Modern.az

Diaspor nümayəndələrinin Şuşa səfəri nəyi dəyişəcək  

Diaspor nümayəndələrinin Şuşa səfəri nəyi dəyişəcək  

28 İyul 2021, 21:32

Sərhədlərin açılması pandemiya səbəbilə Vətənə gələ bilməyən xaricdə yaşayan minlərlə soydaşımızın yay tətilini Azərbaycanda keçirməsinə şərait yaratdı.

 

Həmin diaspor nümayəndələrindən bir çoxu gözlənilməz sürprizlə qarşılaşdılar. Belə ki, Azərbaycanı dünyada təbliğ edən, haqq səsimizin eşidilməsində böyük işlər görmüş diaspor fəallarının vətəndə olmaları nəzərə alınaraq onların Şuşaya səfərləri təşkil edildi.

 

“Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” şüarı altında reallaşan səfər Azərbaycan diasporunun ən yaddaqalan tədbirlərindən biri kimi tarixə həkk olundu.

 

 

Səfər çərçivəsində diaspor nümayəndələri bir daha erməni vandallığının şahidi oldular.

 

Şuşaya gedən yol boyu viran edilmiş yaşayış məntəqələri, Yer üzündən silinmiş qəbirlər, kəsilmiş ağaclar, minalanmış ərazilər görünür ki, bu da artıq az qala bütün dünyada Ermənistanın atributu kimi qəbul edilir.

 

Xaricdə yaşayan soydaşlarımız Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində oldular, burada baş meydan “Bazarbaşı”nı, Cıdır düzünü, erməni vandalizminə məruz qalmış “Güllələnmiş heykəllər”in olduğu meydanı, Şuşa Bəyannaməsinin imzalandığı məkanı, Xurşidbanu Natəvanın evini, “Xan qızı bulağı”nı, Gəncə Qapısını, Saatlı, Aşağı və Yuxarı Gövhərağa məscidlərini və digər mühüm yerləri ziyarət etdilər.

 

Bundan əlavə, Qarabağın incisi qədim Şuşanın tarixi, mədəniyyəti, dahi şəxsiyyətləri və ölkə rəhbərliyinin tapşırığı ilə burada aparılan quruculuq işləri barədə soydaşlarımıza geniş məlumat verildi.

 

 

Şuşa səfərindən informasiya meydanına

 

28 ildən sonra baş tutan Şuşa səfəri diaspor nümayəndələri üçün böyük sürpriz olmaqla yanaşı, unudulmaz anların yaşandığı tarixi hadisə kimi yaddaşlarda qalacaq. Əlbəttə, bu səfər Vətən həsrətinə son qoyulması kimi böyük mənəvi əhəmiyyət daşıyır. Lakin Azərbaycanın mədəniyyət paytaxtına təşkil olunan səfərin digər mühüm və incə məqamlarını da vurğulamaq yerinə düşər.

 

Bu, ilk növbədə Qarabağ reallığının tam fərqli təqdimatla dünya ictimaiyyətinin diqqətinə çatdırılması və xaricdə erməni vandalizminə layiqli qiymət verilməsi, hadisələrin olduğu kimi, video və fotolarla təhrif olunmadan tanıdılması baxımından vacib, həm də effketiv və əvəzedilməzdir.

 

Təsəvvür edin, dünyanın aparıcı ölkələrində yaşayan və aktiv diaspor fəaliyyəti ilə məşğul olan soydaşlarımız bir günlük Şuşa ziyarətindən böyük təəssüratlarla qayıdırlar. Onlar uzun illər işğal altında saxlanılmış doğma torpaqlarımızda ermənilərin törətdikləri vandalizmi, barbar əməlləri yerindəcə öz gözləri ilə gördülər. Qarşılaşdıqları mənzərə nə qədər ürəkağrıdıcı və dözülməz olsa da, onlar yaşadıqları ölkələrə geri qayıdarkən Ermənistanın terrorçu mahiyyəni ifşa edəcək xeyli faktlar topladılar.

 

Bu nüans postmünaqişə dönəmində Ermənistanın müharibə və hərbi cinayətlərinin dünyanın aparıcı ölkələrində yenidən gündəmə gətirilməsi, təkzib olunmaz faktların nüfuzlu diaspor təşilatlarına göndərilməsi, müxtəlif vətəndaş cəmiyyətləri, parlamentarilər müstəvisində aktiv müzakirələrin aparılması deməkdir.

 

Belə görüşlərin təşkili ölkəmiz üçün olduqca böyük əhəmiyyəti daşıyır. Hətta xaricdən Azərbaycana baxış bucağının dəyişməsində də müstəsna rol oynaya bilər.

 

 

Əminliklə deyə bilərik ki, Qarabağda, xüsusilə Şuşadakı işğalın qalıqları ilə yaxından tanış olan soydaşlarımız xaricdə müxtəlif müstəvilərdə səfər təəssüratlarından söz açaraq, ermənilərin “yüz illik” yalanlarını lentə aldıqları kadrlarla, şəxsən topladıqları informasiyalarla növbəti dəfə ifşa edəcəklər.

 

İnformasiya savaşında üstünlüyü ələ alan diaspor fəallarımız bununla sözün əsl mənasında dünyanın gözünü aça bilərlər. Ona görədə diaspor nümayəndərinin Şuşa səfərinə sıradan baxmaq olmaz və bunun nəticələri yaxın zamanlarda özünü göstərəcək.

 

Şübhə yox ki, nəticə bizim üçün əlverişi olacaq və Azərbaycanın həqiqətlərini qəbul etməyə məcbur qalan xarici ölkə nümayəndələri, QHT fəalları, beynəlxalq diaspor təmsilçiləri kimin işğalçı, kimin də işğala məruz qaldığını qəbul etməli olacaqlar. Əlbəttə, təbliğat kampaniyasının nəticəsi bununla yekunlaşmır. Səfər zəngin olduğu qədər, Şuşa qeydlərinin bir çox ölkələrdə gündəmə gətirilməsi informasiya cəbhəsində düşmənə vurulan növbəti zərbə kimi xarakterizə olunmalıdır.

 

Dünya həm də onu görəcək ki, 30 illik münaqişəni 44 günə həll edən Azərbaycan Ermənistanın xarabalığa döndərdiyi Qarabağı cənnət məkana çevirmək iqtidarındadır və işğaldan azad edilmiş ərazilərimiz tezliklə dünyanın ən müasir və sivil yaşayış məkanları sırasında olacaq.

 

 

Ürək bulandırmağa nə ehtiyac vardı...

 

Təəssüflər olsun ki, belə əlamətdar məqamda bəzi şəxslər Şuşa səfərindən kənarda qaldıqlarını iddia edərək sosial şəbəkələrdə “tikanlı” statuslarla varlıqlarını yada salırlar. Bu günə qədər azərbaycanlıların, xarici ölkə vətəndaşlarının azad edilmiş Azərbaycan torpaqlarına səfərlərinə qarşı çıxan yalnız erməni terrorçuları olublar. Odur ki, soydaşlarımıza bu məsəldə ehtiyatlı davranmağı, erməni vandallarına bu və ya digər şəkildə dəstək olmamağı tövsiyə edirik.

 

Yoxsa bir azərbaycanlının Şuşa səfərinə digər azərbaycanlı niyə etiraz etsin ki...

 

Yaxşı olar ki, “niyə bizi aparmayıblar” deyə suallar yağdıran narazı diaspor nümayəndələri bu cür xoşagəlməz müzakirələr açmaq əvəzinə, enerjilərini ölkəmizin gerçək təbliğat işlərinə sərf etsinlər. İndi elə bir zamandır ki, bəzən bir nəfər sosial şəbəkələrdə onlarla təşkilatdan daha səmərəli iş görür.

 

Apardığımz araşdırmalar zamanı o da məlum oldu ki, Şuşaya səfərləri təşkil edilən şəxslər öz istəkləri və şəxsi vəsaitləri hesabına Azərbaycana gəliblər. Yəni, onlar dövlət xətti ilə Vətənə gətirilibməyib.

 

Digər bir məqam, narazılıq edən, incik düşənlərdən fərqli olaraq, Qarabağ səfərində iştirak edən həmvətənlərimiz istər Vətən müharibəsi dövründə, istərsə də sonrakı mərhələdə kifayət qədər aktiv fəaliyyətləri ilə seçiliblər və bu gün də informasiya savaşında ön yerləri tuturlar.

 

 

 

İkinci və ən vacib nüans:

 

Diqqətə çatdıraq ki, belə səfərlərdə hansısa fərdlərin sifariş və xahişləri deyil, dövlətimizin maraqları hər şeydən üstün tutulur. Bəli, hər kəsdən və hər şeydən...

 

Birməanlı şəkildə qəbul etməliyik ki, dövlətimiz və xalqımızın mənafeyi hamımız üçün ali olmalıdır, qətiyyən şəxsi maraqlar bunu üstələyə bilməz. Bu, hər bir azərbaycanlının həm vətəndaşlıq, həm də insanlıq borcudur. O ki qaldı, səfərə getmədi deyə, “od püskürənlərə”, əsassız tənqidlərə köklənmədən əvvəl bunları nəzərə almalı idilər. Belə yanaşma yanlış olduğu kimi, ziyanlı və təhlükəlidir.

 

Unutmamalıyıq ki, bizim missiyamız özümüzü, dövlətimizin qurumlarını əsassız yerə tənqid etmək yox, günahsız soydaşlarımızı qətlə yetirən düşmənə bütün meydanlarda qalib gəlmək, bu istiqamətdə səylərimizi birləşdirməkdir.

 

Anar RÜSTƏMOV

 

Yazı Medianın İnkişafı Agentliyinin yardımı ilə "Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi" mövzusu üzrə dərc olunub.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir