Modern.az

Yerindən duran özünü jurnalist adlandırır - Rəşad Məcid

Yerindən duran özünü jurnalist adlandırır - Rəşad Məcid

Media

16 İyul 2021, 15:30

Rəşad Məcid

“Avro-2020”nin final görüşü həm də oyun zamanı baş verən bir hadisə ilə yadda qaldı. İkinci hissənin sonlarında oyunda 3-4 dəqiqəlik fasilə yarandı. Oyunu Türkiyənin TRT1 kanalından izləyirdim. Bir nəfər azarkeşin meydana daxil olub rəqs etdiyini bildirən türk şərhçi dedi ki, təhlükəsizlik xidmətinin əməkdaşları onu meydandan çıxarmağa çalışırlar. Azarkeşin meydana girməsi, təhlükəsizlik xidməti əməkdaşlarının onu meydandan çıxarması anlarının görüntüləri efirə verilmədi. Şərhçi bir məqamı da vurğuladı ki, UEFA-nın qərarına görə, belə görüntülərin efirə verilməsi qadağandır, amma bu görüntüləri videoya çəkən tamaşaçılar, yəqin ki, onu sosial şəbəkələrdə paylaşacaqlar. Həqiqətən də, şərhçinin dediyi kimi, çox keçmədi, həmin görüntülər sosial şəbəkələrdə peyda oldu.

İndi kimlərsə UEFA-nın bu addımını informasiyanı gizlətmək cəhdi kimi qiymətləndirsələr də, Avropa futbol təşkilatının bu qərarı klassik jurnalistika düşüncəsinə, peşəkar jurnalistika prinsiplərinə uyğun, doğru qərardır. Bu, UEFA kimi nüfuzlu qurumun prinsipial və birmənalı şəkildə belə neqativ hallara qarşı olmasından irəli gəlir.

Bir vaxtlar jurnalistika səviyyəli və ictimai rəyi yönləndirən bir sahə idi, jurnalistlər heç zaman məhdud dünyagörüşlü, dayaz düşüncəli insanların təbliğatı ilə məşğul olmurdular. Ortaya atılan hansısa sərsəm fikir, xəstə düşüncə, xurafat, cəhalət meyilləri dərhal medianın qınağı ilə üzləşirdi, belə fikirlərin yayılması jurnalist etikasına zidd, cəmiyyət üçün zərərli sayılırdı. Jurnalistlər cəmiyyətin ziyalı, səviyyəli, ayıq təbəqəsi kimi cəmiyyət qarşısındakı məsuliyyətini dərk edir, öz fəaliyyətləri ilə cəhalətin yayılmasına qarşı ciddi müqavimət göstərirdilər.

İndi isə özünə jurnalist deyənlərin sayı artsa da, jurnalist məsuliyyəti azalıb. Yerindən duran özünü jurnalist adlandırır və bir cahilin, bir nadanın, bir savadsızın populist, kütləni cəlb edən fikirlərini gündəmə çevirib, təbliğ edir. Dünəncən ictimai rəyi istiqamətləndirən media bu gün ucuz və bayağı sensasiyanın, yüngül xəbərlərin əsirinə çevrilərək onların yedəyində sürünür.

Gözlənildiyi kimi, oyun zamanı baş verən bu hadisə əvvəlcə sosial şəbəkələrdə yayıldı. Son illərin təcrübəsi də göstərir ki, sosial şəbəkə istifadəçilərinin heç bir məsuliyyəti yoxdur, düşüncəsindən, dünyagörüşündən asılı olmayaraq istənilən şəxs bu resurslardan yararlana və istədiyi bilgini, məlumatı yaya, paylaşa bilir. Bu internet resursu Yer kürəsinin ən fərqli qütblərində yaşayan insanların bir-biri ilə ünsiyyət qurması, öz fikir və düşüncələrini sərbəst şəkildə bölüşməsi, dünyanın dördbir yanında baş verənlərdən anındaca xəbər tutması üçün sonsuz və məhdudiyyətsiz virtual məkan kimi nə qədər əhəmiyyətlidirsə, dar düşüncəli, məhdud dünyagörüşlü insanların öz zərərli fikirlərini ictimailəşdirmələrinə münbit şərait yaratmaq baxımından bir o qədər təhlükəlidir.

Sosial şəbəkələrdə bir çox istifadəçilər nəinki hansısa neqativ hallarla bağlı yayılan xəbər və videomateriallardan şikayətçi olmur, əksinə, onları gen-bol paylaşaraq təbliğ edirlər. Ən pisi isə odur ki, sosial şəbəkələrdəki belə materialları media qurumlarını bir çoxu da təkrarən paylaşmaqla onların daha geniş miqyasda yayılmasında katalizator rolunu oynayır.

Əslində isə media orqanının peşəkar dəyərləri nəzəri alıb, haqqında danışdığımız final oyununda baş vermiş hadisəyə prinsipiallıqla və qətiyyətlə yanaşan UEFA kimi birmənalı mövqe sərgiləməsi, neqativ yüklü, cəmiyyət üçün zərərli xəbər və videogörüntüləri yaymaması, əksinə, belə halları qınaması ən düzgün və sağlam mövqe olardı.

Təəssüf ki, bu gün bir çox hallarda jurnalistikamız məsələlərə bu nüfuzlu futbol təşkilatı kimi normal, doğru münasibət göstərə bilmir, cahil və naqis düşüncə sahiblərinin tribunasına çevrilməklə reytinq arxasınca qaçır. Olduqca ağrılı və düşündürücü mənzərədir. Həm də ona görə ağrılı və düşündürücüdür ki, bu durum medianın, jurnalistikanın nüfuzdan hər gün bir az da çox düşməsinə, etibarını itirməsinə rəvac verir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir