Arxiv
29 İyul 2021, 10:50 | TƏHSİL
Rekordçu abituriyentin uğur sirri: “O kitabı oxumayaq…” 

Xəbər verdiyimiz kimi, II və III ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanlarının nəticələri açıqlanıb. Nəticələrə əsasən üç tələbə maksimum bal toplayıb. Onlardan biri 192 nömrəli tam orta məktəbin məzunu Mirsaleh Məmmədovdur. Ümumilikdə 670 bal toplayan abituriyent iki dəfə respublika fənn olimpiadalarında iştirak edib, gümüş və bürünc medal qazanıb.

 

Təəssüratlarını Modern.az-la bölüşən M.Məmmədov bildirib ki, qazandığı uğurun sirri çox çalışmaq deyil, imtahana düzgün hazırlaşmaqdır.

 

 “Son iki ildə repetitor yanına gedirdim. Müəllim yanına getməyimin səbəbi dərslərimə daha uyğun hazırlaşmaq, günlərimi düzgün bölmək idi.  Günün müəyyən saatlarında evdə dərs çalışırdım. Vaxtımı düzgün bölmək üçün özümə proqram qurmuşdum.  Asudə vaxtlarımda bədii  və elmi kitablar oxuyurdum, filmlər izləyirdim və idmanla məşğul olurdum”.

 

Yüksək bal toplayan Mirsaleh Azərbaycan Dövlət İqtisad Universiteti və ya Azərbaycan Diplomatik Akademiyasında (ADA) təhsil almağı arzulayır.

 

“Hər iki universitetin müsbət və mənfi  cəhətlərini dəyərləndirib seçim edəcəyəm. Uğurumun sirrini çox çalışmaqda yox, düzgün çalışmaqda görürəm. Zəif cəhətlərini bilib, onun üzərində çalışmalısan. Özümü inkişaf etdirməklə uğur əldə etdim.

 

Gələcəkdə imtahan verəcək gənclərə məsləhətim odur ki, dil  öyrənsinlər.  Çünki gələcəkdə yaxşı ali təhsil ala bilməsələr, universitetə qəbul olmasalar, dil onlar üçün mükəmməl fürsət olacaq. Gənclər özlərini inkişaf etdirməyi unutmasınlar . Dərslik oxuyaraq savadlı ola bilərik, ancaq  özümüzü inkişaf etdirərək ağıllı, müdrik insan olarıq. Bizə faydalı olan kitablar oxumalıyıq. Düşünməliyik ki, oxuduğumuz  kitab 5 il sonra bizə nə verəcək, əgər heç bir faydası olmayacaqsa, o kitabı oxumayaq”.    

 

Humay İsgəndərova

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv