Modern.az

Hökumət vətəndaşı çətinə salanda... - Qanunları oxuyub MAT QALIRIQ...

Hökumət vətəndaşı çətinə salanda... - Qanunları oxuyub MAT QALIRIQ...

Mədəni̇yyət

15 İyul 2021, 09:34

Şah qanun deyil, qanun şahdır. Dilimizə latıncadan gələn bu ifadə bəzən reallıqla uzlaşmır, qəlizləşir. İfadənin qəlizliyi qədər, Azərbaycanda kağız üzərində şahlıq edən qanunların dilinə də mat qalmaya bilmirsən. Bəzən nəninki sadə vətəndaş, hətta hüquqşünaslar da qəbul olunan qanunun, verilən qərarın dilinin qəlizliyi səbəbindən hansı mahiyyət daşıdığını anlamaqda çətinlik çəkirlər.

 
Bu baxımdan son vaxtlar Azərbaycanda qəbul olunan qərarlara dair izahın, ekspert şərhlərinin verilməsi ənənə halını alıb.

Əsasən, Nazirlər Kabineti vətəndaşların daha çox marağında olan qərarların “İZAH”ını vermə ənənəsi yaradıb. Nazirlər Kabineti hər hansı qərara dair “İZAH”ın verilməsini sadə vətəndaşları çətinə salmamaqla izah edir.


Bəs qanun və qərarların dilini qəlizləşdirən nədir? Doğrudanmı qanun və qərarlar hüquqi terminlərin toplusu rolunda çıxış etməlidir? Beynəlxalq praktika nə deyir?


Modern.az
müsahiblərinə elə bu suallarla müraciət edib.

 

“Sadə vətəndaş qanunu anlamaya bilər”


Milli Məclisin ixtisasca hüquqşünas olan deputatı Fazil Musatafa
bildirib ki, qanunlar peşəkar dildə hazırlanmalıdır:


“Qanunların hazırlanmasında hüquqi terminalogiyaya əməl olunmalıdır. Ekspertlər tərəfindən qanunlara sadə, anlaşıqlı dildə şərh verilə, aydın olmayan məqamlar izah oluna bilər. Qanun mütləq şəkildə sadə, hamının anlayacağı dildə olmalıdır deyə, qayda və tələb yoxdur. Sadə vətəndaş qanununu anlamaya bilər”.

 

Deputat bu sahədə yaşanan problemlərin digər səbəblərlə bağlı olduğu qənaətindədir:


“Sadəcə, bizdə problem ondan ibarətdir ki, qanunlar rus dilindən tərcümə olunur. Rus dilində olan müddəalar isə naşı tərcümə edildiyindən, Azərbaycan dilində qarşılığı doğru tapıla bilinmədiyindən çətinlik yaranır. Bu, ciddi problemdir. Hesab edirəm ki, linqvistik ekspertiza qanunlar üzərində çox ciddi şəkildə işləməlidir. Çünki getdikcə daha çox anlaşılmazlıqlar meydana çıxacaq. Amma bu dediyim yenə də özündə sadə vətəndaşın anlayacağı dili ehtiva etməməlidir. Çünki qanunlarda hüquqi terminlər üstünlük təşkil edir”.

 

Dil bilgisi baş-ayaq olanlar...


Hüquqşünas, media üzrə ekspert Ələsgər Məmmədli
Azərbaycanda qanun və qərarların dilinin qəlizliyinə xarici dildən tərcümələrin səbəb olduğunu düşünür:


“Bu çox aktual məsələdir. Azərbaycanda doğrudan da qanunların dili, ümumiyyətlə anlaşılması ciddi problem yaradır. Hətta bəzən hansısa qanun hüquqşünaslar arasında belə, fərqli fikirlərə aparıb çıxarır. Beynəlxalq praktikada belə problem yoxdur. Ümumiyyətlə, Azərbaycan qanunvericiliyində, “Normativ hüquqi aktlar haqqında” Qanunda, Konstitutsiyada açıq şəkildə qeyd edilib ki, qanunlar aydın və anlaşılan dildə yazılmalıdır. Amma bizim praktikada qanun daha çox tərcümələr üzərində formalaşdığından problem yaşanır. Bəzən tərcüməçilərin Azərbaycan dil bilgiləri baş-ayaq olur, elə qanun da o cür yazılır. Digər tərəfdən, parlament yanında qanunvericiliyin linqvistik analizi aparılıb Azərbaycan dili aspektindən onun daha aydın şəklə gətirilməsi üçün xüsusi bölmə olmalıdır. Bəzən hüquqşünaslar özləri hüququn dərinliyini bildiyi üçün cümlənin nə anlama gəldiyini, hamı tərəfindən anlaşıldığını düşünürlər. Amma vətəndaşın bunu anlaması üçün daha aydın dildə ifadə olunmalıdır. Bu baxımdan problemin səbəbi xarici dildən tərcümə və mətni hazırlayanların dil bilgisinin texniki bilgi səviyyəsində olmasıdır. Yaxşı olar ki, Azərbaycan dilinin daha anlaşıqlı, daha yumşaq, rahat ifadəsi üçün hansısa ayrıca komissiya, yaxud qurum fəaliyyət göstərsin. Bütün qanunvericilik ekspertizadan keçirilsin və ona uyğun formalaşdırılsın. Bu ciddi məsələdir ki, qanunun dili çətin olanda, onun dərki və əməl olunması göstəriciləri də aşağı düşür”.

 

“Məhkəmə qərarlarını anlamaq üçün 2-3 adam lazımdır”


Filologiya elmləri doktoru, media eksperti Qulu Məhərrəmli
saytımıza danışarkən qanunun dilinin qəlizliyinin bir neçə səbəbini sadalayıb:


“Bu, birinci növbədə üslubla, ikincisi, terminologiya, üçüncüsü, sahənin özünün təbiətilə bağlıdır. Amma bu o demək deyil ki, qəbul olunan qərar, çıxarılan məhkəmə hökmü qəliz və mürəkkəb olmalıdır. Mənə elə gəlir ki, bunun əsas səbəbi hüquqi situasiyaların Azərbaycan dilində doğru, dürüst ifadə olunmaması ilə bağlıdır. Bir çox qanunlar sırf tərcümə məhsuludur. Ona görə hesab edirəm ki, hüquq sahəsində hüquq dililə bağlı çox ciddi problemlər mövcuddur və onlar aradan qaldırılmalıdır. Hüquqşünas öz fikrini aydın, anlaşıqlı dildə ifadə etməlidir. Məsələn, yazılır ki, “filankəsin vəsatəti rədd edildi”. Demək olar ki, vəsatət qəbul olunmadı. Həm də bizdə məhkəmə-hüquq sistemində bir çox qərarların Rusiyadan tərcümə ənənəsi var. Tərcüməçi əziyyət çəkməmək üçün fikrini qəliz ifadələrlə yola verir. Qəbul olunan qərarlara izah verilməsi, ekspert rəylərinin olması başqa məsələdir. Bu daha çox hüquqi situasiyaların, münasibətlərin izah olunması ilə bağlıdır”.

 

Eskperin sözlərinə görə, bütövlükdə qanunvericilik sahəsində, xüsusilə də məhkəmə qərarlarının yazılmasında çox ciddi problemlər var:


“Bəzən məhkəmə qərarlarının anlaşılması üçün 2-3 adam lazım gəlir ki, nə ifadə olunduğunu izah etsinlər. Hesab edirəm ki, bu, dil bilgilərinin zəif olması ilə bağlıdır. Çünki biz predmeti yaxşı biləndə onu aydın ifadə edə bilirik. Predmet aydın olmayanda, dolaşıq olanda onu ifadə etmək də çətinləşir. Bizdə qanunların hazırlanmasında rus, ingilis dillərindən tərcümələrdən istifadə edilir. Yazan adam isə sırf tərcümənin təsiri altında qalır. Ona görə də qanunların yazılmasına həm dili, həm də hüququ yaxşı bilən ekspertlər cəlb olunmalıdır ki, bu cür mürəkkəbliklər, dil dolaşıqlıqları olmasın".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!