Modern.az

Kəlbəcərin hədəf seçilməsinin səbəbi - Sabiq nazir ŞƏRH EDİR

Kəlbəcərin hədəf seçilməsinin səbəbi - Sabiq nazir ŞƏRH EDİR

Aktual

30 İyul 2021, 09:01

Ötən il 44 günlük Vətən müharibəsində Azərbaycan ordusu tərəfindən darmadağın edilən Ermənistan silahlı qüvvələri yenidən “canlanmağa” başlayıb. Atəşkəs razılaşmasını heçə sayan erməni tərəfi xüsusilə Kəlbəcər istiqamətində təxribatlara əl ataraq, dövlət sərhədində vəziyyəti gərginləşdirməyə çalışır.

 

Məğlub Ermənistanın 10 noyabr bəyanatına zidd olaraq atəşkəsi pozması regionda sülh və təhlükəsizliyi aşkar şəkildə təhdid altına alır. Nədənsə, ATƏT-in Minsk qrupu və digər güclər Yerevanın təxribatlarına göz yumaraq, heç nə olmamış kimi davranırlar. Bu isə gərginliyi daha da alovlandırır.

 

Prosesləri incələyəndə ortaya bir çox suallar çıxır: Niyə Kəlbəcər hədəf seçilib? İrəvanın sərhəd oyunu nəyə hesablanıb?

 

Sərhəd təxribatlarının səbəbləri barədə Modern.az-a danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov prosesin Ermənistanda parlament seçkilərindən sonra məqsədli şəkildə çətinləşdirildiyini bildirib. Onun fikrincə, İrəvan hakimiyyəti bununla regiona yeni oyunçular cəlb etməyə can atır.

 

“Ermənistanın baş naziri Nikol Paşinyan və komandası seçkidən sonra bəyan etdi ki, onlar yenidən Qarabağa iddia edib, yeni şəraitdə bu siyasəti davam etdirmək niyyətindədir. Bu səbəbdən Paşinyan sülh sazişinə qol çəkməkdən imtina edib. Ermənilər bu siyasətin davamının təhlükəli olacağını dərk edirlər. Bilirlər ki, Azərbaycan ordusunun qarşısında acizdirlər, Qarabağa yenidən iddia etmək siyasətini həyata keçirə bilməyəcəklər. Belə olan halda, hansısa beynəlxalq oyunçuların regiona müdaxilə edib, sərhəddə müşahidəçilik etməsini hədəfləyirlər. Beləliklə, sərhəddə təxribatları artırmaqla diqqət çəkmək, onların istəklərinə müsbət yanaşacaq beynəlxalq təminatçını öz siyasətlərinə daxil etmək istəyirlər”.

 

T.Zülfüqarov hesab edir ki, ermənilərin Rusiyaya etibarı azalıb:

 

“Onlar əmin deyillər ki, nə isə olsa, ruslar gəlib, erməniləri müdafiə edəcək. İndiki mərhələdə ermənilər üçün ideal vəziyyət qərb oyunçularını regiona cəlb etmək olacaq. Bu sahədəki missiyası qərbdən təşkil olunmuş beynəlxalq qüvvələrin sərhədə gəlməyini istəyirlər”.

 

Atəşkəsin Kəlbəcər istiqamətində tez-tez pozulmasına diqqət çəkən sabiq XİN rəhbəri bunun məqsədli şəkildə həyata keçirildiyini vurğulayıb:

 

“İndiki mərhələdə Kəlbəcərin kommunikasiyaları sabit deyil. Azərbaycanın hərbi gücü və texnikanı ora aparmaq üçün müxtəlif imkanlardan, o cümlədən Ağdərədən keçən yoldan istifadə etməyi labüddür. Ermənilər bunu nəzərə alaraq, düşünürlər ki, guya o istiqamətdə Azərbaycanın imkanları azdır. Təxribat məqsədilə Kəlbəcərin seçilməsinin səbəbi budur. Amma yanaşma yanlışdır. Azərbaycan ordusunun sahib olduğu bir çox silahın imkanları kifayət qədər genişdir, silahlarımız elə saxlandığı yerdən, uzaq məsafədən düşmənə sarsıdıcı zərbələr endirə bilər. Ermənilər həmişəki kimi kor-koranə təxribat yaradır, onun acı nəticələrini hiss edirlər”.

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi