Modern.az

AzTV sabiq əməkdaşının işdən çıxarılma səbəbini açıqladı

AzTV sabiq əməkdaşının işdən çıxarılma səbəbini açıqladı

Aktual

18 Oktyabr 2012, 16:13

AzTV-nin sabiq əməkdaşı Hikmət Həsənovun işdən çıxarılması ilə bağlı televiziya rəhbərliyi növbəti açıqlamasını verib. Bu barədə Modern.az-a telekanalın mətbuat xidmətinin rəhbəri Xatirə Qasım məlumat verib:  “2 il öncə Azərbaycan Radiosu rəqəmsal yayıma keçdiyindən, qurumun əməkdaşlarına əvvəlcədən xəbərdarlıq edilmişdi ki, müasir texnologiya ilə bağlı biliklərə yiyələnsinlər. Bu xəbərdarlıqdan təxminən 1 il sonra radio əməkdaşları arasında attestasiya keçirilmişdi. 2011-ci ilin mayında keçirilən attestasiya zamanı Radioverilişləri Aparatı Sexinin böyük mühəndisi Hikmət Həsənov 5 ballıq sistem üzrə “2” qiyməti aldığından attestasiyadan keçə bilməmişdi”.

X. Qasım qeyd edib ki, müəyyən vaxt ərzində avadanlığı öyrənmək üçün ona yenidən imkan yaradılıb: “Lakin o, bundan sonra 2 dəfə istehsalat intizamını pozduğuna görə müvafiq töhmətlər almış, sonuncu dəfə isə onun səhlənkarlığı üzündən radionun efirində 4 dəqiqə texniki dayanma baş vermişdi. Bütün bunların nəticəsində onunla bağlanmış müddətli əmək müqaviləsi başa çatdıqdan sonra müqaviləyə xitam verilmişdir, yəni müqavilə müddəti uzadılmayıb”.

Qeyd edək ki, özü və ailəsini Azadlıq Meydanında yandıracağını bəyan edən AzTV-nin sabiq əməkdaşı H.Həsənov prezident İlham Əliyevə müraciət edib. “Dövlət başçısından yeganə istəyim  məni qəbul etməsidir. Bu baş tutmasa, gələn şənbə günündə Azadlıq meydanında özümüzü yandırmağa qərar vermişik”, – deyə H.Həsənov müraciətində bildirib.  

Nihadə Eyyubova

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir