Arxiv
27 İyul 2021, 12:06 | REPORTAJ
Balaca Orxanın qəhrəman atası: adını daşıyan oğlunu görə bilmədi... - FOTO  

Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsi zamanı verdiyi şəhid sayı sonuncu rəsmi statistikada 2907 nəfər qeyd edilib. Bununla yanaşı, həmin siyahıda 7 hərbi qulluqçumuz itkin düşmüş sayılır. Şəhidlərimiz arasında dünyaya gələcək övladını görməyənlər var idi.

 

Modern.az-ın məlumatına görə, Vətən müharibəsindən sonra 100 şəhid övladı dünyaya gəlib. Bu körpələrin ayrı-ayrılıqda təqdimatına davam edirik.

 

Dünyaya gələcək övladını bağrına basmayıb, qoxusunu içinə çəkmədən həlak olan şəhidlərimizdən biri də Orxan Hüseynovdur.

 

ARAYIŞ: Baş leytenant Hüseynov Orxan Bəhman oğlu 25 iyul 1991-ci ildə Bakı şəhərində anadan olub. 2013-cü ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbi yüksək göstəricilərlə bitirib.  Vətən müharibəsi zamanı oktyabrın 4-də Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olub. Əmircan Şəhidlər Xiyabanında dəfn olunub.

 

Şəhidin həyat yoldaşı Ləman Hüseynova qəhrəmanımız haqqında Modern.az-a danışıb:

 

“Orxanın gənc yaşlarından hərbiyə böyük marağı olub və özünə gələcək peşə olaraq hərbi sahəni seçib. 2009-cu ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. 2014-cü ildə Qusarda N saylı hərbi hissədə xidmətə başlayıb. 2017-ci ildə ön cəbhələrdən birinə - Tərtərə ezam olunub. Yoldaşım Aprel və Tovuz döyüşlərində iştirak etmişdi. İkinci Qarabağ müharibəsində Ağdam və Tərtər istiqamətində gedən döyüşlərə qatılıb. Oktyabrın 4-də Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Suraxanı rayonundakı Əmircan Şəhidlər Xiyabanında dəfn olunub”.

 

Qəhrəmanın arzuları başladığı kimi bitdi...

 

“Hərbçi ilə tanış olmaq çox çətindir, çünki hər zaman vəzifəsinin başında olmalıdır. Məni qaynanam görüb bəyənmişdi, Orxanla bizi o tanış etmişdi. Orxan şəhid olarkən ikinci oğlumuz bətnimdə idi. Övladının olacağını bilirdi. 4 yaşlı oğlumun adı Muraddır, balaca oğluma isə qaynanam Orxanın adını verdi. Onu "Balaca Orxan" deyərək əzizləyirik. Qəhrəmanımın arzuları başladığı kimi də bitdi, yaşada bilmədi arzularını, istəklərini”. 

 

Humay İsgəndərova

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv