Modern.az

Ömrünü Məmməd Araza fəda edən QADIN...

Ömrünü Məmməd Araza fəda edən QADIN...

23 İyul 2021, 12:00

“Məmməd Arazın xanımı şair xəstə olarkən şeirlərinin əl yazmaya alınmasında böyük dəstək göstərib”.

 

Bunu Modern.az-a “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Məmməd Arazın ailəsi ilə bağlı xatirələrini bölüşərkən deyib.

 

O bildirib ki, Xalq şairi Məmməd Arazın ailəsini 1980-ci illərdən tanıyır.

 

“Xanımı hər zaman Məmməd Araza diqqət və qayğı göstərib. Şair xəstə olarkən onun şeirlərinin əl yazmaya köçürülməsini məhz xanımı edirdi. Ağdamda, bizim evimizdə Məmməd Arazla birgə qonaq olmuşdular, Şuşaya, İsa bulağına getmişdik. Gülxanım xanım Azərbaycanın fədakar qadınlarından idi, Məmməd Araz üçün ömrünü fəda etmişdi.  Şairin vəfatından sonra onun əsərlərinin təbliğində, çap olunmamış şeirlərinin tərtib edilməsində Gülxanım Fətəliqızının böyük rolu olub. Məmməd Araz xanımına da şeirlər yazmışdı, o şeirlərdən biri yadıma düşdü:

 

Çox tozanaq atlını təmkin atınla keçdin,

Sel boğan dərələri  bir mərd qadınla keçdin.

Bütün keçilməzliyi, Vətən, adınla keçdin

Haqqın var, Məmməd Araz

Haqqın var yaşamağa!

Allah hər ikisinə rəhmət etsin”.

 

Xatırladaq ki, ötən gün Azərbaycanın Xalq şairi Məmməd Arazın xanımı Gülxanım Fətəliqızı dünyasını dəyişib. Mərhum bu gün Badamdar qəsəbəsi ərazisində yerləşən qəbiristanlıqda dəfn olunacaq.

 

Humay İsgəndərova

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...