Modern.az

“Harada qarabağlı görürəmsə, ona sevinərək baxıram” – MÜSAHİBƏ  

“Harada qarabağlı görürəmsə, ona sevinərək baxıram” – MÜSAHİBƏ  

27 İyul 2021, 09:05

 “Vətən müharibəsi xaricdə yaşayan azərbaycanlıları daha sıx birləşdirdi”

 

İsveçrə Azərbaycanlılarının  Koordinasiya Şurasının əlaqələndiricisi, “Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi”nin rəhbəri Qasım Nəsirov Modern.az-a müsahibəsində diaspor sahəsi ilə bağlı bir çox sualları cavablandırıb.

 

Həmin müsahibəni oxucularımıza təqdim edirik:

 

- Qasım bəy,  diaspor fəalı olaraq Azərbaycan diasporunun bugünkü fəaliyyətini necə qiymətləndirirsiniz?

 

-Bu gün Azərbaycan diasporu öz fəaliyyətində çox fəaldIr. Buna bir çox amillər təsir edir. Əsasən Diasporla İş üzrə Dövlət Komitəsinin diaspor nümayəndələri ilə yaxşı əlaqədə olması, bu əlaqələri bir araya toplayıb koordinasiyalı şəkildə bir araya gətirməsi çox böyük işlərdir. Artıq deyə bilərik ki, pərakəndə toplantılar tam aradan qaldırılıb. Həmçinin Vətən müharibəsi xaricdə yaşayan azərbaycanlıları daha sıx birləşdirdi. Vətən müharibəsi sübut etdi ki, Azərbaycan xalqı nə qədər bərabər olmağa hazır xalqdır. Halbuki digər vaxtlarda belə həmrəylik tapmaq o qədər də asan deyil. Müharibə göstərdi ki, Azərbaycan xalqı bir yumruq kimi bayraq altında çox gözəl işlər görə və bir-birinə dəstək ola bilir.

 

Təbii ki, bu birlik məsələsində Diaspor Komitəsinin də dəstəyi var. Bu barədə fikirləriniz maraqlıdır...

 

- Bunun özü bir dəstəkdir. Bayaq dediyim kimi əvvəllər daha çox pərakəndə fəaliyyətə üstünlük verilirdi. Həmçinin mənim də diaspor təşkilatım bu pərakəndəliyin mərkəzində idi. Düzdür, biz pərakəndə fəaliyyət göstərsək də nələrsə etməyə çalışırdıq. Amma bərabərlik və birliyin olması çox yaxşı haldır. Bu gün o birliyin mərkəzində olduğumuz üçün həm də xoşbəxtik. Çünki bərabərliyin faydalı iş əmsalına gətirib çıxartdığı ortadadır. Güc birlikdədir. Biz bir arada olduqca bir-birimizin güclü tərəfini kəşf edir və bundan istifadə edirik.

 

 - Siz də ölkədən kənarda diaspor sahəsində Azərbaycan adına xidmət göstərən əsgərlərsiniz. Hər halda diaspor sahəsinin əsgəri olmaq da asan deyil. 

  

-Tamamilə razıyam. Əsgərlərimiz döyüş bölgəsində başımızı uca etdilər. Biz də çalışdıq ki, onların əldə etdikləri nailiyyətləri yüksəklərə qaldıraq. Bildiyiniz kimi, Avropada erməni diasporu çox güclüdür. Bu gün isə tam deyə bilərik ki, biz onların qüvvəsini artıq sındırmışıq. Onlara imkan vermirik ki, nəsə bir iş həyata keçirsinlər. Hansı sahədə necə addım atmaq istəyirlərsə, biz onların qarşısındayıq.

 

 - İsveçrə mediası Azərbaycanın qəhrəmanlıq tarixini şəffaf işıqlandıra bilirmi? 

 

- Qısqanclıq bu gün də var. Biz bunu Avropada da hiss edirik. Avropanın bəzi mediası qələbəmizi kölgə altına atmağa çalışır. Çünki bu işdə ermənilərin birbaşa əli var. Bu da səbəbsiz deyil. Ermənilər üçün daha uyğunu o idi ki, vəziyyət status-kvo olaraq qalsın və Ermənistan həmişə haqlı olduğunu, Azərbaycan isə guya ağlayıb dərdini dünyaya çatdırsın. Onlar həyatın bu cür davam etməsini çox istəyirdilər. Sonda Azərbaycan dövlətinin də, xalqının da səbr kasası daşdı. 44 günlük Vətən müharibəsi ilə ermənilərin vaxt qazanmaq arzularını ürəklərində qoyduq. Əslində Azərbaycan dövləti hər zaman münaqişənin sülh yolu ilə həll edilməsinə çalışıb. Sadəcə qarşı tərəf buna getmədi. Bununla da Azərbaycanın müharibədən başqa yolu qalmadı. Müharibə boyunca Azərabycan dövlətinin bir üstünlüyünün də şahidi olduq. Sivil xalqa zərər verilmədi. Ancaq düşmən tərəfi günahsız insanlarımızı hədəf aldı.  

  

Bu gün siz də xaricdə başınız dik gəzirsiniz. 30 ilə yaxın müddətdən sonra qalib kimi yaşamaq necə hissdir?  

 

- Bu o qədər gözəl hissdir ki, sözlə ifadə etmək belə çətindir. Sadəcə onu deyə bilərəm ki, məğlub xalq damğası üzərimizdən götürüldü. Məğlubiyyət hissi xaricdə daha acı hiss olunurdu. Həm torpaqlarımız işğal altında idi, həm də qürurumuz tapdalanmışdı. Kimlərinsə səhvi ucbatından torpaqlarımızı itirmişdik. Üstəlik dünya da münaqişəyə ədalətli yanaşmırdı. Bir milyona yaxın məcburi köçkünümüz vardı, ancaq dünya bunları görmək istəmirdi. Azərbaycan Vətən müharibəsinə başlayanda dünya sanki yuxudan ayıldı. “Niyə müharibə başlayıb?”sualı ilə üstümüzə hücum çəkdilər. Bəs bu qədər torpaq itkisi, bu qədər məcburi köçkün ordusu sizə heç nə demirdi?! Bu insanlar öz torpaqlarına qayıtmamalı idi?! Biz isə qayıtdıq. İnsan hər acıya qatlana bilər, amma torpaq itkisinə dözmək çox ağırdır. Bu gün harada bir ağdamlı, bir şuşalı, laçınlı görürəmsə, onların üzünə sevinərək baxıram. Sevinirəm ki, az da olsa bu qələbədə bizim də payımız var. Çalışdıq ki, sözlə, media vasitəsilə təbliğatımızı apara bilək. Bu yolda bizə qarşı hücumlar oldu. Amma biz bunların öhdəsindən gəldik.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır