tarixini yazanlar, savaş jurnalistləri ilə bağlı layihəmiz davam edir.

Modern.az-da növbəti həmsöhbətimiz “Yeni Müsavat” qəzetinin savaş müxbiri, foto-jurnalist, Vətən Müharibəsi dönəmində qaynar bölgələrdən çəkdiyi rəsmlər dünyanın nfuzlu media orqanlarında yayımlanan Məhəmməd Türkməndir.   


-
Məhəmməd, Vətən Müharibəsi başlayanda paytaxtdan cəbhə bölgəsinə gedənlərin içərisində ilk sıralardaydın. Özünü hərbi jurnalist sayırsanmı?

 

- Ölkəmizdə hərbi jurnalistlərin azlığı məsələsi hər kəsə məlumdur. Son hadisələr göstərdi ki, Azərbaycanda ekstremal jurnalistika sahəsi çox geridə qalıb. Bu proseslərə hazır barmaqla sayılacaq qədər  az sayda jurnalistlərimiz var. Onlar da, mən daxil, iştirak etdikləri təlimlər, daha əvvəlki kiçikçaplı döyüşlərdən aldıqları təcrübələr sayəsində bu yerə gəlib çıxıblar. Son hadisələr göstərdi ki, bizdə həqiqətən də bu sahədə ciddi boşluqlar var. 30 il ərzində müharibə şəraitində olan ölkədə hərbi jurnalistlərin, ekstremal jurnalistlərin yetişməməsi ciddi problemdir. İnşallah bundan nəticə çıxarılar və dövlət tərəfindən bu sahəyə yatırımlar, dəstək artar. Mən 2014 avqust döyüşləri, Aprel döyüşləri, Tovuz hadisələri də daxil bütün kiçikçaplı döyüşlərdə iştirak etdiyimdən çalışdığım yerdə də Vətən müharibəsini işıqlandırmaq üçün ilk namizəd idim. Ona görə rəhbərlik də mənim namizədliyimi irəli sürdü, özüm də əməkdaşlar içərisində daha təcrübəli olduğumu əsas gətirərək getmək istədiyimi söylədim. Bu müharibəni mən illərdir ki,  gözləyirdim. Bu günü görməyin mənə nəsib olacağına bəlkə də inanmırdım. Çox şükür ki, nəsib oldu və mən də jurnalist kimi bu müharibədə iştirak etdim.

 

- Biz bu savaşda hansısa sıradan bir hadisəni çəkən jurnalist deyildik. İllərdir nankor qonşunun vəhşiliklərindən əziyyət çəkən bir xalqln övladlarıyıq. Ona görə də bir çox hallarda baş verənlərə jurnalist soyuqqanlılığı nümayiş etdirmək əlimizdə olmurdu. Bu müharibə boyu jurnalist olduğunu unutduğunuz,  hisslərinə hakim ola bilmədiyiniz  məqamlar oldumu? 

 


- Təbii ki, vətəndaşı olduğun, böyüdüyün, yaşadığın ölkənin müharibəsində jurnalist kimi iştirak eləmək elə də asan deyil. Vətən Müharibəsində hisslərimi cilovlaya bilmədiyim bir neçə hadisə olub. Mənə ən pis təsir edən və özümə gələ bilmədiyim isə  Bərdə hadisəsi oldu. O hadisədən sonra mən özümü çox pis hiss edirdim, bəlkə də insanlıqdışı düşüncələrim vardı. Uşaqların orada ermənilərin atdığı raketlə qətlə yetirilməsi məni həddən artıq sarsıtmışdı. Həmçinin Gəncə terroru... Müharibə elə bir şeydir ki, orada itki vermək, şəhid verməni normal qarşılamaq olur. Çünki, bu müharibədir. Amma günahsız insanların, müharibədə iştirak etməyən, əli silahsız, hərbi geyimdə olmayan mülki şəxslərin yaşadıqları, normal həyatlarına davam etdikləri anda mərmi atəşində tutulmaları, onlara raketlərin atılması qəbuledilməz bir hadisə idi. Tovuz döyüşləri, şəhid dəfnlərində iştirak da mənim üçün olduqca çətin idi. Kamera qarşısında və kamera arxasında gözyaşlarımı axıtmamaq üçün əlimdən gələni edirdim, yaddaşlarda belə qalmaq istəmirdim. Başqa sözlə,  biz oraya xəbər dalınca getmişdik, xəbər olmaq istəmirdim. Düşünürəm ki,  peşakar jurnalist məhz  belə davranmalıdır. Yəni, belə deyim, özünü toparlamaq imkanı olduğu halda ağlayıb, özünü itirməni mən normal qəbul etmirəm. Jurnalist bu cür məqamlarda güzgü kimi davranmalıdır, baş vermiş hadisəni əks etdirməlidir. Həm Vətən Müharibəsində, həm də Tovuz hadisələrində dəfələrlə olub ki, kameramı yerə qoyub hönkür-hönkür ağlamışam. Həmkarım İlkin  Muradov da həmçinin. Amma özümüzü toplayıb işimizə davam etmişik. Çünki bu bizim vəzifə borcumuzdur, bunu çəkməliyik, işıqlandırmalıyıq ki, hamı görsün. Biz də özümüzü itirsək, hər şeyi dayandırsaq insanlar xəbərsiz qala bilərdilər.

 

- Ayrı-ayrı kəndlərin, şəhərlərin qələbə xəbərlərini alanda hansı hissləri keçirirdiniz? Ən çox hansı xəbər sizi sevindirdi?

 

- Biz cəbhə bölgəsində olduğumuza görə, şəhər və kəndlərin, qəsəbələrin azad olunması xəbərini daha tez əldə edirdik. Amma rəsmi elanı gözləyirdik ki, sonra biz də bu barədə yazaq, paylaşaq, xəbər verək. Mənim ən çox yadımda qalan, heç vaxt unutmayacağım və mənim üçün ən xoş olan xəbər Füzulinin işğaldan azad olunma günü oldu. Tam da mənim doğum günümə təsadüf etdi.  Füzulinin azad olunması uzun çəkdi.  Orada düşmənin qurduğu beton sədlərin aşılması, bunun üçün günlərlə mübarizə aparılması gözümüzün önündə idi. Təbii ki, bir də ən çox sevindiyim Şuşa idi. Şuşanın azad olunması heç vaxt yadımdan çıxmaz. Ümid edirəm ki, Xankəndiyə də, Xocalıya da,  o şəhərlərimizdə bayrağımızın dalğalanmasına da sevinərik.

 

- Bu  müharibə sırasında erməni terrorunun dəhşətli üzünü gördünüz.  Bu dəhşətlərdə ən çox  üzüldüyünüz an hansı oldu? 


- Yaşlı insanı da, cavanı da, uşağı da, hamısı bizimdir. Yəni, erməni terroru nəticəsində dünyasını dəyişənlərdən hər hansı birinə daha çox üzülmək, və ya  az üzülmək deyə bir şey xatırlamıram. Biz raket atılandan sonra Gəncəyə getmişdik və mən orada bir çəkiliş etmişdim. Bir evə raket düşmüşdü və orada evdən ayaqyalın qaçan ailənin uşağının ayaqqabısı düşmüşdü. Balaca uşaq ayaqqabısı idi, maksimum iki yaşlı uşağa aid ola bilərdi. Onun bir ayaqqabısı qalmışdı yolun ortasında. Ətraf dağınıq vəziyyətdəydi. Mənə çox pis təsir etmişdi. Mən onun fotosunu da çəkmişdim. Dua və ümid edirdim ki, o uşağa heç nə olmayıb, o uşaq oradan sağ-salamat çıxıb. Sonradan maraqlandım ki, o uşağa həqiqətən də heç bir şey olmayıb. Hadisə vaxtı ailə evdə olub, amma sadəcə yüngül xəsarətlərə xilas olublar, uşağa bir şey olmayıb. Sadəcə qorxub və ağlayıb. Qaçarkən də ayaqqabısının sağ tayı küçəyə düşmüşdü. O anı heç vaxt unuda bilmərəm. Mən günlərlə düşünürdüm ki, görəsən o uşağa nəsə olubmu-olmayıbmı. Sanki öz övladımmış kimi dua edirdim o uşağa bir şey olmasın deyə. 

 

- İş prosesi necə idi? Güllə, mərmi yağışları altında necə işləyirdiniz? Operativliyi təmin edə bilirdinizmi? 


- Daha əvvəl döyüşlərdə iştirak etdiyimə görə, mənim üçün mərmi altında, mərmi səsində işləmək elə də çətin deyildi. Elə çətin deyildi deyəndə ki, adam bir müddət sonra alışır. Yəni, anlayırsan ki, birbaşa güllə altında, döyüşün içində deyilsən, amma onun bir parçasısan. Heç bir əsgərdən, zabitdən, döyüşçüdən artıq olmadığını anlayırsan.  Həmişə düşünürsən ki, onlar səndən daha öndədir və onlar daha çox təhlükədədir. Operativliyə gəldikdə isə, ilk günlərdə bildiyiniz kimi VPN məhdudiyyəti var idi nömrələrə və internet problemi yaşayırdıq. Amma sonradan biz müraciət elədik ki, bəs media ərazidə İnternetsiz işləyə bilmir və onlar bizim nömrələrimizdəki məhdudiyyəti aradan qaldırdılar. Beləliklə iş prosesimiz daha da sürətləndi. Operativlik baxımından problem yaşamadıq. Yuxusuz qalmaq, uyğun olmayan şəraitdə gecələmək, gec yemək və s. bunlar adi hallardı. Amma yenə də oradakı əsgərlərin çəkdiyi əziyyətin heç 10 faizini çəkmirdik. Əsgərlərimiz əsl qəhrəmandır.

 

- Yalnız işlədiyiniz sayta məlumatlar ötürürdünüz, yoxsa xarici media da Sizin xəbərlərinizdən yararlanırdı?

 

- Bizim iş prinsipimiz belədir ki, öncə çalışdığımız media orqanına  xəbər ötürməliyik və başqa hər hansı  yerlə əməkdaşlıq etməməliyik. Biz də buna əməl edirdik. Amma mənim çəkdiyim şəkillərdən dünya mediasında, xarici media orqanlarında istifadə edənlər olub. Zatən çalışdığımız media qurumlarını da böyük oxucu kütləsi izləyirdi. Sosial şəbəkədə də paylaşımlar edirdik ki, insanlar məlumatsız qalmasın. Hər saatbaşı bir paylaşım edirdim. Çünki insanlar narahat idi, bizdən məlumat gözləyirdilər. Düşmən informasiya cəbhəsində də güclü işləyirdi,  dezinformasiyalar yayırdılar.  Bu mübarizədə biz də iştirak eləməli idik. Elə olub ki, mən özəl video çəkib göndərmişəm. Adminlər müraciət edirdilər ki, “bəs belə bir video yayılıb, bu doğrumu, yalanmı, xahiş edirik görüntülü izah edin. İnsanlar sizə güvənir, inanır, izləsinlər və bilsinlər ki, xəbər yalandır, ya da doğrudur”. Şəxsən mənim bir neçə dəfə çəkib göndərdiyim olub.

 

- Siz də, bir neçə digər həmkarınız da jurnalistlər üçün məhdudiyyətlərin çoxluğundan şikayətlənirlər. Amma hərb sənətindən başı çıxanlar bunun qanunauyğunluq olduğunu deyir, əks halda jurnalistlər arasında ölüm hallarının çox ola biləcəyini, eyni zamanda bilməyərəkdən jurnalistlərin düşmənə koordinatlar verə biləcəyini deyirlər. Razısınızmı bu arqumentlərlə?

 

- Biz orada yaradılan şərait deyəndə yumşaq yastıq, otel nəzərdə tutmurduq. Mən ümumiyyətlə “məhdudiyyətlər olmasaydı jurnalistlərdən itkilər ola bilərdi” fikriylə razılaşmıram. İtkilər ola bilər və  bunu normal qəbul edirəm. Bu müharibədir. Biz üç min şəhid vermişik. Bir dənə də jurnalist Məhəmməd Türkmən olsaydı bir şey olmazdı.  Şəxsən mənim üçün problem deyil. Mən ora gedəndə bunu da gözə alıb getmişdim. Hətta vəsiyyət etmişdim, ölsəm ailəmə necə baxılacağı ilə belə maraqlanmışdım. Necə olacaq, təmin olunacaqmı? Bunların hamısını gözə  alıb gedirsən zatən. Peşə borcunu yerinə yetirən zaman şəhid olursan. Bu təbii ki, arzuolunmazdır, amma qəbul olunacaq bir şeydir. Heç kəs mərminin üstünə, yanına düşəcəyindən sığortalanmayıb. Ölməmişik. Amma Məhəmmədlə Siracın şəhid olması məsuliyyətsizliyin, onları ora aparanların yolu yoxlamaması, minalardan təmizləməməsinin nəticəsi idi. Bu qəbuledilməzdir. Biz məhdudiyyətlər yaranırdı deyəndə, “ora girmək olmaz”, “bura keçmək olmaz”, “ora getmək olmaz” qadağalarını nəzərdə tuturduq. Amma başqaları gedir, çəkir, göstərir sonra da yerli media qınanır ki, siz niyə getmirsiz. Siz yatmısız, qorxaqsız. Amma anlamırlar ki, yerli media özbaşına hər hansı yerə girə bilmir. Girsə onun ciddi cəzası ola bilər. Yerli mediaya bu məhdudiyyətlər tətbiq olunub, onlara görə bu doğrudur, bizə görə isə yanlışdır.

 


- Jurnalistlərin bir çoxu fəaliyyətləri sırasında real təhlükəylə də üzləşdikləri vaxtlar olub.  Belə hallarla qarşılaşdınızmı heç?

 

- Müharibədə elə kəndlər vardı ki, təhlkəsizlik məqsədilə o kəndlərdən əhalini köçrmüşdülər. Çünki aktiv artilleriya atəşi altında idi. Bu kəndlərə girib vurulan evləri çəkməli idik. Girib çəkirdik də. Və həmin vaxtlarda bir neçə dəfə yaxınlığımıza mərmi düşməsi halları ilə də qarşılaşmışıq, amma işimizə ara verməmişik. Əgər vəziyyət həddən artıq pisləşirdisə, mərmi atəşi davam edirdisə, demək həmin ərazi aktiv olaraq atəş altındadır. O zaman biz ərazini tərk edirdik. Tovuz döyüşlərində də həmçinin yaxınımıza mərmi düşüb. Şans əsəri ölümdən qaça bilmişik. Amma bu da işimizin bir parçasıdır və mən şəxsən bunu normal qarşılayıram. Dəfələrlə qarşılaşmışıq belə hallarla, amma bir şey olmayıb. Ölməmişik şükür, yaralanmamışıq. Sağ-salamat ailəmizin yanına qayıtmışıq. Yenə döyüş olsa, müharibə olsa, yenə getməyə hazıram.

 

- Qələbə Günümüzü necə xatırlayırsınız?


- Bəli, bu çox böyük qələbədir. Azərbaycan xalqı kiçik bir futbol qələbəsinə həddən artıq, bəlkə də 5 dəfə artıq sevinirdi. Çünki biz qələbəyə ac millətik. İllərdir qələbə üzünə həsrət idik və qələbədən çox məğlub olduğumuz günlərimiz vardı. Amma artıq qələbə günlərimiz var. Təbii ki, bu unudulmayacaq, kitablara yazılacaq, tarixlərə geçəcək, həkk olunacaq bir gündür. Bu günləri görmək xoşbəxtliyini yaşamaq böyük bir sevincdir həqiqətən.

 

Azadə Balayeva

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər