Modern.az

Yeni səfir təyinatlarını labüd edən səbəblər nədir?

Yeni səfir təyinatlarını labüd edən səbəblər nədir?

28 İyul 2021, 15:31

Son bir neçə gündə Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla diplomatik korpusda ciddi kadr dəyişiklikləri həyata keçirilib. Azərbaycanın yaxın müttəfiqi, dost və qardaş Türkiyə ilə yanaşı, Avropa və Asiyada yerləşən bəzi ölkələrdəki təmsilçilərimiz dəyişdirilib. Belə ki, Böyük Britaniya Krallığı, ABŞ, Estoniya, Latviya, İsveçrə, Belçika, Əfqanıstanda ölkəmizi təmsil edən səfirlər yeniləri ilə əvəz olunub.

 

Bununla yanaşı, Azərbaycanın Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı, BMT-dəki nümayəndəsi də yenilənib.

 

Bəs post-müharibə dövründə bu cür diplomatik dəyişiklikləri labüd edən səbəblər nələrdir? Azərbaycanın digər dövlətlərlə ikili münasibətlərində və beynəlxalq addımlarında hansı yenilikləri müşahidə edə bilərik?  

 

Bununla bağlı Modern.az-a danışan, sabiq diplomat, politoloq Fikrət Sadıqov qeyd edib ki, diplomatiya haqqında qanuna əsasən, ayrı-ayrı ölkələrdə səlahiyyətləndirilmiş səfirlər 5 il müddətlə dəyişdirilməlidir.

 

Politoloqun sözlərinə görə, bu proses iki variantdan istifadə etməklə həyata keçirilir:

 

“Birinci variant, səfirin ölkəyə geri çağırılması və hansısa yeni vəzifəyə təyin olunması sistemidir. Digər variant isə rotasiya adlandırılan əvəzləmə vasitəsidir. Rotasiya zamanı səfirlərin üfüqi metodla  bir ölkədən başqa ölkəyə göndərilməsini müşahidə edə bilirik.

 

Prezidentin sərəncamları ilə həyata keçirilən dəyişikliklərin bir qismi rotasiya yolu ilə səfirlərin təyinatıdır. Müharibədən sonrakı dönəmdə səfirlərin vəzifələri nəinki iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması, həmçinin Azərbaycanla bağlı reallıqları, Ermənistanla münasibətlərdəki mürəkkəb və ölkəmizin maraqlarına cavab verən məqamları dünya ictimaiyyətinə çatdırmaqdır. Bunu peşəkarlıqla etmək, müxtəlif səviyyələrdə, müxtəlif tədbirlər və yollar vasitəsilə mütəmadi həyata keçirmək vacib hal alır. Bütün bunlar indiki səfirlərin və diplomatik nümayəndəliklərin əsas vəzifələridir və məsələ artıq onlara bəllidir. Şübhə etmirəm ki, onlar bu məqamları ön plana çəkib gündəmdə saxlayacaqlar”.

 

Fikrət Sadıqov Azərbaycanın region üçün əhəmiyyətli olan yeni təşəbbüslər irəli sürdüyünü xatırladıb. Onun fikrincə, Azərbaycanın bu addımları və Ermənistanın sülhdən boyun qaçırmaq cəhdləri dünya birliyinin diqqətinə çatdırılmalıdır:

 

“Ermənistanla sülh sazişini bağlamaq istəyirik. Sərhədlərin delimitasiyası başa çatdırılmalıdır. Ermənistan isə bu tələblərdən boyun qaçırır. Biz azad olunmuş ərazilərimizdə infrastrukturun bərpası ilə məşğuluq, şəhərlərimizi yenidən inkişaf etdirib, investisiya cəlb etməyi hədəfləmişik. İndiki dövrdə Azərbaycanın xarici siyasətinin əsas prioritetləri bununla bağlıdır. Bizim təşəbbüslərimizə ermənilərin və dünya dövlətlərinin reaksiyası da önəmlidir. Bu xarici dövlətlərə, beynəlxalq təşkilatlara da çatdırılmalıdır”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir