Arxiv
26 İyul 2021, 14:08 | ÖLKƏ
4 xarici dil bilən 65 yaşlı diplomat -Vaqif Sadıqovun dosyesi   

Xəbər verdiyimiz kimi, bu gün Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycanın Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

 

O, bu təyinatadək Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində daimi nümayəndəsi olub.

 

Modern.az-ın məlumatına görə, Vaqif İsmayıl oğlu Sadıqov 1956-cı ilin noyabrın 2-də Bakıda anadan olub. 1978-ci ildə SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun İngilis dili fakültəsini bitirib. 1986-cı ildən filologiya elmlər namizədidir. 1991-ci ilin sonuna qədər APXDİ-nin İngilis dili fakültəsində baş müəllim vəzifəsində çalışıb.

 

O, 1992-ci ilin əvvəlində Azərbaycan Xarici İşlər Nazirliyində Beynəlxalq Təşkilatlar İdarəsinin 1-ci katibi vəzifəsinə təyin olunub, 1993-1995-ci illərdə XİN-in Hərbi-Siyasi Məsələlər Üzrə Şöbəsinin müdiri vəzifəsində çalışıb.

 

V.Sadıqov 1995-2004-cü illərdə Azərbaycan Respublikasının Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri, eləcə də BMT-nın Vyana Bölməsi, BMT-nın Sənaye İnkişafı Təşkilatı və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı yanında Azərbaycan Respublikasının daimi nümayəndəsi olub.

 

1998-2004-cü illərdə Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması Müqaviləsi üzrə Təşkilat, 2001-2004-cü illərdə isə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik yanında Azərbaycan Respublikasının daimi nümayəndəsi olub. 

 

2004-2010-cu illərdə Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini vəzifəsində çalışıb, 2010-2016-cı illərdə Azərbaycan Respublikasının İtaliyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb. 2016-cı ildən Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində daimi nümayəndəsi olub.

 

İngilis, rus, fransız, alman dillərini bilir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv