Modern.az

3 məzun yüksək bal topladı, 18 nəfər imtahandan qovuldu

3 məzun yüksək bal topladı, 18 nəfər imtahandan qovuldu

Təhsil

29 İyul 2021, 09:12

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə iyulun 14-15-də keçirilən qəbul imtahanları ilə bağlı statistik göstəriciləri açıqlayıb.

 

Modern.az-ın məlumatına görə, imtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 37 793 abituriyentdən (II qrup üzrə 16 758 nəfər, III qrup üzrə 21035 nəfər) 1767 nəfəri (II qrup üzrə 1021 nəfər, III qrup üzrə 746 nəfər) imtahanda iştirak etməyib.

 

İmtahanda iştirak edən abituriyentlərdən 18 nəfəri qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

 

Bu imtahanda II ixtisas qrupu üzrə ən yüksək nəticəni 400 bal toplayan 2 nəfər - Salyan rayonu, 4 saylı şəhər orta məktəbi və Bakı şəhəri, 192 saylı orta məktəbin məzunları göstəriblər. Salyan rayonu, 4 saylı şəhər orta məktəbin məzunu hər iki mərhələnin cəminə görə 691.2 bal toplayıb və bu nəticə II ixtisas qrupu üzrə ən yüksək baldır.

 

Bu imtahanda III ixtisas qrupu üzrə ən yüksək nəticəni 396.2 bal toplayan Bakı şəhəri, 323 saylı məktəbin məzunu göstərib.

 

III ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticə isə Sumqayıt şəhəri, 21 saylı orta məktəbin məzununa məxsusdur. O, imtahanın II mərhələsində 385.2 bal, I mərhələsində isə 294.8 bal, toplayıb. Beləliklə III ixtisas qrupu üzrə ən yüksək nəticə 680 baldır.

 

Xatırladaq ki, imtahanın I mərhələsində maksimal olaraq 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır.

 

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 30 iyul 2021-ci il tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 20%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi