Arxiv
14 İyul 2021, 10:54 | MƏDƏNİYYƏT
Milli Qəhrəmanıın oğlu: “Şəkillərinə baxdıqca, dünyam başıma yıxılır”

Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev atasının ölümü barədə yazıb.

Modern.az-ın məlumatına görə, Elvin Mirzəyev atası ilə fəxr etdiyini bildirib:


“Canım, gözəl atam. Artıq sənin bizim yanımızdan ayrılmağının 1 ili tamam oldu. Sənin üçün çox darıxırıq. Necə tez gəldi keçdi bu 1 il... Mənim Qəhrəman atam, niyə belə oldu? Niyə vaxtsız ayrılıb getdin? Şəkillərinə baxdıqca, dünyam başıma yıxılır. Heç kim bəzən başa düşmür məni. Kimsə bilmir nələr çəkdiyimi. Çox vaxt ürəyimdə yaşayıram bütün əzabları. Mən hər zaman səninlə dərdləşərdim.

İndi kimə nə deyim? Heç kim sənin kimi dinləməz, gülməz, başa salmaz. Sən hər zaman bizim ailəmizin Qəhrəmanı olmusan, elə də olacaqsan. Bütün Azərbaycan xalqı səninlə qürur duyur, atam. Kursant yoldaşların deyir ki, atanın sözü var idi: Ya general olacağam, ya da hamıdan uca zirvəyə qalxacağam. Hamıdan uca zirvədəsən atam, istəyinə nail oldun.

Sənin ölüm xəbərinlə belim sındı, ehh ata, görəsən, eşidirsənmi məni? Çox pisəm, çox... Heç vaxt barışa bilməyəcəm sənin ölümünlə. Mənim gözəl, mehriban atam. Necə gözəl günlərimiz, gülüşlərimiz, sevincimiz var idi səninlə, indi hamısı səninlə birlikdə dəfn edilib sanki.

Hər zaman məni yüksəklərdə görmək istəyirdin. Yüksəklərdə olacağam, ucalarda olacağam və qürurla, fəxrlə deyəcəm, mən Milli Qəhrəman, şəhid Polkovnik İlqar Mirzəyevin oğluyam. Dastan yazaram sənin haqqında, amma nə yazsam kifayət etməz.

Heç vaxt döyüşlərdə nələr etdin, nə Qəhrəmanlıq göstərdin, necə çətinliklərdən keçdin, bu haqda  danışmadın. Ancaq indi hamısını mənə əsgərlərin, silahdaşların danışır. 

Sənin necə Qəhrəman döyüşçü olmusan ki, hamı bir sözü deyir: Bir daha İlqar Mirzəyev dünyaya gəlməyəcək. Canım atam, fəxrim, sənsiz keçən əzabverici 1 il ... Rahat uyu, Millətin Qəhrəmanı, rahat uyu Cənab Polkovnik, rahat uyu ATAM!”.

Fidan İlqar

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv