Modern.az

Fransa deputatları işğaldan azad olunmuş ərazilərimizə gələcəklər  - MÜSAHİBƏ

Fransa deputatları işğaldan azad olunmuş ərazilərimizə gələcəklər  - MÜSAHİBƏ

15 İyul 2021, 10:55

Milli Məclisin deputatı Soltan Məmmədov Modern.az saytına müsahibə verib. Onunla söhbəti təqdim edirik:  


Heydər Əliyev Fondunun Beynəlxalq Təşkilatlarla Əlaqələr Departamentinin rəhbərisiniz. Fondun  əsas fəaliyyət istiqamətləri və gələcək planları nələrdir?


- Heydər Əliyev Fondu Azərbaycan xalqının ümummilli liderinin adını daşıyır. Ölkəmizin tarixində, milli dövlət quruculuğu prosesində müstəsna rol oynamış böyük bir şəxsiyyətin. Üzərinə götürdüyü missiya da kifayət qədər mühüm əhəmiyyətə malikdir. Hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi altında Fond ötən dövrdə çox uğurlu layihələrə imza atıb, dünya miqyasında tanınan, nüfuza malik bir təşkilat kimi qəbul olunur.


Elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və digər sahələrdə həm Azərbaycanda, həm də xarici ölkələrdə çoxsaylı layihələr reallaşdırıb. Dünya mədəni irsinin qorunması və bərpasına önəmli töhfələr verib. Fond müxtəlif ölkələrdə  Azərbaycanın mədəniyyətini və tarixini təbliğ etməyə çalışır. Bizim Asiya ölkələri ilə sıx əlaqələrimiz var.  Çində hər il dünya mədəniyyət forumunun illik iclasları keçirilir. Tayhu Dünya Mədəniyyət Forumu Azərbaycan mədəniyyətinin təbliği üçün çox böyük bir platformadır. Bura bütün dünya ölkələri dəvət olunur. Təşkilatı işləri hər dəfə Çin dövləti öz üzərinə götürür. Bu il ilk dəfə olaraq təşkilatçılar Heydər Əliyev Fondunu ikinci təşkilatçı kimi dəvət edib. 2023-ci ildə keçiriləcək tədbirə də dəvətliyik. Oktyabr ayında keçiriləcək bu forumda Azərbaycan ilk dəfə olaraq xüsusi qonaq statuslu ölkə kimi çıxış edəcək. İkinci belə bir dövlət yoxdur, ilk dəfə biz bu statusu almışıq. Həmin forum çərçivəsində təşkil olunan tədbirlərdə çoxlu sayda insanın iştirakı nəzərdə tutulur. Bu da Azərbaycan mədəniyyətinin təbliği üçün çox vacib şansdır. Çində Azərbaycanın mədəniyyət mərkəzinin yaradılması istiqamətində də iş aparılır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tapşırığı ilə həmin mərkəzdə Azərbaycanın mədəniyyəti, tarixi və mətbəxinin müxtəlif vasitələrlə nümayiş etdirilməsi nəzərdə tutulur.


Başqa təşkilatlarla da əlaqələrimizi gücləndiririk. Şanxay Əməkdaşlıq Təşkilatında Heydər Əliyev Fondunun dəstəyi ilə müxtəlif mədəniyyət tədbirləri təşkil olunur, Azərbaycanın milli bayramları qeyd edilir. Bildiyiniz kimi, Şanxay Əməkdaşlıq Təşkilatı dünyada BMT-dən sonra üzv ölkələrin əhalisinin ümumi sayına görə ən böyük qurumdur. Üzv olan dövlətlərin əhalisinin ümumi sayı 3 milyarddan çoxdur, ərazisi isə Avrasiya qitəsinin təxminən 3,2 hissəsini əhatə edir. Azərbaycan bu təşkilatda dialoq üzrə tərəfdaş statusuna malikdir. Bu ilin may ayında təşkilatın Pekindəki katibliyində Heydər Əliyev Fondunun daimi nümayiş olunmaq üçün hədiyyə etdiyi Nizami Gəncəvinin büstünün təqdimatı olub. Qeyd edim ki, bu, qurumun katibliyində Çin mütəfəkkiri Konfutsidən sonra nümayiş olunan ikinci  büstdür. Üzv olmadığımız bir təşkilatın baş ofisində bir neçə böyük bir beynəlxalq tədbirlərin keçirilməsi bir daha Azərbaycanın beynəlxalq aləmdə nüfuzundan xəbər verir.


Heydər Əliyev Fondu Yaponiyada da bir sıra layihələrin həyata keçirilməsi üçün danışıqlara başlayıb. Azərbaycanın Yaponiyada keçiriləcək EXPO 2025-də iştirak edəcəyi gözlənilir. Gələn il Azərbaycanla Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunacaq. Bu münasibətlə bəzi tədbirlərin təşkil olunması istiqamətində müakirələr aparılır.


Bu gün  Fondun planları sırasında heç şübhəsiz ki, işğaldan azad olunmuş ərazilərin bərpası prioritet istiqamət təşkil edir. Ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tapşırığına əsasən, xarici ölkələrdən mütəxəssis qrupunu da cəlb etməklə işğaldan azad olunan ərazilərimizdə ermənilər tərəfindən dağıdılan dini abidələr, məscidlərin bərpası ilə bağlı işlərə start verilib. Qısa müddət ərzində Şuşa şəhərində yerləşən Yuxarı Gövharağa məscidi Heydər Əliyev Fondu tərəfindən tam şəkildə təmir olunub. Aşağı Gövharağa və Saatlı məscidlərinin təmiri ilə bağlı işlər davam edir. Şuşa Dövlət Rəsm Qalereyasının binasında indi əsaslı təmir işləri aparılır. İşğal zamanı dağıdılımış Şuşa Xalça Muzeyinin binası isə təmirdən sonra Şuşa Xalçaçılıq Qalereyası kimi fəaliyyət göstərəcək. Şəhərdə vaxtilə fəaliyyət göstərmiş Yaradıcılıq Mərkəzində “Qarabağ işğaldan əvvəl və işğaldan sonra” fotosərgisinin  təşkili də Heydər Əıliyev Fondu tərəfindən həyata keçirilir. Azərbaycan xalqının görkəmli oğlu Molla Pənah Vaqifin məqbərəsi bərpa edilir. Ağdam şəhər Cümə məscidinin bərpası, Zəngilan şəhər məscidində təmir-bərpa işlərini də Heydər Əliyev Fondu üzərinə götürüb.



- Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbərisiniz. Fransanın müharibə dövründə fəaliyyətini necə qiymətləndirirsiniz?


- Fransanın Vətən müharibəsi dövründə tutduğu mövqe, bu ölkənin rəsmi şəxslərinin bəzi açıqlamaları, parlamentin hər iki palatasında qəbul olunan müəyyən sənədlər nə ikitərəfli münasibətlərin ruhuna, nə xalqlarımızın və dövlətlərimizin maraqlarına, nə də ATƏT-in Minsk qrupunun həmsədri kimi mandatına uyğun idi. Lakin düşünürəm ki, biz keçmişə ilişib qalmamalı və gələcəyə baxmağa daha çox önəm verməliyik. Azərbaycanla Fransanın maraqlarının üst-üstə düşdüyü nöqtələr çoxdur və biz məhz bu nöqtələrə fokslansaq xalqlarımıza, dövlətlərimizə daha çox fayda verə bilərik. Mən əminəm ki, Fransada ictimaiyyətin böyük əksəriyyəti Azərbaycan-Ermənistan reallıqlarından xəbərsizdirlər. Parlament, senat  səviyyəsində bəzi ermənipərəst qüvvələrin irəli sürdüyü fikirlər üzvlər tərəfindən dəstəklənsə də, qəbul olunan qətnamələr Fransa ictimaiyyətinin fikirlərini əks etdirmir. Ona görə də hesab edirəm ki, Fransa Milli Assambleyasında Fransa-Azərbaycan dostluq qrupunun fəaliyyətini daha da gücləndirməyə ehtiyac var. İyulun 21-dən 26-na qədər Fransa parlamentinin bir qrup üzvünü Azərbaycana dəvət etmişik. Rəsmi görüşlərin keçirilməsi və işğaldan azad olunmuş ərazilərə səfərin təşkili planlaşdırılır. İnanıram ki, bu cür səfərlər fransalı həmkarlarımıza real vəziyyəti daha yaxından öyrənmək və Azərbaycanın haqlı olduğunu görmək imkanı yaradacaq. 


Azərbaycan Heydər Əliyev Fondunun timsalından Fransada kilsələrin, muzeylərin bərpası, dünya mədəni irsinə aid olan mədəniyyət abidələrinin təmiri, qorunması istiqamətində bir çox layihələr həyata keçirib. Bu, bizim xalqımızın tolerantlığının, digər dinlərə, mədəniyyətlərə nə qədər həssas yanaşdığını göstəricisidir. Azərbaycan-Fransa əlaqələrinin 30 illiyi ilə əlaqədər iki ölkədə də tədbirlərin keçirilməsinə dair təkliflər var. Bu cür addımlar bizim mədəni əlaqələrimizin gücləndirilməsi üçün vacibdir. Müharibə dövründə Azərbaycana səfər etmək üçün ilk müraciət edən məhz Fransa parlamentinin üzvləri olmuşdu. Onlar artıq noyabrın 12-i Azərbaycanda idilər. Bu səfər real vəziyyətlə tanışlıq məqsədi daşıyırdı. 2020-ci il dekabrın 3-də Fransa Milli Assambleyası “Erməni xalqının və Avropa və Şərqin xristian icmalarının qorunması” adlı qətnaməni qəbul edərkən, 577-i deputatdan 370-i səsvermədə iştirak etməmişdi. Onların çoxu bildirirlər ki, əslində qətnamənin mahiyyəti barədə tam və aydın təsəvvürləri olmayıb, sadəcə ermənipərəst deputatların istəyi ilə bu addımları atıblar. Bu insanları daha çox məlumatlandırmaq əsas hədəflərimizdən biri olmalıdır.


- Fransada erməni lobbisinə qarşı necə mübarizə aparmalıyıq?


- Fransada erməni lobbisi və diasporu çox güclüdür. Ancaq bu o demək deyil ki, biz uduzuruq. Şübhəsiz ki, Azərbaycanın da dostları var. Azərbaycan öz torpaqlarını işğaldan azad edib, eyni zamanda, tarixi ədalət, beynəlxalq hüquq bizim tərəfimizdədir və dünya ictimaiyyəti zaman keçdikcə bizim haqlı olduğumuzu daha yaxşı görür. Fransa Milli Assambleyasında  Fransa-Azərbaycan dostluq qrupu mövcuddur. Fikrimcə, bu qrupun üzvlərinin sayının artırılması hər iki ölkə üçün xüsusilə indiki dövrdə çox faydalı olardı. Dostluq qrupunun prezidenti də ikitərəfli əlaqələrin inkişafına daha böyük töhfələr verə bilər, çünki qeyd etdiyim kimi, bu hər iki ölkənin maraqları baxımından vacibdir. Milli Məclisin sədri Sahibə xanım Qafarova Azərbaycana gələn nümayəndə heyətləri ilə şəxsən görüşür, məlumat verir. Bu fakt Azərbaycan Milli Məclisinin rəhbərliyinin parlamentlərarası əməkdaşlığa kifayət qədər diqqətlə yanaşdığını, xüsusi əhəmiyyət verdiyini göstərir. Fransa Parlamentinin aşağı palatasında – Milli Assambleyada Farnsa-Azərbaycan dostluq qrupu fəaliyyət göstərsə də, yuxarı palatada – Senatda belə bir qrup yoxdur. Yalnız Fransa-Qafqaz Dostluq Qrupu mövcuddur. Sahibə xanım Qafarova Fransa nümayəndə heyətləri ilə görüşlərdə bir neçə dəfə senatda Fransa-Azərbaycan dostluq qrupunun yaradılması məsələsinə baxılmasını təklif edib. 


Müharibədən sonra bütün regionda vəziyyət tamamilə dəyişib. Təbii ki, Azərbaycanın mövqeləri indi əvvəlkindən qat-qat güclüdür. Fransa parlamentinin Azərbaycana səfəri gözlənilən nümayəndə heyətinin işğaldan azad olunmuş ərazilərdə Ermənistanın 30 il ərzində həyata keçirdiyi dağıntıları, talanı görmək imkanı yaradılacaq. Eyni zamanda, Azərbaycan dövlətinin həyata keçirdiyi genişmiqyaslı quruculuq işlərini də öz gözləri ilə görəcəklər. Fikrimcə, bu səfər həmkarlarımızın təsəvvürünü aydınlaşdırmağa imkan verəcək. Avropada bu cür məqamlara həssas yanaşıldığını düşünürəm. Fransız xalqı da bu cür hadisələrə həssas yanaşır. Nə qədər ermənipərəst qüvvələr çox olsalar da, Azərbaycanla Fransa arasında əlaqələrin əhəmiyyətini düzgün qiymətləndirən insanlar da var. Fransız şirkətləri tərəfindən ölkəmizə yatırılan sərmayələrin həcmi 2 milard dollardan çoxdur. Azərbaycanın Fransaya yatırdığı investisiyaların həcmi 2,6 milyard dolları ötür. Bunu başqa postsovet ölkələri ilə müqayisə etsək fərqi görə bilərik. Kosmik sənaye sahəsində çox yaxşı əlaqələrimiz var. Fransız dilinin tədrisi Azərbaycanda ingilis və rus dillərindən sonra üçüncü yerdə gəlir. Bakıda Fransız Liseyi, Fransa-Azərbaycan Universiteti (UFAZ) fəaliyyət göstərir,  Bakı Slavyan Universitetində “Fransa Mərkəzi” yaradılıb. Bütün bunlar Azərbaycanda Fransa ilə əlaqələrə verilən önəmin göstəricisidir. Bu gün Fransanın müharibəni uduzmuş və özünü təsdiq edə bilməyən Ermənistana birtərəfli qaydada dəstək göstərmək istəməsi ilk növbədə Fransanın özünün maraqlarına cavab vermir. Fransada Azərbaycanı regiondakı rolunu və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında üzərinə götürdüyü son dərəcə mühüm missiyanı düzgün qiymətləndirən insanlar çoxdur.


- Fransa növbəti mina xəritələrinin verilməsində vasitəçi dövlət ola bilərmi?


- Azərbaycan ictimaiyyətinin cavab gözlədiyi suallardan biri də bundan ibarətdir ki, Fransa indiyə qədər mina xəritələrinin verilməsi ilə bağlı bir dəfə də olsun aydın və dəqiq bir tələblə çıxış etməyib, baxmayaraq ki, müxtəlif dövrlərdə, fərqli mövzularda Azərbaycana tələblər irəli sürülürdü. Bizi məyus edən məqamlardan biri də budur. Hər zaman çıxışlarımız zamanı gözləntimizi ifadə etmişik ki, Fransa parlamentinin üzvləri də mina xəritələri ilə bağlı mövqe nümayiş etdirməlidir. Minalanmış ərazilərin xəritələrinin verilməməsi İnsanlığa qarşı cinayətdir. Ermənistanın xəritələri verməkdən boyun qaçırması 1949-cu il tarixli Cenevrə Konvensiyasının I saylı Əlavə Protokolunun tələblərinə qarşı çıxmaqdır. Lakin bütün bunlara rəğmən, Farnsa parlamentinin üzvləri, xanım Natali Qule istisna olmaqla, bu günə qədər hər hansı çağırış etməyiblər. Bizim gözləntimiz odur ki, Fransa ATƏT-in Minsk Qrupunun üzvü kimi ən azı öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsin. Azərbaycan regionda sülhü, təhlükəsizliyi, humanitar məsələlərin həllini nəzərdə tutan, iki ölkə arasında münasibətlərin normallaşmasına xidmət edən istənilən xoşməramlı təşəbbüsü hər zaman dəstəkləyib. Cənab Prezidentin də dəfələrlə qeyd etdiyi kimi, münaqişə artıq başa çatıb, indi bölgədə sülhün, təhlükəsizliyin və rifahın təmin olunması üçün səyləri gücləndirməyə ehtiyac var. Fransa da ATƏT-in Minsk Qrupunun üzvü kimi, fikrimcə, bu prosesə öz töhfəsini verə bilər.


- Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına nə mane olur?


- Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyənləşməsi, bunun üçün işçi qrupunun yaradılması, ən azı delimitasiya prosesinin  həyata keçirilməsi vacibdir. Daha sonra məqsəd Zəngəzur dəhlizinin açılmasıdır. Bu gün Azərbaycanın mövqeyi regiona sülh gətirməkdir. Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması fikrimcə, qaçılmazdır. Sadəcə Ermənistanda bunu nə qədər tez anlasalar bir o qədər yaxşıdır. Sülh sazişinin imzalanmasından imtina etmək alternativ variantlar üzərində düşünmək anlamına gəlir. İndiki reallıqda isə Ermənistanın yenidən müharibə etməyə heç bir imkanı yoxdur. Çünki Azərbaycan və Ermənistan arasında güc nisbəti müqayisə olunmayacaq dərəcədə fərqlidir və bu fərq ildən-ilə artır. Azərbaycan sülh sazişini imzalamağa hazır olduğunu dəfələrlə bəyan edib. Belə bir razılaşmanın əldə olunmasını bütün region xalqlarının, eyni zamanda, regionda maraqları olan böyük dövlətlərin mənafeləri diktə edir.


- ATƏT-in Minsk qrupunun fəaliyyəti necə planlaşdırılır?


- Bizim ölkəmizin mövqeyi bu məsələd kifayət qədər aydın və dəqiqdir. ATƏT-in Minsk qrupu yaradılarkən üzv dövlətlər, o cümlədən həmsdərlər üzərlərinə müəyyən öhdəliklər götürüblər. Bizim gözləntimiz sadəcə odur ki, həmin öhdəliklər yerinə yetirilsin. Yəni üzv ölkələr və həmsədrlər tərəflərə münasibətdə, eyni zamanda, problemə yanaşmada ədalətli mövqedən çıxış etsinlər, neytral davransınlar. Azərbaycanın torpaqlarının 30 ilə yaxın bir dövrdə işğal altında qalması Minsk qrupunun fəaliyyətinin effektivlik dərəcəsini müəyyən etməyə imkan verən çox əhəmiyyətli bir faktdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, münaqişə tarixə qovuşub, regionda tamamilə fərqli bir reallıq mövcuddur. ATƏT-in Minsk qrupunun fəaliyyəti də bu yeni reallığa uyğun olmalıdır. Ona görə də Minsk qrupunun yeni dövrə uyğun funksiyalarını, fəaliyyət planlarını müəyyən etməyə ehtiyac yaranıb. Minsk qrupunun fəaliyyəti regionda təhlükəsizliyin, sabitliyin təmin olunması, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması istiqmətində effektiv ola bilər.



- Milli Məclisin növbədənkənar sessiyası da başa çatdı, bu dövrdə fəaliyyəti necə qiymətləndirirsiniz?


- Milli Məclis ötən dövrdə kifayət qədər məhsuldar işləyib. Ölkə üçün əhəmiyyətli olan bir sıra vacib qanunlar qəbul olunub. Azərbaycanın benəlxalq əlaqələrinin inkişafı, müxtəlif ölkələrin parlamentləri ilə əməkdaşlığın genişləndirilməsi, beynəlxalq təşkilatlarda maraqlarımızın müdafiəsi istiqamətində uğurlu addımlar atılıb. Milli Məclisin VI çağırışının fəaliyyəti çox çətin və məsuliyyətli bir dövrə təsadüf etdi. Bir tərəfdən, COVİD-19 pandemiyasının yaratdığı məhdudiyyətlər mövcud idi və bu məhdudiyyətlər hələ də tam şəkildə aradan qalxmayıb. Digər tərəfdən, Vətən müharibəsi təbii ki, Milli Məclisin rəhbərliyinin və deputatların üzərinə düşən məsuliyyəti daha da artırdı. Lakin düşünürəm ki, parlamentdə aparılan islahatlar, yaradılan işgüzar mühit qarşıya çıxan bütün məsələləri həll etməyə imkan verir. Biz hər zaman seçicilərimizlə və kənar insanlarla danışanda onların fikirlərini dinləyir, gözləntilərini öyrənirik. Bu gün Milli Məclisin fəaliyyəti şəffaf müzakirə şəklində həyata keçirilir. Komitələr aktiv fəaliyyət göstərir, deputat həmkarlarımla birlikdə qanun layihəsinin təşəbbüsünün subyektləri ilə açıq şəkildə müzakirələr aparmağımız, hər bir qanun layihəsini çox detallı şəkildə müzakirə etməyimiz daha yaxşı nəticəyə gəlmək imkanı yaradır. Hesab edirəm ki, vergilərin azaldılması, sosial dəstək paketləri, xüsusilə də əhalinin sosial müdafiəsi ilə bağlı qanunvericilik bazanın təkmilləşdirilməsi istiqamətində atılan addımlar bütün cəmiyyətimiz və dövlətimiz üçün faydalıdır. 2020-c ildə yaşadığımız şərəfli tarixdən sonra sağlıqlarını itirmiş əsgərlərimizin, şəhid ailələrinin sosial durumunu daima dövlət tərəfindən diqqət mərzəkində olaraq təmin edilməsi ilə çox insanın marağında idi. İstər saxta əlilliyin verilməsi, müavinətilərlə bağlı məsələlər bir çox insanı narahat edirdi. Yeni qəbul olunan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna dəyişiklik edilməsi barədə layihə BMT-nin Əlillərin Hüquqları Haqqında Konvensiyanın tələblərinə uyğun olaraq, milli qanunvericiliyin beynəlxalq qanunvericiliyə uyğunlaşdırmasına xidmət edir. Bu baxımdan, daha müasir və dünyanın qəbul etdiyi, Ümumdünya Səhiyyə Təşkilatının müəyyənləşdirdiyi standartlara, qabaqcıl ölkələrin müsbət təcrübəsinə əsaslanan meyarların hazırlanması vacib idi. Hesab edirəm ki, əlillik dərəcəsinin orqanizmin funksiyalarının itirilməsi faizi və bundan irəli gələrək həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşması dərəcələri əsasında qiymətləndirilməsi daha həssas və obyektiv yanaşmanın, ünvanlılıq və sosial ədalətin təmin edilməsinə kömək olacaq.


- Deputat olduğunuz müddətdə seçicilərlə fəliyyətinizi necə qurmusunuz?


- Ulu öndər Heydər Əliyevin adını daşıyan bir fondun əməkdaşı kimi öz fəaliyyətimi hər zaman insanlarla, sosial məsələlərin həlli ilə bağlamışdım. Bu təcrübə mənim deputat kimi fəaliyyətimdə çox faydalı oldu. Azərbaycan Prezidenti cənab İlham Əliyevin istəyi də budur ki, xalqın səsi olaq. Mən seçkilərə qatılarkən əsas vədim ondan ibarət oldu ki, insanlarla mütəmadi görüşlərimiz olacaq, problem və qayğılarını dinləməyə çalışacağam. Təəssüf ki, COVİD-19 pandemiyası bu vədimizi arzuladığımız səviyyədə yerinə yetirməyə maneələr yaratdı. Bununla belə, sərt karantin rejimi dövründə mütəmadi onlayn görüşlərimiz oldu. Karantin rejiminin yumşaldılmasından sonra isə qərargahımızda tez-tez seçicilərlə görüşlərimiz keçirilir. Təbii ki, pandemiya ilə əlaqədar qəbul olunmuş qərar və təlimatlara uyğun formada. Ümid edirəm ki, çox yaxın vaxtda kütləvi görüşlərin keçirilməsi də mümkün olacaq. Problemlərin həllinə gəlincə isə, vətəndaşların ən müxtəlif məsələlərlə bağlı müraciətləri olur. Səlahiyyətim daxilində onların həll edilməsi üçün əlimdən gələni etməyə çalışıram Seçiciləri narahat edən istənilən məsələ ilə bağlı müvafiq dövlət qurumları qarşısında məsələ qaldırmağa hazıram. İstər su, qaz, ev, işsizlik, təhsil və s.  problemlər müzakirə mövzusu olur.


Hazırda vaxtımın əksər hissəsini seçki dairəsində oluram. Pandemiya dövründə elə bir sistem yaratmışdıq ki, bütün şikayətləri qəbul edə bilirdik. Bu, bizim aylıq hesabatımızda da qeydiyyata alınır. Pandemiya səngiyəndən sonra çalışırıq ki, mütəmadi olaraq seçicilərlə görüşək. İndi ən böyük istəyimiz şəhid ailələrinin və qazilərimizin məmnunluğudur. Bizə müraciət olunan problemlərin həllinə dövlət qurumları çox yaxından dəstək verir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, “Azəriqaz”, “Azərişıq” elə bir müraciətimiz yoxdur ki, yerinə yetirməsinlər. “Azərsu” ilə bağlı müraciətlərə dair hələ də həllini gösləyən problemlərimiz var, amma su problemi yalnız mənim təmsil etdiyim əraziyə aid deyil. Arzumuz əlbəttə daha çox işin görülməsidir.


Xəzər rayonunda Çinin inkişaf etmiş Quanco şəhəri ilə informasiya texnologiyaları sahəsində əməkdalığa dair layihəmiz var. Rəsmi olaraq əməkdaşlıq memorandumu imzalayacağıq ki, bu da gələcəkdə Çin tərəfindən yüksək texnologiyalar sahəsinə srəmayələrin cəlb olunmasına imkan yarada bilər. Seçicilərimlə fəxr edirəm ki, doğurdan da mənə çox böyük dəstək verirlər. Hər bir görülmüş işə adekvat olaraq onlardan reaksiya gəlir. Çoxsaylı  müraciətlər olur, hamısı cavablandırılır. Sevindirici haldır ki, qiymətləndirmə aparanda müşahidə edirik ki, müraciətlərin böyük hissəsini həll etmişik. Dövlət qurumları da seçicilərin qaldırdığı məsələlərlə bağlı müraciətlərimizə əsasən operativ reaksiya verirlər. Vətəndaş-məmur ünsiyyəti keyfiyyətcə dəyişib. Azərbaycan Prezidentinin ölkədə həyata keçirdiyi ardıcıl, davamlı və düşünülmüş islahatlar nəticəsində bu gün dövlət qurumları vətəndaşların müraciətlərinə daha həssas yanaşırlar.

 

Aysel Məhərrəm

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir