Modern.az

Mövlud Çavuşoğlu azərbaycanlı blogerə yazdı - Elnur Məcidli Ramiz Mehdiyevi İTTİHAM ETDİ

Mövlud Çavuşoğlu azərbaycanlı blogerə yazdı - Elnur Məcidli Ramiz Mehdiyevi İTTİHAM ETDİ

21 İyul 2021, 00:30

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı ictimai fəal və jurnalist-bloger, 11 illik mühacirətdən sonra ölkəyə qayıtmağına icazə verilən Elnur Məcidlini təbrik edib. 


Modern.az
xəbər verir ki, bu barədə E.Məcidli bildirib.


“Problemin həll olunmasına sevindim”,-deyə Çavuşoğlu azərbaycanlı fəalın Bakıya dönüşünə işarə edərək yazıb.


E.Məcidli qeyd edib ki, Türkiyənin hazırkı xarici işlər naziri  tanışlıqları 2008-2009-cü illərə qədər uzanır.


“Türkiyənin hazırkı Xarici İşlər Naziri, sayın Mövlud Çavuşoğlu ilə tanışlığımız 2008-2009-cü illərə qədər uzanır.


Hələ, Türkiyənin AŞPA-dakı nümayəndə heyətinin üzvü olarkən onunla tanış olmuşduq.


Mövlud bəy qatı “Fənərbaxça” tərəfdarı idi, sessiya ərəfəsində “Fənər”in matçlarını axşamüstü adətən Strasburqun mərkəzində yerləşən “Antalya” adlı türk restoranında izləyir və əsl tərəfdar kimi öz emosiyalarını biruzə verirdi.


Xarakter olaraq, mən onu açıqsözlü, mərd və babacan insan kimi tanımışam.


Kifayət qədər ünsiyyətcil və zarafatcıl olmaqla yanaşı, bir çox insani keyfiyyəti özündə barındıran türk dövlət xadimidir.


Daha sonra AŞPA-nın prezidenti seçildi, yaxşı xatırlayıram ki, o zaman bizim bir neçə QHT təşkilatının rəhbəriylə onun görüşünü təşkil etmişdim.


Mövlud bəy uğurlu diplomatik karyerasına yüksələrək davam etdi və Türkiyənin Xarici işlər naziri oldu, bu gün biz onun ləyaqətlə, cəsarətlə və böyük bir qürurla Türkiyə Cümhuriyyətini təmsil etdiyini görür və sevinirik.


O dövrdə haqqımda açılan işdən xəbərdardı, illər əvvəl AŞPA prezidenti kimi Azərbaycana səfərində məsələmi gündəminə salmışdı, lakin rusyönümlü Ramiz Mehdiyevin başını çəkdiyi qruplaşma, bu məsələnin o dönəm həllinin qarşısını ala bilmişdi.


Bu gün Bakı aeroportunda gözləyərkən, Mövlud bəyi xatırladım və ona da təşəkkür etmək istədim.


Bu qədər işin arasında mənə cavab yazması, həqiqətən sevindirici oldu.


Təşəkkürlər sayın bakanım!”.

Elnur Məcidli uzun illərdir Fransada mühacir həyatı yaşayırdı. Jurnalist-bloger 2011-ci ildə sosial şəbəkələrdə "11 mart - Böyük Xalq Günü" və "2 Aprel-Böyük Qəzəb Günü" aksiyalarının təşkilatçısı qismində tanınaraq, barəsində cinayət işi başlanmış və beynəlxalq axtarışa verilmişdi.

Sonradan Baş Prokurorluq məlumat yayaraq, təqsirləndirilən Elnur Məcidli barəsində cinayət işinin icraatının dayandırıldığını bəyan edib.

Ötən həftə Aazərbaycana dönüşünə icazə verilən E.Məcidli ölkə prezidenti İlham Əliyev təşəkkür edib.

 

A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi