Modern.az

XİN-dən CAVAB: Paşinyanın bəyanatı tamamilə yalandır 

XİN-dən CAVAB: Paşinyanın bəyanatı tamamilə yalandır 

Ölkə

17 İyul 2021, 17:50

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə brifinqdə səsləndirdiyi fikirlərlə bağlı KİV-in suallarını cavablandırıb.

 

Modern.az xəbər verir ki, Leyla Abdullayeva Nikol Paşinyanın Azərbaycanın qonşu dövlətlərin ərazisinə iddiasının olması, sərhəd gərginliyi yaratması və delimitasiya prosesinə əngəl törətməsi kimi fikirlərinin növbəti, tamamilə yalan və iftira dolu bəyanat olduğunu bildirib.

 

Leyla Abdullayeva deyib: “Bu cəfəng iddiaları 30 ilə yaxın Azərbaycana qarşı təcavüz siyasəti həyata keçirən, ərazilərini işğal altında saxlayan, bir milyondan çox azərbaycanlının fundamental hüquqlarını pozan ölkənin lideri səsləndirir. “Böyük Ermənistan” xülyasından çıxış edərək Azərbaycana qarşı ərazi iddialarını bu gün də davam etdirən, bu iddiaların ölkə Konstitusiyasında əks olunduğu Ermənistanın baş naziri görünür ki, ölkəsinin aqressiv, destruktiv və barışmaz siyasətinə hər hansı “əsaslar” yaratmağa çalışır. N.Paşinyanın diqqətinə çatdırırıq ki, Ermənistandan fərqli olaraq, Azərbaycanın bu günədək heç bir dövlətə qarşı ərazi iddiası olmayıb. Azərbaycan dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə hörmətlə yanaşır və eyni yanaşmanın Azərbaycana münasibətdə nümayiş etdirilməsini tələb edir.

 

Azərbaycan xalqının milli tarixi yaddaşında soydaşlarımızın tarixən köklü xalq olaraq yaşadığı müasir Ermənistan ərazisi Qərbi Azərbaycan adlanır və məlum olduğu kimi, XX əsr ərzində soydaşlarımız bu ərazidən, sonuncusu 1988-ci il olmaqla, üç dəfə deportasiya edilib. Zəngəzur bölgəsi, onun şərq və qərb hissələrinə bölünməsi də tarixi reallıqdır. Soydaşlarımızın həmin ərazilərə qayıtması onların malik olduğu ən təbii haqlarıdır. Bu, ərazi iddiası yox, qaçqınların öz evlərinə geri qayıtmasıdır, necə ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanat bunu özündə ehtiva edir.

 

O ki qaldı Paşinyanın “sərhəd gərginliyi, delimitasiya prosesinə əngəl törətmək” iddialarına, bu, Ermənistan baş naziri vəzifəsini icra edən şəxsin riyakarlığından başqa bir şey deyil. Ərazi bütövlüyünü təmin edən Azərbaycan ərazilərinin işğalı amilinin aradan qaldırılması ilə beynəlxalq hüquq prinsipləri əsasında münasibətləri normallaşdırmağa, delimitasiya və demarkasiya prosesini başlamağa hazır olduğunu bəyan edib, bu istiqamətdə əməli addımlar atıb. Ermənistan isə bunun qarşılığında vəziyyəti gərginləşdirmək, revanşizm, sülhü şərtləndirmək mövqeyindən çıxış edir. İllərdir ki, sərgilənən bu destruktiv yanaşmanın Ermənistan üçün nə ilə nəticələnəcəyini təxmin etmək isə çətin deyil”.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı