Arxiv
16 İyul 2021, 16:18 | REPORTAJ
Dəfn olunandan bir ay sonra oğlu dünyaya gələn ŞƏHİD - FOTOLAR

Azərbaycan silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsi  zamanı verdiyi şəhid sayı  sonuncu rəsmi statistikada 2907 nəfər qeyd edilib. Müdafiə Nazirliyi Vətən müharibəsi  şəhidlərinin sonuncu siyahısını 14  iyul  2021-ci il tarixində dəyişib. Həmin siyahıda 7 hərbi qulluqçumuz itkin düşmüş sayılır.

Şəhidlərimizin arasında ata olacağını bilib, o hissi dadmayanlar var idi.

 

Körpəsini bağrına basmdan bu dünyadan köçən şəhidlərimizdən biri də Vüsal Qənbərlidir.

 

Arayış: Vüsal Qənbərli 30 mart 1995-ci il Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. 2002-2011-ci illərdə Qaradağ rayon Müşfiqabad qəsəbəsində yerləşən E.Şirəliyev adına orta məktəbdə təhsilini başa vurub.  2014-cü ildə  Füzuli rayonunda yerləşən N saylı hərbi hissəyə   xidmətə yollanıb.
Vətən müharibəsi zamamı Xocavənd, Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak edib. Şəhid olandan sonra 20 dekabr 2020-ci il tarixində doğulduğu Günəşli kəndində dəfn olunub.
Şəhid “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunub.


Şəhidin həyat yoldaşı Könül  xanım Modern.az-a qəhrəmanımız  haqqında danışıb:

 

“Vüsal 2021-ci il sentyabrın 21-dı könüllü olaraq təlimlərə yollanıb.  Vüsalla  mən son dəfə 2021-ci il noyabrın 2-də danışdıq. Noyabrın 3-də isə atası ilə danışıb, yaralı olduğunu deyib və halallıq istəyib. Atasına son sözü  “ata, oğlumla yoldaşım bir ömür sizə əmanətdir” olub. O gündən sonra 47 gün əlaqə kəsildi, axtarmağa başladıq.  Yoldaşımın nəşi dekabrın 20-də  Xocavənd istiqamətində tapıldı. Həmin gün ağlıma bir faicə kimi yazılıb, mən o günü heç vaxt unutmayacam”.     
  

Xanımı deyir ki,  oğlunun baxışları, gülüşü ona Vüsalı  xatırladır:

“Vüsalla  qohumluq əlaqəmiz olub, onu uşaqlıqdan tanıyırdım. Ötən il yanvarın 25-də  ailə qurmuşduq. Nişanımız, toyumuz hər şey anidən olmuşdu. Doqquz ay çəkən evlilik müddətimizdə mənim bir istəyimə belə yox demədi. Övladı olmasını məndən çox arzulayardı. O, müharibəyə yollanarkən 5 aylıq hamilə idim. Oğlumuza Rəsul adını seçmişdi. Vüsalın dəfnindən bir ay sonra övladımız dünyaya gəldi. Müharibədə olanda söyləyirdi ki, “oğlum Qarabağ tarixini oxuyanda fəxrlə deyəcək ki, mənim atam da orada döyüşüb”.
Övladı ilə bağlı arzuları çox idi. İndi həmin arzuları həyata keçirmək mənim öhdəmə düşüb. Oğlumun baxışları, gülüşü mənə Vüsalımı xatırladır. Onu heç vaxt unutdurmaycam”.

 Humay İsgəndərova

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv