Arxiv
28 İyul 2021, 13:22 | PARLAMENT
Güc üçlükdədir: Dünyaya birlik və qardaşlıq dərsi  

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin üçtərəfli görüşündə “Bakı Bəyannaməsi” imzalanıb.

 

Bəyannaməni Milli Məclisin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysər imzalayıblar.

 

Maraqlıdır, ölkə gündəminin əsas xəbərinə çevrilən “Bakı Bəyannaməsi” Türkiyə və Pakistan üçün nə ifadə edir? Qardaş ölkələrin üçtərəfli əməkdaşlıqdan gözləntiləri nədir?

 

Türkiyə-Azərbaycan parlamentlərarası işçi qrupunun üzvü, Türkiyə Böyük Millət Məclisinin üzvü Orhan Erdem Modern.az-a açıqlamasında bildirib ki, “Bakı Bəyannaməsi” Türkiyə, Azərbaycan və Pakistanın qüvvələrinin birləşdirilməsi mənasını daşıyır.

 

“Bu, artıq dünyaya bir mesajdır. Necə ki, Qarabağda müharibə zamanı qardaş ölkələr Azərbaycana siyasi cəhətdən bütün gücü ilə dəstək verdi, bundan sonra da belə olacaq. Müharibə dövründə hər yerdə üç bayraq birlikdə dalğalanırdı. Bundan sonra daha ciddi şəkildə mübarizə aparacağıq. Əslində bu platformaya Pakistanın da qatılması daha böyük güc deməsidir. Bundan sonra parlamentlərarası əlaqələr daha güclü olacaq. Ölkələr dünya ilə bağlı problemlərini həll edə biləməyəndə üç ölkənin birlikdə hərəkət etməsi lazım gələcək. Ticarətdə, sosial həyatda birlik və bərabərlik içərisində ortaqlıq olacaq”.

 

Pakistanın  “The Frontier News” qəzetinin jurnalisti Səid Ələm Xan isə Modern.az-a açıqlamasında bildirib ki, bəyannamə tarixi zəfər elan edilə bilər.

 

“Bakı Bəyannaməsi” üç qardaş müsəlman dövləti olan Azərbaycan, Pakistan və Türkiyə arasında əlaqələrin möhkəmləndirilməsində və qarşılıqlı maraq doğuran mövzularda bir olmaq üçün böyük addımdır.

 

Parlament üzvləri arasında bəyannamə olmasına baxmayaraq, gələcəkdə daha çox şey gözləmək olar, çünki bu, üç üzv dövlətin regional və beynəlxalq siyasətdə möhkəm mövqedə olmasını təşviq edir. Bu, eyni zamanda iki müsəlman ölkəsi - Pakistan və Türkiyənin Azərbaycanın yanında olması deməkdir. Əlbəttə, biz Qarabağ müharibəsi dövründə də bunun şahidi olmuşuq. Üçtərəfli addım həm də günün tələbi olan iqtisadi əlaqələrin gücləndirilməsinə kömək etməlidir. Bəyannamə gələcəkdə güclü strateji əlaqələrə sahib olmağı hədəfləyir. Pakistan Azərbaycan və Türkiyə başda olmaqla bütün müsəlman ölkələri ilə əlaqələr qurmaq üçün irəliləyir.

 

Hesab edirəm ki, “Bakı Bəyannaməsi” üç ölkənin xalqlarını daha da yaxınlaşdıracaq. Buna görə də “Bakı Bəyannaməsi” tarixi zəfər elan edilə bilər”, - pakistanlı jurnalist qeyd edib.

 

 “Bakı Bəyannaməsi”nin detalları ilə BURADAN tanış ola bilərsiniz.

 

Aysel Məhərrəm

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv