Modern.az

Maral Rəhmanzadənin doğum günüdür  

Maral Rəhmanzadənin doğum günüdür  

Mədəni̇yyət

23 İyul 2021, 10:00

Bu gün Xalq Rəssamı Maral Rəhmanzadənin doğum günüdür.

 

Modern.az-ın məlumatına görə, Xalq Rəssamı Maral Rəhmanzadə 1916-cı il iyulun 23-də Mərdəkan kəndində zərgər ailəsində anadan olub. Tanınmış rəssam bacı və qardaşları ilə birlikdə yaradıcı mühitdə tərbiyə alıb. Onun boya-başa çatdığı ailədə Azərbaycan incəsənətinin qədim ənənələri qayğı ilə qorunur, nəsildən-nəslə ötürülürdü.

 

1930-cu ildə Azərbaycan Dövlət Rəssamlıq Texnikumuna daxil olan M.Rəhmanzadə daha sonra təhsilini V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda davam etdirib.

 

1940-cı ildə institutu bitirən qrafika ustası Moskvada “Xudojestvennaya literatura” nəşriyyatında işə düzəlib. 1941-ci ildə rəssamın atası repressiyaya məruz qalıb, onu xalq düşməni elan ediblər. Altı ay sonra o, Daşkənd həbsxanasında vəfat edir. M.Rəhmanzadə Moskvada işini buraxıb Bakıya qayıtmalı və yaradıcılıq fəaliyyətini burada davam etdirməli olub.

 

M.Rəhmanzadənin “Bizim Xəzərdə”, “Azərbaycan qadınları”, “Doğma Vətənim”, “Sumqayıt–Rustavi” və s. əsərləri dünyanın müxtəlif ölkələrində 50-dən çox sərgidə nümayiş etdirilib.

 

İstedadlı rəssam öz əsərlərində doğma diyarın misilsiz gözəlliyini – əzəmətli Naxçıvan dağlarını, bol bəhrəli Quba bağlarını, qədim Lənkəran meşələrini, dağların qoynunda gizlənən Xınalıq kəndini tərənnüm edib.

 

M.Rəhmanzadə əsərlərində qadın bədəninin gözəlliyini qabardan milli geyimləri təsvir etməyi daha çox sevirdi. Onun tablolarındakı kənd qızları yaraşıqlı və şəndir. Zərgər qızı Maral Rəhmanzadə milli libasları böyük sevgi və bacarıqla zərgərlik məmulatı ilə tamamlayırdı. Rəssam qadın obrazlarını “Odlar Yurdunun qızları”, “Üç çiçək” və “Mənim bacılarım” əsərlərində canlandırıb.

 

Rəssam M.S.Ordubadinin “Qılınc və qələm”, M.F.Axundzadənin “Aldanmış kəvakib”, A.S.Puşkinin “Yevgeni Onegin” və M.Y.Lermontovun “Zəmanəmizin qəhrəmanı” əsərlərinə illüstrasiyaların da müəllifidir.

 

“Azərbaycan neft ölkəsidir”, “Bizim Xəzərdə” və “Avtoportret” tabloları rəssamın ən məşhur əsərləridir.

 

M.Rəhmanzadə 2008-ci il martın 18-də vəfat edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir