Modern.az

Komitələrin payız hazırlığı: “Növbəti sessiya layihələrlə zəngin olacaq”

Komitələrin payız hazırlığı: “Növbəti sessiya layihələrlə zəngin olacaq”

Parlament

27 İyul 2021, 09:34

Sentyabr ayında Milli Məclis ənənəvi olaraq payız sessiyasına start verəcək. Aktiv müzakirələrlə keçən yaz sessiyasında bir çox qanun layihələrinin hazırlanmasının və müzakirəsinin şahidi olduq. Bunlardan ən yaddaqalanı işğaldan azad olunmuş Şuşa şəhəri ilə bağlı qanun layihəsinin qəbul olunması idi.

 

Eyni zamanda deyə bilərik ki, Milli Məclisin yaz sessiyası dövründə fəaliyyəti kifayət qədər məhsuldar oldu. Ali qanunverici orqanın payız sessiyasında da bir sıra mühüm layihələri müzakirəyə çıxaracağı gözlənilir.

 

- Milli Məclisin komitələri növbəti sessiyaya necə hazırlaşır? Hansı qanunlar payız sessiyasına saxlanıldı? Payızda yeni qanunlar gözlənilirmi?

 

İlk olaraq Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsindən bu suallara cavab almağa çalışdıq.

 

Deputat Fəzail Ağamalı üzvü olduğu komitənin ötən sessiyadakı fəaliyyəti və payız sessiyasındakı planları haqqında Modern.az-a danışıb. Onun sözlərinə görə, komitə yaz sessiyasını uğurla başa çatdırdı və kifayət qədər məhsuldar işlədi:

 

“Müzakirə etdiyimiz qanun layihələri ictimai müzakirədən keçirilərək, plenar iclasa təqdim edildi. Qanun layihələri müzakirə predmetinə çevrildi, qanunvericiliyin bütün tələblərinə uyğun hazırlandığına görə məhdudiyyət qoyulmadan, əleyhinə səs verilmədən deputatlar tərəfindən qəbul edildi.

 

Komitə birbaşa hüquq siyasəti və dövlət quruculuğu ilə bağlı qanun layihələrini müzakirə edərək hazırlayır, plenar iclasa təqdim edir. Eyni zamanda ölkə Prezidentinin tapşırığı ilə hazırlanan və bizim komitəyə daxil olan qanun layihələrini də eynilə müzakirədən keçirib, plenar iclasa təqdim edirik. Bununla bərabər, ayrı-ayrı komitələrin hazırladığı layihələr hüquqi aspektdən qiymətləndirmək üçün nəzərdən keçirilir. Digər komitələrdən fərqli olaraq Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin işi daha çoxdur.

 

Çox məhsuldar işlədik. Hər hansı qanun layihəsi payız sessiyasına qalmadı. Nə nəzərdə tutulmuşdusa, hamısı yerinə yetirildi. Ümid edirəm ki, payız sessiyasında komitə özünün yüksək peşəkarlıq ənənələrinə söykənərək, vəzifəsini yerinə yetirəcək”.

 

Fəzail Ağamalı payız sessiyasında plana salınacaq qanunların sentyabr ayında açıqlanacağını söyləyib:

 

“Hansı qanunları işləyib, təqdim edəcəyik və ya münasibət bildirməyimiz üçün hansı qanunlar komitəmizə təqdim ediləcək - bu haqda fikir söyləmək tezdir. Sentyabr ayında məsələ ətrafında fikir mübadiləsi aparmaq olar”.

 

Komitə üzvü azad olunmuş ərazilərlə bağlı yeni qanun layihələrinin hazırlanmasını istisna etməyib:

 

“Hətta qanunların kifayət qədər çox olduğunu nəzərə alaraq, millət vəkillərinin təşəbbüsü, spikerin rəyi ilə növbədənkənar sessiya keçirildi. Bu zaman xeyli qanun müzakirə və qəbul edildi. Stollarımızın üstündə heç bir qanun layihəsi qalmayıb.

 

Yeni sessiyada azad olunmuş ərazilərimizin quruculuğu, bərpası, digər məsələlərlə bağlı qanun layihələri daxil ola bilər. Ümidvaram ki, payız sessiyası ayrı-ayrı qanun layihələrinin müzakirəsi ilə zəngin olacaq və biz yenə məhsuldar çalışacağıq”.

 

Qeyd: Milli Məclisin digər komitələrinin də payız sessiyası ilə bağlı fəaliyyət planlarını təqdim edəcəyik.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı