Modern.az

Boşanmalar: ərin işgəncəsi, arvadın intiharı... - PROBLEM

Boşanmalar: ərin işgəncəsi, arvadın intiharı... - PROBLEM

17 İyul 2021, 10:40

Ailə kiçik bir dövlətdir. Bu dövlətin düzgün qurulması üçün yola çıxdığın adamla birgə addım atarkən, hərtərəfli düşünməli və qərar verməlisən.
Amma bir sıra hallarda verilən qərarlara rəğmən, ailələrin dağılması, boşanmalar da baş verir...

Təəssüf ki, son vaxtlar bununla bağlı statistikada artım müşahidə olunmaqdadır.

Bir sıra hallarda boşanmalara səbəb ailədaxili şiddət, qadına qarşı zorakılıq halları olur. Ərin fiziki və mənəvi işgəncələrinə dözə bilməyən arvad boşanmağa qərar verir. Lakin bəzən qadının valideynləri daş atıb başlarını tutur, qonşuların, qohum-əqrəbanın qınağına tuş gələcəklərini düşünərək, qızlarını dəstəkləmir, ona ər evindən yalnız “ağ kəfənlə” çıxa biləcəklərini söyləyirlər. Yəni ölsən də, o evdə qalmalısan.

Nəticədə bəzi ailələrdə ərin fiziki və mənəvi işgəncələri illərlə davam edir, arvad isə bunlara dözməyə məcbur olur... Dözə bilməyənlər arasından intihar yolunu tutanlara da rast gəlinir...

Nə yazıq ki, ailə qurmağa normal baxan cəmiyyətimiz boşanma qərarına birmənalı yanaşmır.

Dövlət Statistika Komitəsindən (DSK) verilən məlumata görə, 2021-ci ilin yanvar-may ayları ərzində qeydiyyat şöbələri tərəfindən 19141 nikaha daxilolma qeydə alınıb. 5 ay ərzində ölkə üzrə 6745 boşanma halı baş verib. Əhalinin hər 1000 nəfərinə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə boşanmaların sayı isə 1,4-dən 1,6-ya qədər artıb.



“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Modern.az-a deyib ki, cəmiyyət boşanmaya bütün dövrlərdə mənfi yanaşıb.


“Qadınlar normal cəmiyyətin bərabərhüquqlu üzvü kimi heç bir problem yaşamamalıdır. Sovet dönəmində də boşanmaya qarşı çox ciddi təpki vardı. Lakin o dövrdə öldürmə və yaxud həyatına qəsd etmə az hallarda olurdu.
Hazırda boşanmaya belə təpki verilməsinin müxtəlif səbəbləri var. Bəzi insanlar düşünürlər ki, boşanan qadının məqsədi azadlıq və sərbəst həyat tərzi keçirməkdir. “Bu səbəbdən boşanırlar ki, öz həyatlarını müstəqil, istədikləri kimi yaşasınlar”,-deyə düşünürlər. Halbuki,  məqsəd heç də o ola bilməz. Məqsəd qadının zorakıllıqdan xilas olmasıdır.

Bəzən boşanma ata, ana, qardaş tərəfindən birmənalı şəkildə qəbul olunmur. Onlar anlamırlar ki, məqsəd qadının zorakılıqdan xilas olmaq istəyidir. Lakin təəssüf ki, onlar zorakılığı görmək istəmirlər. Onlarda övladlarının alət olmaması, hansısa bir rəy formalaşmaması, ailənin nüfuzunun aşağı düşməməsi və ya qızının onlara başıaşağılıq gətirməməsi kimi fikirlər formalaşır”.

M.Zeynalovanın fikrincə, qadınlara imkan verilsə, öz işlərini quraraq, yüksək karyera qazana bilərlər.


“Qadınların əksəriyyətində əmlak məsələsi var. Kişilər bəzən “biz idarə edirik, qərar veririk, sənin qərarın olmamalıdır və qərar qəbul edə bilməzsən” kimi fikirlər səsləndirirlər. Lakin düşünmürlər ki, qadınlar istəsələr elə bir həyat qurarlar ki, kişi ömründə onu edə bilməz. Bu hallar getdikcə kəskinləşməyə doğru gedir.

Qadınlar boşananda əksəriyyəti haqqında iki fikir formalaşır: bunlardan biri psixoloji problem və əxlaqsızlıqla bağlıdır. Bəzi hallarda hətta cinayət faktoru olan oğurluğu da qadının üzərinə atırlar. Bununla yanaşı, telefon yazışmalarında kiməsə salam verməyi belə qəbahət hesab edirlər. Və bununla da qadın əxlaqsız hesab olunur. İstənilən halda kişilər idarə etmək, tabe etmək və yalnız özlərini qərar vermək rolunda görürlər.

Bu hallar isə qadının bərabərlik hüququnu, hissini, düşüncəsini, davranışını yox edir. Kişilər qadına təsir etmək üçün hər cür formadan istifadə edirlər. Onlar tabe olmadıqda isə qəsdə əl atırlar. Ər hesab edir ki, onun bütün səlahiyyətləri var ki, bir şəxsin həyatına qəsd etsin”.



Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, deputat Jalə Əliyeva deyir ki, cəmiyyət boşanmaya səbəb olan məsələlərin aradan qaldırılması üçün çalışmalıdır:


“Bizim adət-ənənələrimiz möhkəm tellərlə tariximizə bağlıdır. Həmişə Azərbaycan ailəsi həm cəmiyyətdə, həm dünyada nümunəvi bir ailə olub. Biz o ənənələri həmişə qoruyub saxlamaq tərəfdarı olmuşuq. Yəni konkret olaraq boşanmaya pis və ya yaxşı baxmaqdan söhbət getməməlidir. Ümumiyyətlə, boşanmaya səbəb olan məsələlərin aradan qaldırılması üçün cəmiyyət çalışmalıdır. Çünki gənc ailənin hər zaman bir yardıma, ağsaqqal sözünə ehtiyacı olur. Bütün zamanlarda və dövrlərdə böyüklər yeni qurulan ailənin təməllərini möhkəmləndirməyə çalışıblar. Boşanma nə qədər az olarsa, cəmiyyət bundan daha çox qazanar və saflaşar”.


J.Əliyevanın fikrincə, boşanma zamanı ilk zərbə uşağa dəyir.


“Bir anlıq fikirləşək ki, boşanmış ailələrdə əgər dünyaya gələn uşaq varsa, birinci zərbə ona dəyir. Uşaqların valideynsiz böyüməsi o qədər də ürəkaçan deyil. Bu da cəmiyyətin yaralanmasına səbəb olur. Birinci növbədə uşaqlarımızın gələcəyini nəzərə alaraq, istəyirik ki, boşanmaların sayı az olsun. Ümumiyyətlə, boşanmalar olmasın. Düşünülmüş evliliklər olsun və bunun 5 günlük bir sərgüzəşt olmadığını anlasınlar. Bu əbədi bir həyat olmalıdır. Ona görə düşünürəm ki, təkcə Azərbaycanda yox, bütün dünyada nə qədər boşanma az olsa, bir o qədər yaxşı olar. Bundan da qazanan birinci növbədə uşaqlarımız olar”.

Nəzrin Vahid

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir