Modern.az

Şeyxin məhkəməyə verdiyi saytın rəhbəri: “Qərardan şikayət edəcəyik”

Şeyxin məhkəməyə verdiyi saytın rəhbəri: “Qərardan şikayət edəcəyik”

29 İyul 2021, 14:18

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə “Yeni Sabah” saytını məhkəməyə verib.

 

Bu barədə Modern.az-a danışan saytın baş direktoru Elnur Məmmədlinin sözlərinə görə, iddiaya səbəb 24.02.2021-ci il tarixində Yenisabah.az-da dərc olunmuş “Şeyx lisenziya üçün rüşvət istəyir – ŞOK İDDİA” başlıqlı yazı olub:

 

“Yazıda Qazax rayonundan olan Xədicəxanım Hüseynzadə yeni tikdikləri Tövbə məscidinin qeydiyyata alınmamasından danışıb. O, açıqlamasında deyib ki, məscidin sənədləşməsi üçün QMİ-də mühüm vəzifədə çalışan Əlirza adlı şəxs onlara söz verib və əlavə 2000 min manat pul tələb olunub.

 

Həmin məqalə “Yeni Sabah”da RegionNews.az saytına istinadən dərc olunub. Açıqlama verən xanımın danışdıqları video formatında yazıya əlavə olunub”.

 

E.Məmmədli KİV haqqında qanunun 62-ci maddəsini xatırladıb və iddianı haqsız olduğunu bildirib:

 

“Maddəyə əsasən “digər kütləvi informasiya vasitələrindən götürülmüş və təkzib olunmamış” xəbərin yayılmasına görə redaksiya heç bir məsuliyyət daşımır.

 

Qafqaz Müsəlmanları İdarəsinin qaldırdığı iddia üzrə Sabunçu rayon məhkəməsində hakim Tahirə Əsədovanın sədrliyi ilə keçirilən iclasda dünən yekun qərar qəbul olunub. Məhkəmə idarənin iddiasını təmin edib.

 

Hakim qanunun “Yeni Sabah” saytını bu məsuliyyətdən azad etməsi ilə bağlı arqumenti nəzərə almayıb. Amma QMİ-nin nümayəndəsi “RegionNews.az KİV deyil, ona görə ki, rəsmi qeydiyyatdan keçməyib” kimi absurd bir ifadəni qanunun tələbi kimi qəbul edib. 

 

Hakim QMİ-nin vəkilinin dediyi tələbin qanunda olub-olmaması ilə maraqlanmayıb. “Qanunda KİV-də yayılmış məlumatlara görə istinad materialları məsuliyyətdən azad olunur. Sizin istinad etdiyiniz mənbə isə rəsmi qeydiyyata alınmadığı üçün KİV deyil. Siz də KİV olmayan mənbəyə istinad etdiyinizdən məsuliyyətdən azad olunmursunuz” kimi cümlə quraraq hökm verib.

 

Məhkəmənin bu absurd qərarı ilə bağlı “Yeni Sabah” apelyasiya şikayəti verəcək”. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü