Modern.az

Unudulan deputatlar - Qardaşından prezidentliyə namizəd olduğuna görə küsən məşhur YAZIÇI…

Unudulan deputatlar - Qardaşından prezidentliyə namizəd olduğuna görə küsən məşhur YAZIÇI…

18 İyul 2021, 17:00

Modern.az saytı Milli Məclisdə necə fəaliyyət göstərməsindən asılı olmayaraq, yaddan çıxan, unudulan keçmiş deputatları bir daha sizə xatırladır.

Bu məqsədlə də “Unudulan deputatlar” adlı rubrikamızda vaxtilə parlamentin üzvü olmuş şəxslərdən bəhs edirik.


Rubrikamızda bəhs edəcəyimiz növbəti sabiq deputat Maqsud İbrahimbəyovdur.

Maqsud İbrahimbəyov Azərbaycanda kifayət qədər tanınmış, nüfuzlu şəxslərdən biri idi.  

Xalq yazıçısı, kinodramaturq və rejissor, Azərbaycan Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi, “Əsilzadələr Məclisi”nin sədri, Azərbaycan Sülh Komitəsinin prezidenti, Yazıçıların beynəlxalq PEN klubunun rəhbəri, ABŞ-ın Luiziana Ştatının fəxri senatoru, ABŞ-ın Minneapolis şəhərinin fəxri vətəndaşı,  "Şöhrət", "İstiqlal", "Şərəf" ordenləri ilə təltif olunmuş sabiq deputat…

Onlarca bədii və publisistik kitabın, 18 bədii və 7 sənədli filmin ssenarisinin, tamaşaya qoyulmuş 8 pyesin müəllifi...

Maqsud İbrahimbəyovun ssenarisi əsasında çəkilmiş “Bizim Cəbiş müəllim”, “Uşaqlığın son gecəsi” filmləri Azərbaycanda ən çox baxılan ekran əsələrindəndir.

Bu iki ekran əsəri ilə yanaşı, onun ssenariləri əsasında çəkilmiş “Yarımçıq qalmış serenada”, “Truskavetsə kim gedəcək?”, “Gözəl bir gündə”, “Sonunucu intervü”, “Bayquş gəldi”, “Qızıl reys”, “Axırı yaxşı qurtaran əhvalat”, “Bakı müharibə illərində” filmləri də ölkə kinematoqrafiyasının qızıl fonduna daxil olub.

“Mezozoy əhvalatı”, “Sən nəğməmsən mənim”, “Truskavetsə kim gedir?”, “Bütün yaxşılıqlar üçün - ölüm!”, “Ondan yaxşı qardaş yox idi”, “Qoy o bizimlə qalsın”, “Bayquş gəldi”, “Kərgədan buynuzu”, “Axırı yaxşı qurtaran əhvalat” kimi əsərlər də onun qələmindən çıxıb.

Bu filmlər və əsərlərin tamaşaçı və oxucularının sayı milyonlarladır. Onu həm Azərbaycanda, həm də xaricdə tanıyır, fəaliyyətini yüksək qiymətləndirirdilər.

Bir çox əsərlərində yazıçı ümumbəşəri problemlər kontekstindən çıxış edərək, öz ənənələri ilə güclü olan Şərq insanının həyat tərzini göstərib. Maqsud İbrahimbəyovun yaradıcılığında Azərbaycan xalqının milli xüsusiyyətləri, adət-ənənələri, xüsusilə Bakının özünəməxsus koloritinin təsviri də əksini tapıb.

Onun nəsr əsərləri 40-a yaxın xarici dilə tərcümə olunub.

Maqsud İbrahimbəyov 1985-2010-cu illərdə Azərbaycanda parlamentin deputatı olub. Müstəqil Azərbaycanda üç çağırış Milli Məclisin üzvü olub - 1995, 2000-ci illərdə 20 saylı Suraxanı ikinci seçki dairəsindən, 2005-ci ildə isə 85 saylı Şamaxı seçki dairəsindən deputat seçilib. Bitərəf idi.


Maqsud Məmmədibrahim oğlu İbrahimbəyov
1935-ci il mayın 11-də Bakı şəhərində anadan olub. Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsini (1955-1960), Moskva Ali Ssenari Kursunun ssenariçi fakültəsini (1962-1964) və Ali Rejissorluq Kursunun rejissorluq fakültəsini (1971-1973) bitirib.

Hələ tələbəlik illərində Politexnik İnstitutunun "Politexnik" qəzeti ilə əməkdaşlıq edib, müxtəlif mövzulu yazıları çap olunub.

1
959-cu ildən Azərbaycan Tikinti Nazirliyinin tikinti trestində iş icraçısı vəzifəsində çalışıb. 1964-1971-ci illərdə Ümumittifaq Radio və Televiziya Verilişləri Komitəsinin Azərbaycan üzrə xüsusi müxbiri işləyib.

O, hələ sovet dövründə 11-ci və 12-ci çağırış Azərbaycan SSR Ali Sovetinin üzvü olub.
Azərbaycan müstəqillik qazanandan sonra isə üç dəfə parlamentin deputatı seçilib.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komissiyasının üzvü olub.

M.İbrahimbəyov iki dəfə ailə həyatı qurub. Birinci evlilikdən onun bir oğlu dünyaya gəlib – Murad İbrahimbəyov. Oğlu, 1965-ci il təvəllüdlü Murad İbrahimbəyov Rusiya Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirib. Hazırda Rusiyada ssenarist və rejissor kimi fəaliyyəti göstərir.

Maqsud İbrahimbəyov ikinci dəfə 1982-ci ildə Pribaltikdan olan model, sənətşünas Anna Yuryevna ilə ailə həyatı qurub və vəfatınadək onunla birlikdə yaşayıb.

Anna Yuryevna Maqsud İbrahimbəyovla bağlı xatirələrində onunla necə tanış olmağlndan bəhs edərkən bildirib:


“O vaxt, yəni 1982-ci il yayın sonlarında Bakıya SSRİ Xalq rəssamı Tahir Salahov və xanımının dəvəti ilə qonaq gəlmişdim. Onlar Bilgəhdəki kardioloji sanatoriyaya mənim üçün 10 günlük "putyovka" düzəltmişdilər. Elə bir yer seçmişdik ki, tanışlardan heç kəslə görüşməyim və işləməyim üçün münbit şərait olsun. Elə ilk gecə Tahir məni öz bağına dəvət etdi və təsadüfən Maqsud da gəlib çıxdı. Və hər şey ordan başladı... Maqsudla elə ilk söhbətdən sonra dünyada belə insanların varlığına görə xoşbəxt olduğumu hiss etdim. O qədər hazırcavab, reaktiv, pafossuz və hər hansı bir stereotipi olmadan, daxildən azad, hər şeyə dair öz fikirləri olan biri idi... Düşünürəm ki, onu görən kimi aşiq oldum...
Həmin gün Tahirin emalatxanasında gecələdim, səhər Maqsud gül dəstəsi ilə gəldi. Onu görən Tahir qaşlarını çatıb dedi: "Anna, ilk dəfədir Maqsudu əlində gül dəstəsi ilə görürəm. Deyəsən, bu çox ciddi məsələdir"...

…Moskvaya qayıtdığımda rejissor rəfiqəm qəribə olduğumu anladı. Dedim ki, “aşiq olmuşam”.
Biz sentyabrda tanış olduq, dekabrda isə ailə qurduq. Mən işimi, hər şeyi atdım və buraya gəldim. Sadəcə başa düşdüm ki, həyatımı ona həsr edə bilərəm – ona kömək edə bilərəm, onun məişət işlərini görə bilərəm. Ona xidmət etmək istəyirdim. Çünki o dahi insan, dahi yazıçı idi...

O, ümumiyyətlə, insanları çox sevirdi, məclisləri sevirdi, evində qonaq qarşılamağı, hay-küyü sevirdi. Hər həftəsonu, hətta deyərdim ki, evliliyimizin ilk dövründə az qala hər gün evimiz qonaqlarla dolardı. Bakıda ilk videomaqnitofonlardan biri bizdə olub. Birlikdə ekran qarşısına toplaşıb filmlərə baxırdıq. Yeyib-içirdik, kabab çəkirdik. Qonşu bağlardan uşaqlar ağbalıq gətirirdilər, şişə çəkirdik. Maraqlı keçirdi, amma belə şeylərə öyrəşməmişdim axı. Mən sakitlik sevirdim, hüzur sevirdim. Bir tərəfə çəkilib kitab oxumaq istəyirdim, mümkün deyildi. Deyirdim, ay Maqsud, sən necə işləyirsən, necə vaxt tapırsan yazmağa? O vaxt telefonlar normal işləmirdi, mobil telefon ümumiyyətlə yox idi. İstənilən anda qapı döyülə, kimsə qonaq gələ bilərdi. Yaxınlıqdan keçəndə, deyiblər, gedək bir Maqsuda baş çəkək. Və bu, mütləq qonaqlıqla bitirdi…

Maqsud istənilən vaxt ABŞ-a problemsiz viza ala və istədiyi vaxt ABŞ vətəndaşlığını qəbul edə bilərdi, amma onun üçün Bakıdan başqa doğma yer yox idi. Hara getsək, uzağı 10 gündən sonra Bakı üçün darıxırdı. Bakısız yaşaya bilmirdi…”.

Maqsud İbrahimbəyov tanınmış kinosenarist, rejissor Rüstəm İbrahimbəyovun böyük və ögey qardaşıdır.

Maqsud İbrahimbəyov iki azərbaycanlı zadəgan ailəsinin xələfi olub: atası Məmmədibrahim Əhməd oğlu İbrahimbəyov, anası Fatma Ələkbər qızı İbrahimbəyova-Məşədibəyova.

Onun sədrliyi ilə 90-cı illərin əvvəlində “Azərbaycan Respublikası Əsilzadələr Məclisi” yaradılıb. Bu məclisə nəslində bəy, xan, zadəgan olanlar müvafiq sənəd təqdim etməklə üzv ola bilərdi. Ölkənin tanınmış şəxslərindən də bir çoxları bu məclisin üzvləridir. 

2018-ci ilin martında İçərişəhərdə Maqsud İbrahimbəyovun Yaradıcılıq Mərkəzi açılıb. Mərkəzin yerləşdiyi binanın maraqlı tarixçəsi var…

Bina 1914-cü ildə sabiq deputatın ana babası, neft sənayeçisi Ələkbər Məşədibəyov üçün məşhur memar Zivərbəy Əhmədbəyov tərəfindən inşa olunub. M.İbrahimbəyovun anası Fatma Məşədibəyova da burada dünyaya gəlib.

Yazıçının babası, sahibkar Ələkbər Məşədibəyov 1924-cü ildə güllələnib. Sovet hökuməti Ələkbər Məşədibəyovun ailəsinin bütün mülklərini əlindən alıb. Və ailə bu binadan köçürülüb. 1970-ci illərə qədər bina kommunal mənzillərin olduğu yaşayış evi kimi istifadə edilib. Böyük Vətən müharibəsi dövründə isə binanın zirzəmisi bomba sığınacağı kimi fəaliyyət göstərib.

Çox-çox sonralar – 80-ci illərin əvvəllərində bina Maqsud İbrahimbəyovun sədri olduğu Sülh komitəsinə ofis kimi ayırılanda məlum olub ki, onu vaxtilə yazıçının babası tikdiribmiş.

Maqsud İbrahimbəyova bu komitəyə rəhbərlik etmək təklif edilir və onu bu quruma ayrılmış binanı görməyə dəvət edirlər.

“Məni anamın doğulduğu, babamın evinə gətirdiklərində heyrətləndim və artıq razılaşmaya bilməzdim. Beləliklə Sülh komitəsinin rəhbəri oldum”, - İbrahimbəyov xatirələrində bildirib.

Komitə vətənpərvərliyin təbliği ilə, xeyriyyəçiliklə, uşaqlara, yoxsul ailələrə və müharibə veteranlarına yardım göstərməklə məşğul olub. 1993-cü ildən sonra binada Maqsud İbrahimbəyovun sədrlik etdiyi "Azərbaycan Pen-Klub" yerləşib. 1999-cu ildən binada Maqsud İbrahimbəyovun yaratdığı “Əsilzadələr məclisi” fəaliyyət göstərib.
Bina 2001-ci ildən İçərişəhər Dövlət Qoruğunun tarixi abidələr siyahısına daxil edilib.


Bu gün isə ora Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzidir...

Mərkəzə hazırda sabiq deputatın həyat yoldaşı sənətşünas Anna Yuryevna İbrahimbəyova rəhbərlik edir.

Burada Maqsud İbrahimbəyovun muzeyi, yazıçının kitabxanası və ədəbiyyat otağı yerləşir. Eksponatlar arasında Maqsud İbrahimbəyovun ədəbiyyat və ictimai-siyasi fəaliyyət sahələrində əldə etdiyi nailiyyətlərə görə müxtəlif vaxtlarda təltif olunduğu orden və medallar, digər mükafatlar, deputat mandatları, fəxri fərmanlar, həmçinin 2012-ci ildə yazıçının Nobel mükafatına namizədliyinə dair sənəd də var.

Mərkəzdə, həmçinin Maqsud İbrahimbəyova məxsus silah kolleksiyasının nümayiş olunduğu zal var. Maqsud İbrahimbəyov silah kolleksiyası toplayırdı. Onun kolleksiyasında dünyanın müxtəlif ölkələrindən gətirilən və ya dostları tərəfindən hədiyyə olunan qədim silahların nadir nümunələri var.


Yuxarıda qeyd etdiyimiz kimi, Maqsud İbrahimbəyov tanınmış kinosenarist, rejissor Rüstəm İbrahimbəyovun böyük qardaşıdır.

Dostları deyirlər ki, Rüstəm İbrahimbəyov Bakıda olduğu dövrlərdə iki qardaşı tez-tez bir yerdə görmək mümkün idi. Əsasən də yay vaxtı yaxın dostların bağ evinə yığışmağını sevən İbrahimbəyov qardaşları bir yerdə kabab çəkməkdən xüsusi zövq alırmışlar…

Amma sonradan mehriban qardaşların dost çevrəsi dağılmağa başlayır. Buna Rüstəm İbrahimbəyovun kinorejissorluqdan siyasətə doğru atdığı addımların səbəb olduğu bildirilir.
Rüstəm İbrahimbəyovun 2013-cü ildə Azərbaycanda keçirilən prezident seçkiləri ərəfəsində müxalif mövqe sərgiləməsi iki qardaş arasında möhkəm bağların qırılmasına gətirib çıxarır…

Modern.az-a sonuncu açıqlamalarının birində Maqsud İbrahimbəyov demişdi: “Rüstəmlə bağlı mənə heç bir sual verməyin! Daha onunla bağlı heç bir şey məni maraqlandırmır”.

Maqsud İbrahimbətyov 2016-cı il martın 22-də 80 yaşında dünyasını dəyişib.  O, I Fəxri Xiyabanda dəfn olunub.


Ə.Qafarlı


***

Həmçinin oxu:

Unudulan deputatlar - Erməni dilini bilən iqtisadçı...
Unudulan deputatlar - Kabinetində keçinən vitse-spiker - FOTO
Unudulan deputatlar: Qərbi azərbaycanlıların ağsaqqalı... 
Unudulan deputatlar - Fransanı hiddətləndirən professor: “Jak Şirak qudurub!”
Unudulan deputatlar: Həyat yoldaşı və qızı qətlə yetirilən akademik - FOTOLAR 
Unudulan deputatlar - Administrasiyada vəzifə verildi, iki dəfə həbs olundu, Prezident onu əfv etdi 
Unudulan deputatlar: “Çörək Tofiq” və Heydər Əliyevin məşhur müşavirəsində danlanan MƏMURLAR... 
Unudulan deputatlar - Akademikin təzyiqlərinə dözə bilməyən PROFESSOR 
Unudulan deputatlar - Oğul itkisi ilə barışa bilməyən ƏMƏKDAR JURNALİST

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi