Modern.az

Avropa İttifaqı ilə münasibətlər nə vəd edir? 

Avropa İttifaqı ilə münasibətlər nə vəd edir? 

21 İyul 2021, 15:41

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana səfərindən sonra tərəflər arasında strateji əməkdaşlığın daha da gücləndirilməsi müzakirə edilən məsələlərdəndir.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, Azərbaycan Avropa İttifaqının Cənubi Qafqaz regionunda əsas ticarət tərəfdaşıdır:

 

"İttifaqın regionla ticarətinin 78 faizi Azərbaycanın payına düşür. Azərbaycanın xarici ticarətində bu qurumun payı isə 40 faizdən çoxdur. Ölkəmiz Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalamasından sonra bu qurum ilə Azərbaycanın əməkdaşlığı daha da dərinləşməkdədir.

Digər tərəfdən, Azərbaycan iradəsi nəticəsində reallaşan Cənub Qaz Dəhlizi çərçivəsində 2021-ci ildə Avropaya 5 milyard kubmetr mavi qaz nəql ediləcək. Bu dəhliz çərçivəsində birinci mərhələdə Avropaya 10, ikinci mərhələdə isə 20 milyard kubmetr mavi qazın nəql edilməsi nəzərdə tutulur. Cənub Qaz Dəhlizinin bütövlükdə ötürülmə qabiliyyəti 31, 5 milyard kubmetr olacaq ki, bu da praktik olaraq, Avropa üçün yeni alternativ mənbə rolunu oynayacaq. Bu isə ondan xəbər verir ki, Azərbaycan növbəti uzun müddətli dövrdə Avropanın enerji təhlükəsizliyinin formalaşmasına xüsusi töhvə verə biləcək".

 

İqtisadçı-deputat hesab edir ki, 44 günlük Vətən Savaşında əldə edilən zəfərdən sonra Avropa İttifaqının regionda kommunikasiyaların açılmasında rolunun gücləndirilməsi vacibdir. Onun fikrincə, Azərbaycan Prezidentinin “indi sülh barədə düşünmək və səhifəni çevirmək vaxtıdır. Biz buna hazırıq” bəyanatı ölkəmizin regionda dayanıqlı sülhdə maraqlı olduğunu təsdiq edir.

 

"Kommunikasiyaların bərpası Ermənistan üçün yeganə xilas yolu olmaq yanaşı kifayət qədər həssas olan Cənubi Qafqaz üçün sülh kontekstindən yeganə alternativlərdəndir. Ermənistanı Azərbaycanla sülh sazişi üzərində danışıqlara başlamağa sövq və eləcə də, məcbur etmək üçün Avropa İttifaqı kifayət qədər böyük imkanlara və potensiala malikdir, bundan da istifadə olunması olduqca vacibdir.


Eyni zamanda, torpaqlarımız işğaldan azad olunduqdan sonra Avropanın iştirak etdiyi beynəlxalq nəqliyyat dəhlizlərinin genişləndirilməsi imkanları kifayət qədər genişdir. Azərbaycanın Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılmasında regional ölkə olaraq mühüm rola malikdir. Zəngəzur dəhlizinin istifadəyə verilməsi Azərbaycanı regionun nəqliyyat qovşaqlarının habına çevirəcək. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına, həm də maliyyə dəstəyi nümayiş etdirir. Kommunikasiyaların paralel bərpası istiqamətində də Avropa İttifaqı xüsusi rola malik ola bilər.

Füzulidə, Zəngilanda, Laçındakı beynəlxalq hava limanların açılması ilə cəmi 2 ilə Azərbaycandakı beynəlxalq hava limanlarının sayı 9-a çatmasından və eləcə də yükaşırma qabiliyyəti 10 milyon ton olan və bu imkanın 25 milyon tonadək artırılması potensialına malik Ələt Beynəlxalq Ticarət Limanının istifadə verilməsindən sonra tərəflər arasında beynəlxalq yükdaşımalar sahəsində yeni əməkdaşlıq imkanları yaranacaq.

Beləliklə, Azərbaycan ilə Avropa İttifaqı arasındakı münasibətlər Vətən Savaşındakı qələbəmizdən sonra yeni strateji mərhələyə daxil olur. Avropa İttifaqının yeni təşəbbüsləri regionda dayanıqlı sülhün formalaşdırılması baxımdan çox vacibdir", - deyə V. Bayramov Aİ ilə münasibətlərin ölkəmiz üçün əhəmiyyətli olduğunu diqqətə çatdırıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir