Modern.az

Şamil Ayrım: “Şuşa bizi heyrətləndirdi”

Şamil Ayrım: “Şuşa bizi heyrətləndirdi”

Qarabağ

30 İyul 2021, 10:29

Ötən gün Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysərin rəhbərlik etdikləri nümayəndə heyətləri Şuşa şəhərinə səfər ediblər. 

 

Səfər çərçivəsində nümayəndə heyətləri Şuşa şəhərindəki bir sıra tarixi, dini-memarlıq abidələrini və digər məkanları ziyarət ediblər. 

 

Qonaqlar işğal dövründə erməni vandalizminin nəticələri, həmçinin Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhərində həyata keçirilən bərpa və yenidənqurma işləri ilə tanış olublar. 

 

Bəs parlament üzvləri Şuşadan hansı təəssüratlarla qayıdıblar?

 

 

Türkiyə-Azərbaycan Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, AKP-nin İstanbul millət vəkili Şamil Ayrım Bakıda keçirilən görüşlər və Şuşa səfəri barədə Modern.az-a danışıb.

 

 Türkiyəli millət vəkili bildirib ki, “Bakı Bəyannaməsi” ölkələrimiz arasında əlaqələri daha da gücləndirəcək:

 

“Azərbaycan, Türkiyə və Pakistanın parlament sədrlərinin iştirakı ilə keçirilə görüşdə “Bakı Bəyannaməsi” imzalandı. Görüş yekunlaşdıqdan sonra parlamentlərdən ibarət üç heyət Şuşaya səfər etdi. 44 günlük Vətən müharibəsindən sonra bildiyimiz kimi, Türkiyə və Azərbaycan arasında “Şuşa Bəyannaməsi” imzalanmışdı. Bu, ölkələrimiz arasında tarixi bir ilkdir. Bakıda imzalanan üçtərəfli sənəd isə Azərbaycan, Türkiyə və Pakistanın əlaqələrini daha da möhkəmləndirəcək. Hədəfimiz bütün sahələrdə inkişafın əldə edilməsidir. Həmçinin bu bəyannamə üç ölkə arasında qarşılıqlı əlaqələr üçün çox vacibdir”.

 

Daha sonra azad olunmuş ərazilərə səfərdən söz açan Şamil Ayrım qeyd edib ki, Şuşa Azərbaycanın mədəniyyət mərkəzi və Qarabağın incisidir:

 

“Şuşa bizi heyrətləndirdi. 30 il işğalda olan torpaqların azad edilməsi həm Azərbaycan, həm də Türk dünyası üçün böyük uğurdur. Şuşa gələcəkdə türk dünyasının mədəniyyət mərkəzi olacaq.

 

Səfər çərçivəsində Şuşanın bir çox yerin ziyarət etdik. Günorta namazını Yuxarı Gövhər Ağa məscidində qıldıq.

 

Mən bundan öncə də Şuşada səfərdə olmuşdum. Həmin vaxt yollarda təmir işləri gedirdi. Hazırda təmir prosesi davam edir. İşlərin sentyabrda yekunlaşacağı gözlənilir.

 

Qarabağda quruculuq işləri aparılarkən paralel olaraq minalı ərazilərin təmizlənməsi də sürətləndirilib. Ermənilər mina xəritələrini verməkdən imtina edirlər. Xəritələrin olmaması quruculuq işlərində vaxt alır. İnanıram ki, Azərbaycanın qurduğu model digər bölgələrdə də tətbiq ediləcək”, - deyən türkiyəli deputat Şuşadan xoş təəssüratlarla qayıtdığını söyləyib.

  

Aysel Məhərrəm

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!