Arxiv
27 İyul 2021, 13:53 | DİASPOR
Azərbaycan diasporu Oxçuçay fəlakətini dünyaya çatdırır 

Azərbaycanın Zəngilan rayonu ərazisindən keçən və Araz çayına tökülən Oxçuçay çayı Ermənistan ərazisində fəaliyyət göstərən dağ-mədən sənayesinin çirkab suları ilə davamlı olaraq çirklənməyə məruz qalır. Oxçuçayda vəziyyət artıq fəlakət həddinə çatıb.

 

Azərbaycana qarşı ekoloji terrorun həyata keçirilməsində Ermənistanla yanaşı, Almaniya şirkətləri də iştirak edir. Belə ki, Almaniyanın Karlsruhe şəhərində yerləşən “Cronimet” şirkətlər qrupu Ermənistanın ən böyük vergi ödəyicisi olan Zəngəzur mis-molibden kombinatının 60 faizlə əsas payçısı kimi məsuliyyət daşıyır. Tənqid hədəfləri arasında ingilis şirkəti tərəfindən alındıqdan sonra “Chaarat Kapan CJSC” adını daşıyan Qafan dağ-mədən və emal zavodunun da adı hallanır. Ölkəmizə yönələn Oxçuçay terrorunun qarşısını almaq və bunu törədənlərin cəzalandırılması üçün dövlət səviyyəsində kampaniyaya start verilib.

 

Azərbaycan diasporu ekoloji fəlakətə qarşı hansı addımları atır?

 

Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatları Ermənistan və Almaniya şirkətləri tərəfindən Oxçuçayın çirkləndirməsinə etiraz əlaməti olaraq birgə bəyanatlarla beynəlxalq təşkilatlara müraciət ünvanlayıblar. Hazırda bu istiqamətdə tədbirlər davam etdirilir.

 

Fransa Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Mehriban Ovçuyeva Modern.az-a bildirib ki, Oxçuçay fəlakəti ilə bağlı müxtəlif ictimai təşkilatlara müraciətlər edilib:

 

“"Cronimet" və onun müxtəlif ölkələrdə olan ofislərinə fotolarla birlikdə etiraz məktubları göndərilib. Xaricdə yaşayan azərbaycanlılar, koordinasiya şuraları, müxtəlif təşkilatlar beynəlxalq qurumlara məktublar göndərib. Həmçinin Fransada müxtəlif təbiətin qorunması ilə məşğul olan ictimai təşkilatlara məlumat göndərilib və görüşlər keçirilib. Bu təşkilatlar ölkə səviyyəsində kifayət qədər aktivdirlər. Onlarla birlikdə görüşlər keçirilib. Həmçinin başqa ölkələrlə birgə etiraz məktublarının göndərilməsini təmin etmişik”.

 

İsveç Sosial-Demokratlar Partiyasının fəalı, Soderberq Jonkopinq region parlamentinin deputatı İradə Əliyeva saytımıza açıqlamasında vurğulayıb ki, İsveçrə Koordinasiya şurası Oxçuçay ilə bağlı fəal işləyir:

 

“İyulun 2-dən İsveçdə fəaliyyət göstərən şirkətə bəyanat göndərdik. Həmin bəyanatda biz Oxçuçayda vəziyyəti izah etdik, bunun ətraf mühitə, insanlara nə qədər təhlükəli olduğu bildirərək, bu şirkətin imkan daxilində Almaniya şirkətinə təsir etməsini xahiş etdik. Lakin onlardan bizə heç bir cavab gəlmədi. Uzun müraciətlərdən sonra məktublarımıza cavab verdilər. Bizə təəssüflə bildirdilər ki, belə vəziyyətdən onlar çox narahatdırlar. Çünki İsveç digər Avropa ölkələrindən daha çox ətraf mühitin qorunması haqqında diqqətlidir, milyardlarla pul xərcləyir. Amma onlar bildirdilər ki, heç bir şəkildə müdaxilə edə bilməzlər və ya hansısa elə bir platforma yoxdur ki, bu mövzunu müzakirə etsinlər. Lakin söz verdilər ki, Avropa ölkələrinin tədbiri olarsa, orada bu məsələsini nəzərə çatdıracaqlar”.

 

Polşa Azərbaycanlıları Şurasının rəhbəri Fərid Cəfərli isə deyib ki, Oxçuçay məsələsi ilə bağlı “Cronimet” şirkətinin əsas qərargahı Almaniyada yerləşdiyi üçün orada yaşayan soydaşlarımız şirkətin qarşısında aksiya keçirmişdilər:

 

“Polşada şirkətin 2 filialı var. Biz həmin filiallara etiraz məktubu göndərmişik".

 

 Həmçinin pandemiya qaydaları çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsində təşkil edilən aksiya zamanı könüllülər və platforma üzvləri öz şəxsi elektron ünvanlarından Avropanın müxtəlif ölkələrindəki parlamentarilərə, ABŞ konqresmenlərinə və nüfuzlu beynəlxalq təşkilatlara müraciət ediblər.

 

Müraciətdə qeyd edilib ki, ekoterrora məruz qalan Oxçuçayın töküldüyü Araz çayı Azərbaycanın əkin sahələrinin suvarılmasında həlledici rol oynayır. Lakin çaydakı suyun keyfiyyətinin ciddi dəyişikliyi səbəbindən onun məişət və kənd təsərrüfatı ehtiyacları üçün istifadəsi son dərəcə təhlükəlidir. Ekosistemə və bioresurslara ciddi ziyan vurulduğu, Ermənistanın 1992-ci ildə imzalanmış Helsinki konvensiyasına qoşulmadığı və öhdəliklərdən yayındığı barədə ətraflı məlumat verilib.

 

 Aysel Məhərrəm

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv